пятница, февраля 22, 2008

UŞAQ TƏRBİYƏSİ

Uşaq tərbiyəsi bir sənət əsərinə bənzəyir. Necə ki, rəssam bir tablo yaradır, yazıçı bir yazı yazıb ortaya cıxarır, hər bir uşaq da oz valideynlərinin tərbiyəsi ilə formalaşıb kimlik tapan insan adlı bir əsərə çevrilir. Bu baxımdan bu, valideynlərin üzərinə duşən, həssaslıq və məsuliyyət tələb edən bir işdir. Ata-ana bu çətin, şərəfli və məsuliyyətli işlə Allah tərəfindən vəzifələndirilmiş və müqabilində də onlara böyük savablar vəd edilmişdir.

NƏDƏN BAŞLAMALI?
Anton Semyonoviç Makarenkoya görə ilk öncə uşaq sağlam mühitdə doğulmalıdır. Yəni, ailənin özünün formalaşmiş ailə normalari, ailə rolları olmalıdır. Ailə rolları dedikdə, əsasən valideynlərin, sonra da digər ailə üzvlərinin özlərinə məxsus funksiyalari yerinə yetirməsi nəzərdə tutulur. Ailə mühitinin hüzurlu olmasinin uşağın mənliyinə təsiri böyükdür. Bu heç də problemsiz ailə demək deyil. Hər ailədə, hər valideynlə uşaq arasinda problem yaşana bilər. Əsas olan bu problemin necə həll edilməsidir. Təməlində sevgi və hörmət hissi dayanan münasibətlər valideyn-övlad münasibətlərinin ən düzgün modeli hesab olunur.
Mübarək islam dini isə uşağın hələ ana bətnində tərbiyə olunmasını tövsiyə edir. Ananin nə hiss etdiyi, nə eşitdiyi, ətrafdakılarla necə rəftar etdiyindən tutmuş, nə ilə qidalanacağının uşağın fizioloji sağlamliğına və mənəvi safliğına təsirinə dair dinimizin konkret göstərişləri və tövsiyələri vardir.
Uşağın xarakterinin formalaşmasında ətraf mühitin rolu çox böyük olsa da onun qarşılaşdiğı ilk tərbiyəalma sistemi - ailədir. Ona görə də hələ ilk günlərdən ata-ananın övlada münasibəti, öz aralarında və digər insanlarla davranışlarının uşaq tərəfindən qeydə alındığını və onun təmiz beynində fiksə olunduğunu (həkk olunduğunu) nəzərə almaq lazımdır. Valideynlərinin hər bir hərəkətini özlərinə örnək götürən uşaq onların bütün davraniş tərzlərini mənimsəyir. Imam Əlidən (ə) nəql olunan bir hədisdə buna çox gözəl bir şəkildə işarə edilmişdir: “Həqiqətən də yeniyetmənin qəlbi xam (işlənməmiş) torpaq kimidir. Ora nə atılsa, qəbul edər.” (Tuhəful-Uqul, səh.70). Həmçinin Sokratdan “Nə üçün çox vaxt yeniyetmələrlə həmsöhbət olursan?” sualına o, “Ona görə ki, nazik və tər budaqları düzəltmək daha asandır, təravəti getmiş, qurumuş ağacı düzəltmək isə mümkün deyildir” - deyə cavab vermişdir.

HİSSLƏRİN TƏRBİYƏSİ
İslamın hisslərin tərbiyəsi müstəvisindəki ideal düsturlarını uşaq tərbiyəsinə də tətbiq etmək olar. Tusinin nəzərinə görə, uşaqda hələ korlanmayan fitri, əxlaqi keyfiyyətləri qoruyub saxlamağa calişmaq lazimdir. Yəni, uşaqda pis adətlərə, bəd əməllərə nifrət, əksinə, xeyir işlərə rəğbət yaratmaq və onları yerinə yetirməyə təhrik etmək lazımdır.
Təcrübəli pedaqoq Makarenkonun tövsiyələrinə görə, övladının gələcəkdə məsuliyyətli insan olmasını istəyən valideyn uşağın lap körpə vaxtlarından ona davranışlarında sərbəst olma imkanı verməlidir. Məsələn, uşaq ilk addımlarını atmağa başlayanda ara-sıra əllərini buraxmaq, onu cəsarətləndirməyə çalişmaq lazımdır. Hətta bacarmayacağını bildiyiniz halda üstünə-başına dağıdaraq yemək yeməsınə, saçlarını daramasına, ayaqqabılarını geyinməsinə və s. icazə vermək onda məsuliyyətli, cəsarətli olmaq kimi xüsusiyyətləri formalaşdırır.
Uşaqda məsuliyyət və kimlik hissinin qazanılmasında diqqət ediləsi bir necə nöqtələr vardır.
1) Uşağı öz öhdəlikləri ilə başlı-başına buraxmaq. Məsələn, əlindən gəldiyi qədər öz otağını özünün yığışdırmasını təmin etməli.
2) Köməyə ehtiyacı olduğu zaman dəstəyə və yardıma acıq olduğunuzu ifadə edin. Lakin problemi necə həll etməsini söyləmək lazım deyil. Onu problemlə başlı-başına buraxın. İmkan verin ki, sizdən yardım və məsləhət istəsin. Beləcə, cətinə, dara düşdükdə sual verməyi və dərdini sizinlə böluşməyi öyrənmiş olacaqdir.
3) Uşağı yaşına uyğun məsuliyyət və öhdəliklərlə yükləyin.
4) Seçim etmə azadlığı yaradın. Məsələn, gəzməyə gedərkən nə geyəcəyinə, nə içəcəyinə qərar verməsinə imkan yaradın.
Etdiyi bütün müsbət davranışların ilk öncə yaxın çevrəsi olan valideynləri, sonra da digərləri tərəfindən rəğbətlə qarşılandığını görən uşaq, bu hərəkətləri təqdirəlayiq bilərək təkrarlamağa çalışacaq və nəticədə bu keyfiyyətlər onda mələkə-vərdiş halına keçəcək. Ona görə də uşağın hər bir müsbət addımına valideynin “əhsən”, “afərin” deyə münasibət bildirməsi və dəstəkləməsi çox önəmlidir.
İslamın nəzərinə görə, uşaqda xoşagələn bir hərəkət baş verdikdə, onu tərifləyib həvəsləndirmək lazımdir. Əks hallar baş verdikdə çox danlayıb hər şeyi qadağan etməkdən də çəkinmək lazımdır. Bu, uşağı acığa düşüb həmin işi bir də görməyə sövq edər, onu nəsihətə qulaq asmaqdan bezdirər.
Bəzi psixoloqların fikrincə, uşağı düzgün tərbiyələndirməyi bacarmaq üçün valideyn özünü uşağın yerinə qoya bilməli, onun duyğu və düşüncələrini anlaya bilməlidir. Valideyn uşağın içində olduğu yaşın özəlliklərini bilməli və ona uyğun rəftar etməlidir. Uşağa hörmət etdiyini, dəyər verdiyini və sevdiyini hiss etdirməlidir. Uşağın fərdi çətinliklərini kəşf etməklə valideyn onu bacara bildiyindən daha çox yükləməməyə, istedadlarını kəşf etməklə isə onların ortaya çıxıb inkişaf etməsinə nail ola bilər.

OĞLAN VƏ QIZ UŞAQLARININ TƏRBİYƏSİNDƏKİ ÖZƏLLİKLƏR.
Uşaq tərbiyəsində oğlan və qız uşaqlarının sırf bioliji və fizioloji özəlliklərindən qaynaqlanan fərqlərinə görə onlara münasibət də nisbətən fərqli olacaqdir. Ata-ana oğlan uşağına kişi xarakterini, qiz uşağına isə xanımlara məxsus xarakter aşılamalıdır. Məsələn, qiz uşaqlarında xəyala dalma, dinləmə, digərlərini təqlid etmə hissi daha güclüdür. Oğlan uşaqlarında isə ixtiraçılıq, icad etmə bacarığı daha irəlidədir. Edison, Mosart kimi dahi insanlar çox kiçik yaşlarından tapıntılar etmiş, əsərlər yaratmişlar. Qız uşaqlarının oyunları daha sakitdir, oğlan uşaqları isə sərt bədən hərəkətlərinə dayanan oyunları sevir. Bu da qız uşaqlarının yazı və rəsmi daha tez öyrənməsinə bir səbəbdir. Oğlan uşaği daha ağir düşünür, qız uşaqları isə tez qavramalarının təsirindən daha sürətli düşünürlər. Getdikcə bu, qız uşaqlarında reflekslərin daha sürətli olmasına gətirib çıxarır.
Bütün bu fərqləri nəzərə alaraq qız uşağina “sən də qardaşın kimi etsənə” və ya əksinə oğlan uşağına “sən də bacın kimi olsana” deyilməsi qətiyyən məqsədəuyğun deyil.

KIMLİYİN FORMALAŞMASI
Uşaq tərbiyəsini ən önəmli cəhəti - kimliyin qazanılmasıdır. Uşağa sağlam bir kimlik duyğusu aşılamaq lazımdır. Yəni, bir gəncin “mən kiməm?” sualına verə biləcəyi cavabı lap kiçik yaşlarından formalaşdırmaq lazımdır. Kimlik duyğusu olan insanlar psixoloji olaraq tamlıq və bütövlük hissinə malik olurlar. Güclü bir kimlik duyğusu ilə dəyərlər arasında sıx bir bağlantı vardır. Jan Piajeyə görə əxlaqi dəyərlər uşağın hər yaş dövrünə görə fərqlidir. Yəni, uşaq kiçik yaşlarında bəsit bir şəkildə ata-ananin öyrətdiyi əxlaq normalarına riayət edir. Amma artiq yetkinlik yaşına çatmiş gənc isə əxlaqi qanunları daha geniş formada özünün əqli seçiminə və digər insanların rəğbətinə görə dəyərləndirir.
Əxlaqi dəyərləri bir çox nəzəriyyələr araşdırsalar da, bu keyfiyyətlərin ideal modelini təqdim edən İslam dini uşağın kimlik hissinin formalaşmasında ən kamil bir sistem ortaya qoyur. Dinimizin tövsiyəsinə görə, hələ körpə yaşlarından uşağa başa düşə bildiyi dildə Allahı tanıtmaq, əməllərini və rəftarlarını Allahın xoşuna gedə biləcək tərzdə etmək, yaşı artdıqca ona yaradılmasının fəlsəfəsini sadə dildə anlatmaq, ona dəyərli və qiymətli bır varlıq kimi yaradıldığını başa salmaq lazımdır. Belə məlumatların yalnız və yalnız uşaqda şəxsiyyət və ləyaqət hissinin formalaşmasına xidmət etməsi məqsədini güdmək lazımdir. Ona görə də bu movzularda da həddi aşmamaq, uşağa təkəbbür və eqosentrik hisslərin baş qaldırmasına səbəb olacaq məlumatlar verməkdən çəkinmək məsləhətdir. Danışmağa başladığı yaşlarından onu diqqətlə dinləməyi bacarmaq, suallarını onu qane edəcək şəkildə cavablandırmaq, təklif etdiyi ağlabatan ideyaları həyata keçirmək, onunla razılaşmaq, ona şəxs kimi yanaşmaq lazımdir.

İLAHİ MÜKAFAT
Mübarək dinimizin kamil yaşam qanunları toplusu olan Qurani-Kərimdə belə buyurulur: «Və mehribanlıq üzündən onların (ata-ananın) qarşısında təvazökarlıq və kiçiklik qanadı sal və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onların hər ikisinə rəhm et!” de». («İsra», 24).
Bu ayə uşaq tərbiyəsinin ata-ana üzərində bir haqq olduğunu göstərməklə yanaşı, bu çətin, həssas bir işi yerinə yetirən valideynə övladı tərəfindən dua edilərək bağışlamna fürsətini qazandırır. Odur ki, bu işə yalnız ailə içi, ictimai bir vəzifə kimi deyil, İlahi bir tapşırıq kımı yanaşan valideyn, əxlaqi dəyərlərin bütün gözəl rəngləri ilə çəkdiyi əsrarəngiz sənət əsərinin töhvəsini həm dünya, həm də axirətində görəcəkdir.

İstinadlar: A.S. Makarenko, Jean Piaget, Tusi “Əxlaqi-nasiri”, Əxlaq fəlsəfəsi (mühazirə mətnləri).

Günel Hüseynli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi






2 комментария:

Unknown комментирует...

salam, gozel meqaledir, dushunurem, davam olunsa, daha doqrusu,meqale silsilevi getse ela olardi.bacimiza yeni uqurlar,men cox behrelendim.ALLAH RAZI OLSUN!

Azər Elşadoğlu комментирует...

maariflendirici bir meqaledir.cox savadli bir dilde yazilib.muxtelif tebeqelere aid edilebilecek meqaledir,bir sozle gozel yazilib.