пятница, февраля 08, 2008

İNANARAQ FƏTH EDƏNLƏR

İnsan sirli və əsrarəngiz bir varlıqdır. Bəşər tarixi boyu insan övladına endirilən ilahi kitablara nəzər salsaq, insanın həm tərif və təşviq olunduğunu, həm də məzəmmətlənib danlandığını görərik. O, bəzən mələklərdən üstün, bəzənsə hətta dördayaqlı heyvanlardan belə aşağı səviyyəyə endirilir. Quran insanın öz istedadı sayəsində təbiətə hakim ola bilməsini və mələkləri ixtiyarı altına ala biləcəyini, çirkin əməlləri nəticəsində isə bu dünyada zillətə, axirətdə isə cəhənnəmin ən aşağı təbəqəsinə düşə biləcəyini bəyan edir.
Allah yer üzünün əşrəfi təyin etdiyi insana digər məxluqatdan fərqli ağıl və şüur lütf etmişdir. Məhz bu ağıl və şüurun vasitəsilə insan özünü Allaha itaətdə dərk edir. Əgər o, Allahını unudarsa, özünü unudar, kim olduğunu, nə edəcəyini, hara doğru gedəcəyini bilməz.
İnsanın batinində Allahı dərk edən qüvvə vardır. Hər bir kəs Allahı tanıma fitrətinə malikdir və yalnız Allahı yad etməklə rahatlıq tapar. Çünki insanın istəkləri sonsuzdur. Allahın müqəddəs zatindan başqa qazandığı hər şeydən doyur və uzaqlaşmaq istəyir, sonra anlayır ki, istədiyi yeganə şey Allahın müqəddəs zatına qovuşmaqmış. «Rəd» surəsinin 28-ci ayədə buyurulduğu kimi "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramliq tapar".
İnsan yaşamaqçün yeməyə və içməyə ehtiyaclı olduğu kimi, inanmağa da ehtiyaclı olaraq doğulmuşdur. Bəzən unuduruq ki, acmağımız, susamağımız çörəyin və suyun mövcudluğundan xəbər verdiyi kimi, inanmağa olan ehtiyacımız da sonsuz qüdrət sahibi uca Yaradanın varlığından xəbər verir.
Lakin onlar unutmadılar, unutmadıqları üçündür ki, inandılar və zirvələri fəth etdilər.
Thomas Edison Alva da Yaradanına inanaraq geriyə milyardlarla insanın dua edəcəyi şərəfli bir keçmiş qoymuşdur. Elektriki kəşf etdi. Biz bu gün qaranlıq gecələrimizi bir düyməyə basmaqla aydınladırıq, amma keçmiş tarixlərdə insan oğlu axşam olub qorxunc qaranlıq üzərinə çökdüyü zaman ona qarşı qoyacaq bir güc axtarmışdır. Bu gücü Edison yorulmadan 200-dən çox maddə üzərində təcrübə apararaq, illər sürən əməyinin nəticəsi kimi 1879-cu ildə ixtira etmişdir.
Allaha inanan namuslu bir insan idi o. Kəşflərinin altında yatan sirr bu idi, desək yanılmarıq. Fonoqrafı "səs qeyd edən cihazı" ixtira edəndə ilk yazdığı söz: "Qalx və Rəbbinə yönəl" sözü olmuşdur.
Etdiyi bu ixtira barəsində ondan soruşulanda, bunun otların torpağı yarıb yer üzünə çıxması qədər mükəmməl bir kəşf kimi olmadığını söyləmişdir.
Gecələr qalxar, göy üzünə baxar, Uca Yaradanın ehtişamı qarşısında heyrətlənib ona sığınardı.
Aşağıdakı fikirləri ilə məşhur olan İsaak Nyutonu da bu sıraya aid etmək olar: "Məncə kainatdakı nizam-intizam ancaq gücü hər şeyə çatan bir Zatın iradə və qüdrətindən qaynaqlanır. Allah əbədi və sonsuzdur. O, zaman və məkan deyildir. Özümü çox bəxtiyar hiss edirəm, çünki bir yaradanın olduğunu, onun bizə nələr verdiyini və bizim də gərək Ona, gərəksə bir-birimizə qarşı nə kimi öhdəliklər daşıdığını açıqca görməyi bacarıram. Keçmişdə yalançı tanrılara inananlar həqiqətlərə gözlərini bağlamasaydılar, günəşə, aya, ölmüş atalarına sitayiş kimi boş inanclar yerinə gerçək bir yaradana inanmağı öyrənərdilər".
Nyuton kilsənin bir çox qanunlarına qarşı çıxırdı. Məsələn, təslis inancını qəbul etməyərək deyirdi: "Belə bir şey olmaz! Bu fikirlər müqəddəs İncilin təhrifindən başqa bir şey deyildir. Allah birdir, İsa isə onun qulu və elçisidir". Belə dedikcə kilsə onun üzərinə daha çox hücum çəkirdi.
Ağacdan Nyutonun başına düşən alma əhvalatı hamıya məlumdur. Bunun nəticəsidir ki, o, Yerin cazibə qanununu kəşf etmiş və bu kəşfinə görə Uca Yaradana xüsusilə borclu olduğunu dilindən heç düşürməmişdir. O, ömrünün son zamanlarını dini ədəbiyyat oxumaqla keçirmişdir. Ölümündən sonra belə şəxsiyyəti və varlığı daim xatırlanaraq, insanlığa xidmət edən kəşflərin atası sayılmışdır.
Luis Pasteu (Paster): İnanclı bir ailədə dünyaya göz açmışdır. Ailəsi ona mənəvi əxlaqının zənginləşməsi üçün daim peyğəmbərlərin həyatlarındakı nümunələrdən örnək göstərirdi. Dövrünün sağalmaz xəstəliklərindən sayılan quduzluğun çarəsini tapmışdır. Dərdi verən Allah dərmanını da verər düşüncəsi ilə "Əgər quduz mikrobu varsa onu yox edən bir canlı da vardır" deyərək ciddi-cəhdlə işə başlamışdır.
Müvəffəqiyyətinin sirrini soruşanları bu cür cavablandırmışdır: "Gözəl düşünmək, çalışmaq, təklik və dua". Gənclərə həmişə aşağıdakı tövsiyələri verərmiş: "Ucalmaq istəyirsinizsə, uca Allahın yaradılış sirrini öyrənin. Çətinliklərlə qarşılaşanda isə peyğəmbərlərin çəkdikləri çətinlikləri yadınıza salın. Bunlar sizin uğurlarınızı doğru yola istiqamətləndirir".
Mohandas Mahatma Qandi dünyadakı ilk sivil qarşıdurma hərəkatını başlamışdır. Təhqir olunan "toxunulmazlar"ın və müsəlmanların haqlarını qorumuş, bu yolda günlərlə oruc tutub Allaha dua etmişdir. Qandi onu yaralayan bir insanı bağışlayacaq qədər geniş bir ruha sahibdi.
İnqilabının ən parlaq səhifəsi hind toplumunun sinif anlayışının ictimai şüurda yerlə bir etməsi olmuşdur.
Hind uşaqlarına ərəbcə öyrənməyin zəruriliyini söyləyərdi. Vəkil kimi müsəlman bir ailənin haqlarını qoruyarkən islamla tanış olmuş, Quranı başdan sona oxumuşdu. Davasını üzərinə götürdüyü müsəlman ailəyə davamlı olaraq «Hud» surəsinin 116-cı ayəsini oxuduğu söylənilirdi. Bu ayə belədir: "Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar isə onlara verilmiş nemətə uydular və günahkar oldular".
Qandinin mücadiləsinə diqqət yetirsək, onun Qurandan ədalət, barış, insanlıq, bərabərlik və s kimi mövzularda olan ayələrin çıxarılaraq çoxaldılıb insanlara paylamasının şahidi olarıq. Qandi aşağıdakı fikirlərlə adını yaddaşlara həkk etmişdir: "İnandığı kimi yaşayanlar düşmənlərini belə özlərinə heyran qoyur, inandığı kimi yaşamayanlar isə bir müddət sonra yaşadığı kimi inanmağa başlayırlar. Daha sonrakı dövr isə günahların halallaşmağa başladığı dövrdür. Bu dövr isə düşmənin nifrətini daha da çoxaldar". Bir zamanlar "O,ən kiçik bir hadisədə oruc tutur, siyasətlə ilahiyyatı qarışdırır" deyənlər belə hətta onun düşündüyü kimi yaşayan, kütlələri bir əl hərəkəti ilə təsirləndirən insan, heysiyyatlı və izzətli bir alim olduğunu qəbul etmişdilər. Qandi ölərkən belə üzü gülümsəmiş və dodaqlarından bu kəlmələri heç düşürməmiş:"Uca Tanrı!"
Əziz oxucu, burada inanaraq zirvələri fəth edənlərdən yalnız bir qisminin adını verməklə kifayətləndik. Ancaq tarixə nəzər salsaq, hər bir kəşf və ixtiranın haqsızlıqla mübarizələrdə qazanılmış uğurların arxasında mütləq inanclı bir şəxsin durduğunun şahidi olarıq. Dünyanın elm, tarix, ədəbiyyat, fəlsəfə, siyasət, mədəniyyət və sənət həyatına yön verən belə insanların həyatı bizə, hansı şərtlərdə də olsaq, çətinliklərin öhdəsindən gəlmək və qazanmaq üçün bir səbəbimiz olduğunu göstərir. Bu səbəb Allaha olan inamımızdır. Əgər biz də Allahı layiqincə dərk edib inanaraq çalışarsaq, niyə bizim adlarımız zirvələri fəth edənlərin sırasında çəkilməsin???

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Aysel Kərimova




2 комментария:

bikexanim комментирует...

Cox maraqli oxunaqli meqaledir

Unknown комментирует...

Faydali, melumatlandirici meqaledir. istenilen kutle ucun maraqli olar mence. Allah razi olsun.