четверг, февраля 28, 2008

Pəncərələrdən baxılan İslam

Dəniz kənarı. Küləyin dalğaları sahilə çırpması. Quşların uçuşu. Arabir balıqların sudan başını mənimlə oyun oynayırmışlar kimi çıxarması. Qarın narın-narın, həm də ruhumu oxşadacaq dərəcədə səssizcə yağması. İnsanların yanımdan yarışən, yarıqəmli ötüb keçməsi. Və bu gözəlliklər qarşısında ruhumun dincəlməsini sezən - mən.
Küləyin dalğaları təmənnasız, həm də məni dincəltmək üçün Xəzərin bu başından mənim indi görə bilmədiyim sahillərə - uzaqlara daşıması qəribə göründü mənə. Təbiət mənə təmannasız tamaşa verirdi sanki...
Görəsən, bu gözəlliklər ruhumun onları seyr edərək dincəlməsi üçünmü, yoxsa bu mənzərələr insan var olandan bəri hər gün gözünün qarşısında dikldiyinə görə insan da, əslində, gözəl olmayan bu mənzərələrdə gözəlliklər aramağa başlamış və onların gözəl olduğuna inanmağa başlamış məcburən. Mən də bu yalançı bilgiyə təqlid edirəm. Amma yox, bu ehtiyacın içimdən gəldiyini ən azı qarşımdakı mənzərələr qədər aydın sezirdim. İnsanların rahatlıq sevmələri fikri də yad deyildi mənə. "Bu bir fitri təmayüldür" - deyə dodaqaltı pıçıldandım. Bu gözəllikləri yaratdığına, onu duyma istedadını insana verdiyinə görə Allahıma bir şükranlıq duyğusu keçdi içimdən. Bunun özünə də daha bir şükür düşürdü ki, şükretmə imkanını da əsirgəməmişdi Allah.
Əslində, Xəzərin qərb sahilində olmama rəğmən, təbiətin ruhumu incəldərək məni duyğulandırması, bir yandan da insan oğlunu daban-dabana izləyən, bəzən heç özünün də müəyyənləşdirə bilmədiyi fikirlər məni ağuşuna alıb Xəzərin mənim indi görə bilmədiyim sahillərinə - uzaqlara götürmüşdü. Bu şükranlıq duyğusunu mənə öyrədən İslamla tanışdığıma görə çox sevincliydim.
Bu duyğuları keçirtdiyim zaman, hansısa kitabdan oxuduğum bir neçə cümlə yadıma düşdü: "İlahi dinlərin ən önəmli özəlliklərindən biri insanlara bir əxlaqi-yaşayış proqramı təklif edərək əxlaqi fəzilətlərə çatmalarını təmin etməkdir. Bu proqramda yaxşı və pis, gözəl və çirkin - bir sözlə, dəyərlər insanlara açıqlanır".
Görünür, bu gün dünyanın müəyyənləşdirə bilmədiyi dəyərlərin radiusu tikanlı məftillərlə insan yaranandan bəri müəyyənləşdirilb bu fəzilət proqramlarında. Bəs, o zaman, görəsən niyə bəzi təlimlər adam öldürmək, zina kimi ən çirkin əməlləri yalnız öz aralarında yasaqlayaraq başqalarına qarşı bir maneə görmür? Məgər bu fəzilətmi? Və bu yolla səadətə çatmaq düzgünmü?
Artıq bu suallar məni Xəzərin mənim indi görə bilmədiyim sahillərinə deyil, dünya okeanına çıxışının olmamasına rəğmən, Aralıq dənizi sahillərinə - Fələstin adlı torpaqlarda - sionistlərin bu maddəni necə iştahla həyata keçirtdiklərinin tamaşasına götürdü. Bu zaman «gözəlliyin» qüdrətlə yıxıb-dağıtmaq, yandırmaq, susuz, işıqsız qoymaq, öldürmək olduğunu gördüm. Fələstində gördüklərim üstündə filosofların baş sındırdığı dəyərlərin dünyada "qüdrət adlı subyekt"in kriteriyalarına əsaslandığını anladırdı insana. Dünya da buna susmasıyla öz imzasını atırdı. Əxlaqi tələblərin var oluşunun səbəbləri bu tələblərin bütün normal insanlarca yaşanmış olmasıdır fikrini dil-dil ötən dünyanın nəzərincə bu əməlləri törədənlər normal insan sərhədlərini aşmırlarmı?!
Qana susamış İsrail əsgərlərinə öz kiçik əlləriylə daş atmaqla, sanki Cavid Əfəndinin repressiya dönəmlərində dediyi kimi - "mənim Tanrım gözəllikdir, sevgidir" deyən balaca fələstinli oğlan uşağı isə adamı riqqətə gətirirdi. Sanki, bu balaca mücahid: «harda nahaqqa qarşı ucalan səs varsa, o, gözəldir və mənim Tanrım oradadır» - deyə hayqırırdı. Bu balaca mücahidin ruhunun göylərdə pərvazı əsgərləri daha da qıcıqlandırırdı. Və onlar bu balaca mücahidi dartıb yerə - öz yanlarına endirmək istəyirdilər. Amma o, yenə də, sanki, Cavidsayağı deyirdi:
Ona məxsus yoxsa bir məva,
Ərşə çıxmaqda varmı bir məna?

Onu öldürməyə qalxışan əsgərlərə dediyi - "məni indi öldürməyiniz də mənimçün gözəldir və burada da Allah vardır" cümləsi isə qaytardı məni Xəzərin qərb sahillərinə. Üzümdə acı bir təbəssümün yaranmasını başını sudan çıxararaq mənə tamaşa edən balığın hürküb dənizin dərinliyinə cummasından sezdim.
Artıq bayaqkı sevincimdən əsər-əlamət qalmamışdı. Bir tərəfdən Fələstində insanların çəkdiyi acının verdiyi iztirab, digər tərəfdən isə balaca mücahidin sözləri məni utandırırdı. Bu mücahid Kərbəla kimi faciədən sonra: "mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim" - deyən Xanım Zeynəb məktəbi keçmişdi. Utanırdım. Ona görə ki, mən yalnız təbiətin zahiri gözəlliyindən zövq aldığım halda, Xanım Zeynəb kimilər bütün gözəlliklərin səbəbi Allahın öz gözəlliyindən zövq alırlar. Və zatən Xanım Zeynəb kimilərçün mövcud olan hər şey gözəldir, çünki Ən Gözəldən - Allahdan gəldiyinə görə. Mənim İslama baxışım isə, otağının pəncərəsindən şəhərə boylanıb baxan insanın görə bildiyi "pəncərə şəhərə" bənzəyirdi. Utanırdım ki, hələ müsəlman olaraq İslamı kiçildib öz pəncərəmə sıxışdırmışamsa - bir sözlə, "pəncərə islam"ı etmişəmsə, məhz buna görə dünya üçün İslam pəncərəsiz qaranlıq bir otaq kimi qorxuludur.
«Bəlkə də mənim kimi milyonlarla "pəncərə islamçılar" dünyanı Xanım Zeynəb İslamından - gerçək İslamdan uzaq salıblar» fikri isə, yanımdan keçən insanlardan, sanki, içimdəkiləri duyurmuşlar kimi utandırdı məni. Və sanki dalğalarıyla dəniz, yağan qarıyla səma, yanımdan ötüb-keçən insanlar, hətta dənizin dərinliyinə hürküb cuman balıq da bir cümləni: «Əsl gözəllik Ən Gözəldə - Allahda qərq olub, Onun bəndələrini ən gözəl şəkildə nura çıxarmaq uğrunda mübarizə aparmaqdır» - cümləsini pıçıldayırdılar qulağıma.
Bir gün mənə də belə gözəlliyi duymaq nəsib olacaq ümidiylə ayrıldım bu "pəncərə gözəlliklərdən".

Azər Nəsirov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi





Комментариев нет: