четверг, февраля 28, 2008

«Bismillah»ın hikməti nədir?

Evinə daxil olduqda «Bismilləhir-rahmənir-rahim» deməyənin iblislə qonşuluğu...

Məhərrəm ayı idi. Rusiyadan qonaqlarımız gəlmişdi. Əslən - etnik olaraq - müsəlman olsalar da, rus mentallığının əksər xüsusiyyətlərini mənimsəmiş adamlar idilər. Allaha dua etmişdim ki, səfərləri Məhərrəm ayına təsadüf etməsin, çünki bu əziz əyyamda vərdişlərindən həya edəcəklərinə heç əmin deyildim, amma hər şey sanki məhz Məhərrəmi, məxsusən də Aşuranı gözləyirdi. Səfərləri ləngiyib-ləngiyib düz Aşura gününə təsadüf etdi.
Nigarançılığım əbəs deyildi. Dəfələrcə mərifətli, nəzakətli tərzdə xəbərdarlıqlar etməyimizə rəğmən «Məni olduğum kimi qəbul etməyə borclusunuz, bir kimsə, hətta ev yiyəsi belə mənə adət, qayda-filan yeridə bilməz, yoxsa heç nə özüm gəlmərəm, nə də bir kimsələri (kimsələr də onsuz gələ bilməyən əzizlərimizdir) gətirmərəm!», - deyib hədələyən ərköyün və iddialı qohumumuz özü ilə rus masasının bütün «nemətlərini» də gətirmişdi. Və gəlişindən - eynən Aşuradan - 2 gün keçməmiş rus süfrəsinin yenilməz atributunu «süzmək» cəhdində bulundu. Təbii ki, etirazıma rast gəldi.
Çeşidli hadisələr baş verdi - nədəsə uğur qazana bildim, nədəsə dözməli oldum. Halal heyvanlardan olan «məhsullarla» vəziyyət lap gərgin oldu - burada «Bismillah»la kəsilmənin zəruriliyini nə qohumumuza, nə də yaxınlarıma çatdıra bilmədim və nə qədər «Bismillahsız kəsilirsə, heyvan özü istər halal olsun, istər yox, əti halal deyil» - deyə başa salmağa çalışdımsa da kara yetmədi. Bilirdilər ki, Qurani-Kərimdə buna dair əmr var, ancaq əmələ çatanda ayələrə ehtiram birmənalı olmadı. «O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir…» (Bəqərə, 173).
Bəlkə paradoksal, bəlkə də təhtəlşüurumun təbii bir reaksiyası olaraq, məhərrəmlikdə yaşadığım olaylar, məxsusən də halal yeməklər ətrafındakı söhbətlər mənim özümdə bir qıcığa, bir oyanışa səbəb oldu və «Heyvanın ətinin «Bismillah»la kəsilməsi nədən bu qədər zəruridir?», «Ümumiyyətlə, nədən biz - müsəlmanlar hər bir işimizin başında mütləq «Bismillah» (Bimilləhir-rahmənir-rahim») kəlməsini söyləyirik?», «Bismillah»ın hikməti nədir?» kimi sualların ətrafında daha dərin düşünməyə vadar etdi. Suallara öz məntiqim və məlumatlılığım səviyyəsində «hikməti» bir cavab düşündüm. Qohumumuzla bəhsin reallıqda mənasız olduğunu yəqin edib söhbəti xəyal müstəvisinə keçirtdim və başladım: «Allah hər bir şeyin sahibidir (bunu hamımız qəbul edirik, deyilmi?) və əlimizdə, ixtiyarımızda olan hər bir şey, əslində, onun mülkü-malıdır və bizlərə bir ehsan, bəlkə də borc və ya icarə olaraq, verilib. İndi təsəvvür elə ki, kimsə sənin malından bir şey götürdu və səndən icazə almadı. Səncə həmin mal həmin insana halal olarmı? Sən halal edərsənmi? Hələ bir də gözünün qabağında götürüb, saymazyanalıq etsə, sənin gördüyünü bilə-bilə bir kəlmə deməsə, bir icazə belə istəməsə?»…
Xasiyyətini bildiyim üçün yerinə tərəddüdsüz «Yox!» cavabını verdim. «O zaman Allahın gözü önündə malını götürüb, Onun hər yerdə olduğunu və «Sənin icazənlə, Ya Rəbbim!» deməyin icazə üçün kifayət olduğunu bilə-bilə, yenə icazə istəməsən düzgün olurmu? Hər işin Onun iznilə həyata keçir, ancaq Onun sayəsində uğur qazanırsan, hər addımın Onun hesabınadır, bəs nanəciblik etmək olarmı?»…
«Hələ bir Allahın heyvanını, ancaq Onun həyat verib yaşatdığı və özgə bir kimsənin buna qadir olmadığı bir təqdirdə həyatdan məhrum etməyin, «Sənin adını çəkib icazə verdiklərini və öyrətdiyin kimi kəsirəm, ya Allah» düşünməyib də öldürməyin, həyatdan bir heyvanı «yaşamaq haqqı var, canını əlindən alırmasa, heç olmasa, onu Yaradan necə öyrədib, elə alım, incitməyim», - fikirləşməyib almağın üçün, canı özünə əziz olan varlığın biri də sən - heç vicdan əzabı çəkməzsən?…».
Birdən öz düşüncələrim özümə də qəribə gəldi. Bir tərəfdən çox patetik, digər tərəfdən çox bəsit və ibtidai görünürdü. Bu ilahi kəlmənin mahiyyəti mənim düşüncələrim qədərində məhdud ola bilməzdi. Həm də düşünmürdüm ki, kiminləsə bəhsimdə sözlərim dəlil kimi yarayacaqdı. Odur ki, üzümü fərqli mənbələrə tutub axtarışlara başladım. Qurani-Kərimdə heyvanların «Bismillah»la kəsilməsinin zərurətini vurğulayan daha iki ayəyə rast gəldim - «Maidə», 3 və «Əl-Ənam», 145. Hədislərə baxdım. Nəhayət, mövzunu internetdə axtarışa verdim və təsadüfən mənim kimi axtarışda olmuş birisinin məqaləsinə rast gəldim O, məqalədə mərhum ustad Mütəhhərinin «Qurani-Kərimin şərhi» kitabından faydalanmışdı.
Məqalə çox xoşuma gəldi və hamısını deyil, ancaq məndə əsər qoymuş bəzi parçalarını gətirmək istədim.
Belə başlayırdı:
«Bismillah (Allahın adı ilə) - bütün xeyirlərin əvvəlidir və odur ki, biz hər bir işimizə onunla başlamalıyıq. Bu mübarək kəlmə - bütün məxluqatın hər biri öz dilində daim hallandırdığı bir İslami nişanədir. Onun tükənməz qüvvət və xeyrini duymaq istəyiriksə, aşağıdakı bənzətməyə bir nəzər salaq:
Ərəbistan səhralarında dolanan səyyahlar qəbilə başçısının adı və muhafizəsi altında hərəkət etməlidirlər, əks təqdirdə onlar quldurların həmləsinə tuş gələr və səyahətdən əliboş qayıdarlar. Və bunu bilən iki insan - birisi təvazökar, digəri isə təkəbbürlü yola düşür. Təvazökar qəbilə başçısının ismi altında səyahətə çıxır, təkəbbürlü isə yox. Birincisi hər yerdə əminliklə hərəkət edir və quldura rast gəldiyində: «Mən bu başçının adı altında səyahətdəyəm» deyib, rahat buraxılır. Getdiyi hər bir mağarda da hörmət, ehtiramla qarşılanır. Bunun ziddinə, təkəbbürlü olan daimi əzab və qorxuya qatlaşır və hər bir ehtiyacına görə mübarizə etməli, ya da mərhəmət diləməli olur. Nəticədə, o rəzil və alçaq günə qalır.
Ey təkəbbürlü nəfs! Sənin misalın həmin səyyahın misalına bənzəyir və bu dünya da bir səhra kimidir. Sənin zəifliyin və fəqirliyin sonsuz, qarşılaşdığın düşmən və məhrumiyyətlər isə misilsizdir. Elə isə bu dünyanın Əbədi Rəbbi və Hakiminin ismini çağır ki, yalnız bu səni bu fəqirlikdən və qorxudan xilas edə bilər.
Bismillah - xeyir xəzinəsidir. O sənin sonsuz zəiflik və fəqirliyini Qadir və Rəhim Allahın qüdrət və mərhəmətinə qovuşduraraq, Qiyamət günündə ən ali şəfaətə dönüşdürür. Sən «Bismillah» deyərkən Onun adı ilə yeriyirsən. Bu zaman sən dövlətinin adından hərəkət edən və bu üzdən heç kəsdən qorxusu olmayan, hər bir əməlini qanun və dövlət adından görüb, hər bir zülmə qarşı dəyanət göstərən bir əsgərə bənzəyirsən.
Bəs görəsən, bəşərə hər bir işi Allahın adı ilə başlamağın əmr edilməsində hikmət nədir? Kəlmənin mahiyyəti isimdədir, Allahın ismində. Biz hər hansı bir ismin himayəsi altında hərəkət edərkən, əslində, həmin adın sahibinin nüfuzu olan dairələrdə, cəmiyyətlərdə bir mövqe, bir məqam qazanmaq istəyirik. Və ya misal üçün, bir körpəyə ad seçəndə ona hörmət bəslədiyimiz, əziz tutduğumuz birisinin adını qoyuruq.
Mərhum Şəhid Murtəza Mütəhhərinin «Qurani-Kərimin şərhi» kitabında «Bismillah»la başlamanın səbəbi haqqında yazır (müəllif tərcüməsi ilə): «Məqsəd gördüyümüz işə Rəbbin müqəddəs bir toxunuşuna nail olmaq və onu xeyirli eləməkdir. Allahla hüzuri bir bağlantısı olan və Ona Kəramət və Rəhmət mənbəyi kimi baxan birisinin əməlinə Rəbbin ismi ilə başlaması o deməkdir ki, həmin bəndə Onun müqəddəs zatı, iltifatı və rəhməti ilə həmin əməli qüdsiyyət rənginə boyamaq istəyir…».
Çox təsirli bir sözdür. Həqiqətən də insan yalnız niyyətində xeyir olan bir işdə Allahın adını çəkir. Bir düşünək! Birisinə zülm edən və ya oğurluğa əl atan kimsə heç işə başlamazdan əvvəl Bismillah deyərmi?
Daha bir parça:
«…Bismillahdan danışarkən ağlımızda yarana biləcək daha bir sual Rəhman və Rəhim kəlmələri arasında fərqdir. Şəhid Murtəza Mütəhhəri qeyd edir: ««Rəhman» sözü rəhmətin ən üstün dərəcəsini, nəhayətsizliyini göstərir. «Rəhman» sözü Allahın rəhmətinin hər məkana aid olduğunu və hər şeyə sirayət etdiyi bildirir. Bu halda Allahın rəhməti müstəsnasızdır və bu ismində Allahın rəhməti bütün varlıq aləmini bürüyür. Bu zaman var olduqca, yaşadıqca hər bir şey İlahinin rəhmətindən bəhrələnir. Lakin bu dünya fanidir. Və Qiyamət günü artıq Allahın Rəhim sifəti təzahür edəsidir. «Rəhim» sözünün mənası isə sabitlik, dayanıqlıq deməkdir. Bu halda sabitlik və sonsuzluq anlamı yalnız Allahın yolunu tutaraq, iman gətirmiş və xeyir əməllər görmüş bəndələrinə sirayət edər. Demək ki, Allahın lütfü həm ümumi - hamıya aid, həm də xüsusi - yalnız mömin bəndələrinə aid olur».
Cənnətdən qovularkən Şeytan Allaha xitab etmişdi: «Mən harada yaşayacağam, yeyəcək, yatacaq yerim hara olacaq?».
Əvəzində Əzim Allah şeytana ərz etdi ki, o, hər kim ki, evinə daxil olduqda «Bismilləhir-rahmənir-rahim» deməyəcək, onun evində yaşayacaq; yeməyə başlarkən hər kim ki, «Bismilləhir-rəhmənir-rahim» deməyəcək, onun yeməyinə şərik olacaq; hər kim ki, yatmağa getdikdə «Bismilləhir-rəhmənir-rahim» deməyib yuxuya gedəcək, şeytan yatağı onunla böləcəkdir».
Və bir hədis gətirilir Həzrət Peyğəmbərdən (s): «Bir gün Həzrət Peyğəmbər (s) cavan uşaqlarla bir süfrədə oturub yemək yeyirdi. Birdən Peyğəmbər (s) təbəssüm eləməyə başladı. Uşaqlar ondan bu təbəssümün səbəbini soruşduqda, Həzrət (s) cavab verdi: «İndicə şeytan yeməyini sıfraq elədi».
Sonra Peyğəmbər (s) uşaqlara başa saldı ki, onların arasında bir uşaq süfrəyə əyləşərkən «Bismilləhir-rahmənir-rahim» deməyi unutmuşdu və lənətlik şeytan onunla bir oturub yeməyə hazırlaşırdı.
Birdən uşağın yadına «Bismillah» söyləməməsi yadına düşdü və o, yeməyin başından sonunadək niyyət edib: «Bismilləhir-rəhmənir-rahim», - dedi. Bunu eşitcək, şeytan yeməyinin hamısını sıfraq etdi və məhz bu Həzrəti Peyğəmbərdə (s) təbəssüm doğurmuşdu.
«Bismillah» həm də cəhənnəm odu qarşısında bir sipərdir.
Həzrəti Peyğəmbər (s) buyurur ki, Qiyamət günü insanların bir qismi bəd əməllərinə görə cəhənnəmə sürüklənəcəkdir. Bəziləri, hansılar ki, dünyada ikən hər işin başında və ya bir yerə ayaq basdıqlarında «Bismilləhir-rahmənir-rahim» deməyi adət etmişdilər, mələklər tərəfindən Cəhənnəmə götürülərkən çox hüznlü olacaq və adətləri üzrə «Bismilləhir-rəhmənir-rahim» söyləyəcəklər. Bu halda Allah Təbarək və Təala Cəhənnəmə «Dur!» əmri verəcək və «Bismilləhir-rahmənir-rahim» deyən, onu Rəhman və Rəhim adları ilə çağıranların cəhənnəmə getməklərinə yol verməyəcəyini ərz edəcəkdir…».
«Bismillahın» kəramətinə dair ustad Mütəhhərinin gətirdiyi misallar da heyrətamiz idi:
«Su üstündə yerimək. Çox illər öncə yaşamış Seyid Murtəda adlı bir alimdən nəql edirlər ki, həzrətin çoxlu tələbələri var idi. Siniflərindən birində də həmişə dərsə gecikən bir tələbə oxuyardu.
Bir gün alim ondan «Niyə həmişə gecikirsən?», - deyə sual etdi və tələbə bildirdi ki, çayın o biri üzündə yaşayır və hətta ən tez gələn bərəyə minsə belə dərsə gec çatası olur.
Seyil Mürtəda bir kağız parçasında bir şey yazaraq, onu bükür və tələbəyə uzadaraq: «Bunu özündə saxla, bununla çayın bu üzünə keçə biləcəksən» deyir: «Ancaq məbada vərəqi açasan!». Sonrakı bir neçə gün ərzində tələbə asanlıqla suyun üstü ilə keçərək dərsə vaxtında gəlib çatır.
Lakin bir gün maraq tələbəyə üstün gəlir və o, dözməyib, vərəqin içini açıb oxuyur. Vərəqdə «Bismilləhir-rahmənir-rahim» kəlməsi yazılmışdı. Tələbə qəlbində «Mənə suyun üstü ilə yeriməyə kömək edən elə bu idi?!» deyib düşünür və kağızı büküb cibinə qoyaraq, suya ayaq qoyur. Lakin bu dəfə o, suyun üzərində yeriyə bilmir və buna görə yenə əvvəlki qayda üzrə bərəni gözləyib dərsə çatası olur və gecikir. Dərsin sonunda Seyid Murtəda hazır-qayıb edəndə tələbəyə bildirir: «Mən ki sizə demişdim kağıza baxmayasınız, amma siz baxdınız!».
Allaha imanı və etibarı olan bəndə bir «Bismilləhir-rahmənir-rahim» ilə dağları belə yerindən tərpətməyə qadirdir.
Balığın qarnındakı üzük. Bir vaxtlar bir xanım yaşayarmış və o, hər hansı bir işə başlamazdan əvvəl həmişə «Bismilləhir-rahmənir-rahim» deyərmiş. O bilirdi ki, bu sözü deyəndən sonra Allahın nəzəri həmişə üzərində olacaq.
Bir gün xanım üzüyünü mətbəx dolabının içinə qoyur və onu gizlətməzdən öncə həmişəki adəti üzrə «Bismilləhir-rahmənir-rahim» deyir. Xanım bilir ki, bu sözdən sonra üzüyü amanlıqda olacaq.
Xanımın yoldaşı gizlincə üzüyü götürüb suya atır. O, yoldaşına isbat eləmək istəyirdi ki, bir «Bismilləhir-rahmənir-rahim» deməklə üzüyü salamat saxlamaq olmur. O əmin idi ki, axşam yoldaşından üzüyün yerini soruşanda xanımı üzüyü tapa bilməyəcək.
Səhər bir qədər sonra xanım bazara balıq almağa yollanır. Balığı alıb qayıdır və onu hazırlamağa başlayır. Balığı təmizləməyə başlayanda qarnında öz üzüyünü aşkar edir. Üzüyün balığın qarnına necə gedib çıxdığını düşünüb-daşınır və nəhayətdə üzüyü geriyə - dolabın içinə qoyur.
Yoldaşı axşam işdən qayıdanda üzüyün yerini soruşur və qadın üzüyü dolabdan çıxarıb ona göstərir.
Yoldaşı o qədər heyrətlənir ki, elədiyi işi etiraf edib xanımından üzr istəməli olur. Həmin andan etibarən o da hər bir işinin əvvəlində qəlb təvəkkülü ilə «Bismilləhir-rahmənir-rahim» söyləməyə başlayır…».
Misalları, əlbət ki, bu mövzulardan uzaq insanlara çəkəsi deyildim, onlar sırf mənim ürfüm üçün önəmli idi.
Çeşidli saytlardan daha bir maraqlı məlumat əldə etdim. Orada «Bismillah»ın kəramətindən bəhs olunurdu: ««Bismillah» bəsirəti aydınladan, günahları yuyan bir kəlmədir. O, göylərdə və Yerdə olan hər cür elmin, mərifətin açarıdır. Bu sözdə Allah Təala 3000 İsmini cəm edib: 1000 Adı mələklərə bəllidir, 1000 Adını Peyğəmbərlər (a) bilir, 999 Adı 4 müqəddəs kitabda hallandırılıb və nəhayət, İsmi-Əzəm - Ən üstün Adı. Bütün bu adlar bir Bismillahda… Və əgər bir kimsə bu kəlməni hər gün ən azı 100 dəfə, 40 gün ardıcıl olaraq, zikr etsə, bir qüdrət əldə edər, içində bir dəyişikliklər duyar, gün ərzində - gün çıxandan gün batana qədər 1000 kərə söyləsə, bəsirəti açılar, mələklər aləminin gözəllikləri açılar ona. Günahlarının göylər ilə özü arasında doğurduğu hicab pərdələri yarılar «Bismillah»dan…».
Bu imiş «Bismillah»…
«Bismillah»ın mənim üçün bu qədər açılması, hər hal ki, həyatımda bir şeyləri dəyişdirəcəkdi, buna əmin idim, çünki artıq hər bəhsimi, hər əməlimi hansı «Bismillahir-Rahmənir-Rahim» ilə başladığımı anlamağa başlamışdım…

Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Комментариев нет: