суббота, февраля 16, 2008

İÇƏRİSİ SÖKÜLƏN ŞƏHƏR

və ya merə ilgili məsləhətlər

“Biri var idi, biri yox idi. Mənim balam, gördüyün bu yerdə İçərişəhər adlı qədim yaşayış kompleksi var idi. ”
Yəqin, bir müddət sonra biz övladlarımıza İçərişəhəri bu cür nağılvari cümlələri özündə əks etdirən sözlərlə anladacağıq. Ya da təmirə dayandırılmış hər hansı yerin ətrafına çəkilmiş qoruyucu lövhələrin üzərinə vurulu iri şəkillərdə eyni yuxarıda qeyd etdiyim cümlələri, yəqin, başqa formada yeritməyə çalışacağıq. Yazıq uşaq da bilməyəcək babasının, ya valideyninin anlatdığı İçərişəhər, doğrudan da, olubmu? Çünki ona məktəbdə nağılları şifahi xalq ədəbiyyatının və xalqın görmək istədiyi utopik düşüncə tərzinin nümunəsi olduğunu öyrədirlər.
Üstəlik 21-ci əsr texnologiya əsridir. Bu dövr uşağını nağıllar deyil, reallıqlar maraqlandırır. Yəqin ki, biz bu nağılları uşağa danışdığımız, hələ lovğalanaraq özümüzü tarixin canlı arxivi hesab etdiyimiz və qəlbimizdə qururlandığımız anda uşaq bizim danışdıqlarımıza gülünc, özümüzə isə kəmağıl kimi baxacaq. Bu cür kinayəli baxışların ağırlığını üzərimdə hiss edib üzümü tez İçərişəhərə tutdum ki, vəziyyətin reallığını öyrənim.
Məni ilk qarşılayan “Qız qalası” oldu. Ona baxar-baxmaz beynimdən dərhal “bunun yerində yaxşı “novostroyka” çıxar “ fikirlərini keçirdim. “Üstəlik ponoraması da dənizə. Amma içərisinə bir qədər əl gəzdirib səfirliklərə vermək də pis olmazdı. Mən ölüm, bilirsən nə pul qazanmaq olar? Sonra da get nə bilim Avropanın harasında istəsən yaşa. Lap, istəsən Kanadanın buz otellərində sakin ol. ”Lənət şeytana, axı, mən bura başqa məqsədlə gəlmişdim. Məni qınamayın. Lətifəsi bizdən uzaq “atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar” deyib atalarımız. Bu fikirləri başımdan atıb bir qədər də irəlilədim. İçərişəhərin dalanları, qədim küçələri ilə dolaşdı. Uzun illərdən bəri bağlı olan memarlıq abidəsinin açılmaması səbəbini soruşduqda, bildirdilər ki, Sakit okeandakı Marian çökəkliyindən çıxarılacaq mərmərlə bəzənəcək deyə, təmir qurtarmır ki, qurtarmır. Yenə qədim bilgilərimi saralmış beynimdə işə salıb dedim ki, a kişi, Marian çökəkliyinə exolotla səs göndərib güclə dərinliyini ölçürlər. Göndərəndə də səs “geri qayıtmır”. Cavab verdi ki, sən yaman əlləm-qəlləm adama oxşayırsan ha. Elə bil, orta əsrlərdən qalmısan (halbuki, özü V.Hüqonun “Səfillər”indəki küçə qəhrəmanlarına bənzəyirdi). Sənin xəbərin yoxdurmu ki, neftçilərimiz uzunmüddətli müqavilə şərti ilə artıq Marian çökəkliyindən neft çıxaracaqlar? Di, get başımdan.
Bu qocaya matdım-matdım baxıb “bərəkallah”- dedim. Bəlkə, bu xəbərlərdən heç Azneftin də xəbəri yox idi. Ayrıldım. Beynim yaman qarışmışdı. Sən öləsən, mən qalım bu fransızlardır, firənglərdir, nə bilim daha kimlərdir bunların, deyəsən, başı xarab olub. Əəə, bu informasiya əsrində bizimkilərdən niyə xəbər tutmayıblar? Niyə əlaqə qurmurlar ki, bizimkilər gedib Bastiliyanı-zadı abıra salsınlar? Hələ, bəlkə, neft də taparlar orda. Sonra Bastiliyanı söküb yerində qosqoca qüllə ucaldarlar. Bu yarışülküt kişi mənə bizimkiləri elə bəlağətlə təbliğ etdi ki, beynimə “ağıllı” fikirlər gəlməyə başladı. Hələ qeyd etdiklərim də son deyil. İçərişəhəri dolandıqca ağlıma maraqlı bir sual da gəldi. Nə əcəb balam, qədimdən yerə döşənmiş bu daşları çıxarıb yerində palma, banan ağacı əkmirlər? Üstəlik, neftimiz də var. Olardıq banan ölkəsi, Afrika ölkəsi, ərəb ölkəsi, nə bilim daha nə?
Sonra özümü dümsükləyib ayıltdım ki, axı, biz Avropaya inteqrasiya edirik. Elə o səbəbdəndir ki, köhnələri söküb təzələri ilə əvəz edirik. Necə deyərlər, yevrostill tikililərlə. Ona görə də İçərişəhəri başdan ayağa ispan parketi ilə döşəmək, məncə, pis olmazdı. Artıq sürətini ölçə biləcək cihaz olmadığı dərəcədə modernləşirik. Hətta firənglərdən də sürətlə. Mən bizim bu mədəni inkişafı bilmirəm hansı səviyyəyə qoyum. Yüz faiz postmoderni geridə qoymuşuq. Biz artıq post-postmoderni yaşayırıq. Hətta sürət o qədərdir ki, yazıq dilçilərimiz hələ bu mərhələyə imkan tapıb ad verə bilmirlər. Ona görə «post»u iki dəfə işlətməyə məcburuq. Əziz dilçilər, bəlkə, vaxtdır, siz də öz tövhənizi dünya linqvistikasına verəsiniz. Nə vaxta kimi sözləri də alacağıq? Bu da iqtisadiyyatla, sənayenin inkişafı ilə bağlı deyil ki, kənardan alaq. Amma deyirəm, nə yaxşı oldu, bizim indiki mədəni inkişaf mərhələmiz dünyanın heç bir ölkəsində yoxdur. Bəlkə, indi dəbərib bir şey edəsiniz. Öz aramızdı, bu kişilər də (kişi sözünü mətndə ancaq cins mənasında işlətmişəm) bilir necə hərəkət etmək lazımdır, ha. Görürsən, elə addım atıb Bakının anası ağlayıb. Həəə, yaman «rovzəxandı» bizim mer.
Əlqərəz, bu modernləşməni gördükcə daha da həvəsləndim, ürəyim dağa döndü və ruhən modernləşməyə doğru irəlilədim. Yenə beynimə düşdü ki, merə modern üstü bir ideya yazım. İstədim yazım ki, cənab mer cənabları, (özü bu tipli sözləri kiməsə dalbadal düzməyi sevdiyi üçün mən də hörmətən belə etdim. Atalar demiş: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Həə, çox mərifətli adamdı) siz belə bir yenilikçi təfəkkürlə, nə əcəb, İçərişəhəri əhatə edən qala divarlarını nəzərdən qaçırıbsınız? Əminəm ki, deyəcəyim sözlər sizin fikrinizdə çoxdan var. Sadəcə təvazörkalığınız imkan verməyib ki, həyata keçirəsiniz. Ay meeer, gəlsənəm, qala divarlarının üstündə elə bir yaşayış kompleksi, yəni “novostroyka” demək istəyirəm tikək ki, dünya tamaşaya dursun. Möhkəmliyinə görə “Ginessin rekordlar kitabı”na da düşər. Həm ev satıb pul qazanmaq olar, həm də dünya gəlsin seyrinə pul qazanmaq olar. Həm də bununla hökumətə sübut etmək olar ki, iş necə olur, iqtisadiyyat necə qaldırılı. Təqaüdə də göndəriləndə, səfirdən-zaddan edərlər.
Bu fikirləri beynimdə çeynəyə-çeynəyə çıxdım düz şəhərə. Amma daxilimdə bir narahatlıq var idi. Dədə-babası belə bir mədəniyyət yaratmış xalqın yenidən öz tarixinə, kimliyinə, genofonduna qayıtması problemi məni yaman düşündürürdü. Elə bu pessimizmin təsiri altında həmin o fikirləri əks etdirən məktubu yazmaq fikrindən vaz keçdim. Amma düşündüm ki, başqa bir məzmunlu məktub yazım. İstəyirəm yazım ki, a kişi, nə özünü həlak edirsən bu millətin yolunda! Onsuz bunlar yaxşılıq-zad başa düşən deyil. Bunlar nə bilir «yevrostil» nədir! Öz soyuna-kökünə bağlıdır eee bunlar, heç nəyi və heç kəsi unutmurlar. Geci-tezi var, hər şey öz yerini tutacaq. Sən öz sağlamlığının qeydinə qal.
P.S. Bizlərdən hər birimiz bir gün keçmişə çevriləcəyik. Ən azı özümüzə hörmətimiz varsa, keçmişimizə hörmət edək. Çünki, biz insanlığımızla necə davranıb miras qoyacayıqsa, onlar da bizim miraslarımızla o cür davranacaqlar.

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Eynal Qardaşov






2 комментария:

bikexanim комментирует...

meqalede satira ve tenqid hedden artiqdir

mehdi комментирует...

SALAM!yaxshi yazidir.USLUBUNA ESASEN satira ve tenqidleri de pis deyil.lakin EHTIMAL KI, CUME EHLInden savayi kimse anlamayacaq ki, hansi memarliq abidesinden sohbet acilir. ola biler bu muellifin uslubundan ireli gelir.Mene maraqlidir, goren MUELLIMIMIZ bu haqda nece dushunur? ALLAH KOMEYINIZ ALSUN.