Siz heç dərsini pis hazırlayan azyaşlı şagirdin halıyla tanışsınızmı? Müəllim jurnaldakı adlara göz gəzdirdikcə “kaş məni cağırmasın”, “kaş mənim adımın üstündən keçsin”, “kaş zəng tez vurulsun” sözlərini dönə-dönə təkrar etməsi hissləri çoxumuza tanışdır yəqin ki. Bəlkə də o şagirddən “Sən bu gün dua etmisənmi?”- deyə soruşsalar düşünmədən “xeyr” deyə cavab verər. Həqiqətdə isə o, özü də fərqində olmadan çətinə, dara düşəndə dua etmək halətini yaşayıb.
Dua nədir ki, insanlar dinindən, etiqadından, irqindən, milliyyətindən asılı olmayaraq ömür boyu bunu icra edirlər? Dua etmək ehtiyacı hamıda var. Çünki, bu bir fitri tələbatdır ki, insan daim onu ödəməyə çalışır. Dua ehtiyaclının ehtiyacsıza, kiçiyin böyüyə, zəifin güclüyə üz tutması və ondan kömək istəməsidir. Bu baxımdan dua etmə bütün insanlara xasdır. Insan fitrətən tapınan, sığınan kimi yaradıldığından bu, onun yaradılışından qaynaqlanan bir hissdir. Ona görə də tapındığı varlığın kimliyindən və necəliyindən asılı olmayaraq, onda agah və ya naagah şəkildə bu yönəliş və rabitənin olması təbiidir. Dua çox zaman tək icra olunsa da, mütləq qarşı tərəfin olması zərurətini doğurur. Çünki bu ilahi prosesdə insanin yönəldiyi bir varlıq olmalıdır.
HARA YÖNƏLƏK? KIMDƏN ISTƏYƏK?
Dua ərəb sözü olub - dəvət etmək, çağırmaq mənasını verir. Buna görə də çağrılan varlığın zamandan, məkandan, məsafədən asılı olmayaraq mütləq eşitmə istedadı olmalıdır. İmdad istənilən varlıq hər zaman köməyə gəlmə, ehtiyacları ödəmə qüdrətinə malik olmalıdır. Həmçinin insan təşəkkür etdiyi, minnətdar olduğu varlığın duasının həyata keçməsində bütün vasitələrin fövqündə dayandığını və hətta o vasitələrin də var olmasının ona bağlı olduğunu yəqin bilməlidir.
Nazilolma səbəbi hidayət yolunu göstərmək və həqiqi yönəliş hədəfini tanıtmaq olan Qurani-Kərim bu məsələdə də bizə doğru yolu göstərmişdir.
“Bəndələrim Məni səndən soruşanda (söylə ki), “Mən onlara yaxınam, dua edib Məni çağıranın duasını qəbul edərəm, gərək onlar da Mənim cağırışıma əməl edib, Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar”. («Bəqərə»,186.)
Ayəni təhlil etsək, gorərik ki, burada mutləq eşitmə, zamanı, məkanı aşan mutləq yaxınlıq və istənilən halda ehtiyac ödəmə qüdrəti acıq-aşkar bəyan edilmişdir. Diqqət etsək görərik ki, Quranın bir çox ayələrində Özünü “Biz” deyə tanıtdıran Allah Təala bu ayədə bəndə ilə Özü arasında heç bir vasitə, fasilə, maneə göstərmədən bəndəsini “Mənim Bəndəm”, “Mən yaxınam”,”Məni çağırsınlar”, “Mən qəbul edərəm” - deyə rabitəyə, söhbətə dəvət edir.
DUA MƏDƏNIYYƏTI
İnsan öz mövcudiyyətinin səbəbinin fərqində olsa, əsl “dua etmə” halını tapar. Yəni vücudunu hər an yönəldiyi varlıqdan alan, var olmasının davamlılığını əl açıb üz tutduğu Rəbbinin daim ona vucud ötürməsini bilən bəndə, təbii ki, dualarında acizanə, yalvarışlı bir halda olacaqdır.
«Səhər-axşam yalvararaq, qorxaraq ürəyində səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma!». («Əraf», 205)
Insan təbiətən səbirsiz olduğundan duasının tez qəbul olmasını istər. Ona görə də gec həyata keçən və ya ümumiyyətlə heç həyata keçməyən arzularına görə “bəs niyə”, “istədim alınmadı”, bəlkə eşidilmədim” - deyə şəkkə düşərək daxilən üsyanlar edər. Burada da sevimli Peyğəmbərimizin dilindən soylənən bir hədis insana boyuk təsəlli verərək nəinki duaların eşidilməsində, hətta qəbul olunmasında belə əminlik və yəqinlik yaradır. Qiyamət günü qəbul olmayan dualar insana bəzəkli xonçalarda təqdim olunar. Insan təəccüblə, «bu nədir?» - deyə soruşanda, «bu sənin dunyada qəbul olmayan dualarının əvəzidir» -deyiləcək. Bu gözəllik qarşısında insan - “Ey kaş ki, dunyada heç duam qəbul olunmazdı” - deyəcək.
Buna görə də bəndə dualarında səmimi, israrlı və səbirli olmalıdır. Dar zaman cərcivəsində düşünən, gələcəkdən bixəbər olan insan onu yaradanın onun üçün nəyin həqiqi xeyir, nəyin ziyan olduğunu daha yaxşı bildiyini nəzərə alaraq arzularının yerinə yetməsini Allahın məsləhətinə buraxmalıdır.
Həzrət Peyğəmbərdən (s) nəql edirlər: «Allah Təala belə buyurur: «Hər kəs yalnız Mənim zərər və xeyir çatdırmağımı bildiyi halda, Məni çağırsa, duasını qəbul edərəm».
NƏ ISTƏYƏK?
Biz nə istədiyimizi təyin etdiyimiz kimi, nə istədiyimiz də bizim daxili dünyamızı təyin edir. Insan ardınca olduğu, hədəf bildiyi şeyləri əldə etmək üçün dua edir. Kimisi yalnızca mal, mülk, bu dunya ilə məhdudlaşan xoşluqlar, kimisi günahlarının bağışlanmasını, kimisi isə Allaha yaxınlaşmağı və istədiyi hər bir şeyin, hətta dünyəvi nemətlərin də Allaha yaxin olmağa xidmət etməsi üçün dua edir.
Deməli, insanın Rəbbindən nə istədiyini onun ruhi halını, mənəvi səviyyəsini təqribən təyin edən meyar kimi qəbul etmək olar.
Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
(Füzuli, «Leyli və Məcnun»)
Bu, ilahi eşqdən dəli olub Məcnun ləqəbini qazanmış Qeysin, atasının ona - “dua et, dua et ki, bu eşqdən qurtulasan” deməsinin muqabilində etdiyi duadir. Bu, Rəbbini sevməkdən ləzzət alan bir aşiqin duasidir.
Həzrət Əli (ə) «Mövlam» duasında deyir: «Mövlam, ey mövlam! Sən varlığımın sahibisən, mən isə sahib olunan, sahib olunana sahib olandan başqa kim mərhəmət edər? Mövlam, ey mövlam! Sən hidayət edənsən, mən isə sapan, sapana hidayət edəndən başqa kim mərhəmət edər? Mövlam, ey mövlam! Sən güç sahibisən, mən isə imtahan edilən, imtahan edilənə güç sahibindən başqa kim mərhəmət edər?».
Həzrət Əlidən gələn (ə) «Kumeyl» duasında belə bir yer var: «Axı bəndələrinə Sənə ibadət etmək hökmü vermisən, Sənə dua etməyi onlara buyurmusan, onların duasına cavab verməyi zəmanət vermisən. Ona görə də, ya Rəbb, üzümü Sənə tutmuşam.
Ey tez razılıq verən Allah! Duadan başqa əlində başqa bir şeyi olmayanı bağışla. Axı Sən istədiyini edə bilənsən».
Bu, Rəbbi qarşısında ən aciz, nəfsi qarsisinda çox hökmran, Rəbbi qarşısında ən zəif, insanlar arasinda ən qüvvətli cəngavər, dünyasını boşamiş, axirət azuqəsini toplamış, eşqindən ləzzət aldiğı məhbubunu gözəl adlarla səsləyən bir bəndənin - imamət günəşinin ilk nuru İmam Əlinin (ə) ümid, səbir, yalvarış, ixlas və sevgi dolu duasıdır.
Layiq olub-olmasan da sənə Rəbblik edən, sənə ruzi yetirən, fərqində olub-olmadığın nemətlər əta edən, sənin varlığını təmin edən Allahdan daha dəyərli, daha qalıcı, daha davamlı ləzzətlər istə. Çünki, istədiyin şeylərin dəyəri - sənin öz dəyər göstəricindir.
EY INSAN!
Ey bəndə, ta ruhlar aləmində Rəbbinə verdiyin sozu xatırla: “Mən sizin Rəbbinizəmmi” soruşan Rəbbinə “Bəli”- deyə cavab vermisən. Odur ki, Yaradanın, Rəbbin, Məbudun olan Allaha üz tut. Ondan istə - Odur ehtiyacları ödəyən. Onu cağır - Odur eşidən. Ona şükr et - Odur nemətləri əta edən. Ona şikayət et - Odur zalımları cəzalandıran. Dərdlərini, müşkullərini özün kimi acizlərə deyil, bir işi “Ol!” deməsilə vücuda gətirən sonsuz qüdrət sahibinə danış. Odur dualari müstəcəb edən, Odur gözləmədiyin, ummadığın yerdən qapılar açan.
Ibn Fədh nəql edir ki, Allah qədim vəhydə belə buyurur: «Dua etməkdən yorulmayın. Çünki Mən duaları qəbul etməkdən yorulmuram». «Hədisi-Qudsi», hədis 293
«De ki, əgər Mənim Rəbbim sizi dəvət etmək istəməsəydi, sizə nəzər salmazdı». (“Furqan”, 77)
Odur ki, dua et. Dua et ki, asimandakı mələklər səsini eşitdikdə bir-birilərinə «Bu səs bizə tanışdır, bu, bəla üz verəndə də, asayişdə də Rəbbinə üz tutub ondan kömək istəyən, ona şükr edən bəndənin səsidir» - deyə pıçıldasınlar. Rəbbini yad et ki, yad olunanlardan olasan. Çağır ki, eşidilənlərdən olasan.
Günel Hüseynli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий