четверг, февраля 28, 2008

Əlifbadan sonrakı addım

Hələ lap uşaq olanda çoxlarımız məktəbə getməyə can atmışıq. Heç fərqinə də varmadan alim olmağın ilk pillələrini çox sevmişik. Bəlkə də, o vaxtlar bizi ən çox maraqlandıran bizə yeni ”oyuncaqların” - dəftərlərin, rəngli qələmlərin, karandaşların alınması olub. Bilmirəm, bəlkə də, onda daha yaxşı fikirləşirmişik. Ən əsası odur ki, məktəbə getmək istəmişik.
Bu hiss bizdə böyüdükcə soyumağa başlayıb. Bir müddət sonra artıq məktəbdən gələn kimi həvəslə açıb etdiyimiz ev tapşırıqlarına biganələşmişik. Sonralar isə bir vaxtlar can atdığımız məktəbə belə getmək istəməmişik. Hətta məktəbdən o qədər soyumuşuq ki, oxuyan dostlarımıza da yuxarıdan aşağıya baxmışıq.
Bəs bunun səbəbi nədir? Nəyə görə insan hərfləri öyrəndikdən sonra oxumaq istəmir? Axı hərfləri öyrənməyin yeganə məqsədi oxumaq istəməkdi.
Bunun üç fundamental səbəbi var.

Birinci səbəb: “oxumağın vacibliyini bilməmək”
Çoxlarımız oxumağın bizim həyatımızın ayrılmaz hissəsi olduğunu bilmir. Daha doğrusu bilir, ancaq yaşaması üçün yeməyin lazım olduğunu bildiyi qədər, “insan” olması üçün də oxumağın gərəkli olduğunu anlamaq istəmir.
Kimdən soruşulsa ki, oxumaq lazimdı, ya yox? - cavabında yarızarafat deyər: “Lenin deyib: oxumaq, oxumaq, yenə də oxumaq” . Əslində misal tam olaraq bu cür deyil, ancaq hər şeyi olduğu kimi bunuda yarım-yarımçıq bilirik. Misalın arxasında bu “xoş“ sözləri puç edən bir söz dayanır. Sitat tam olaraq bu şəkildədir: “Oxumaq, oxumaq, yenə də oxumaq - kommunizm üçün”. Deməli o, ancaq kommunizmin xeyrinə olan oxumağı, yenə də oxunmağı istəyirdi.
Azərbaycanın ayrılmaz hissəsi olan İslam mədəniyyətinində oxumağa baxış bucağı çox aydındır. Elə insanları hidayət etməyə göndərilən rəhmət Peyğəmbərinə (s) gələn ilk vəhy sözü “Oxu”dur. İlk sözü “oxu” olan təlimin, deməli əsas hədəflərdən biri də insanları maarifləndirməkdir.
Bundan başqa İslam Peyğəmbərinin “Beşikdən qəbr evinədək elm öyrən” kəlamı Quranın «oxu!» əmrinin icrasının bariz nümunəsidir.
Aydın olur ki, anlamamığız oxumamağımıza səbəb ola bilməz.

İkinci səbəb: “Doğru hədəfə yönəltməyən oxumaq”.
Insan əsl məqsədindən sapdıran şeyləri oxumağa meyllidir. Ona görə də ömrünü “elmə” sərf etmiş adam ölənə yaxın (və ya ölən anında) həyatının puç olduğunu anlayır.
İnsanlığın əsl hədəfini bildirən Kitabın “oxu “ əmrindən dərhal sonra “Allahın adı ilə...” açar sözü gəlir. Sanki “oxu” əmri insanin qarşısında geniş torpaq sahəsi acır. Burada şoran torpaq da var, münbit torpaq da. Ancaq hansının münbit, hansının şoran olduğunu bilmirsən. “Allahın adı ilə...” açar sözü isə sənə münbit torpağı göstərən ox işarəsidir.
Bəs “Allahın adı ilə...” oxumaq nədir? Əlbəttə insanlığın əhəmiyyətinə, hədəfinə çatdıran hər şey. Hər nə ki, sənə insan olmağa kömək edir, nə ki, səni heyvaniliyə endirmir. Nə ki, səni mələkdən yuxarı qaldırır. Münbit torpaq odur. Qalanları sorandı. Şoran torpaqda isə əkilən bitki ya bitməz, ya da münbit torpaqda olduğu kimi təravətli olmaz.
Elə doğru hədəflərdən yayınmağımızın nəticəsidir ki, başqa sarvanların karvanlarına qoşulmuşuq. Elə bu hədəflərdən yayınmağımızın nəticəsidir ki, kiçik bir uşağa oxumağın vacibliyi haqqında danışarkən ilk əvvəl “beşikdən qəbr evinədək elm öyrən” kəlamının əvəzinə “oxumaq, oxumaq, yenə də oxumaq” misalını çəkirik....

Üçüncü səbəb: “Tənbəllik”
Bəzi adamlar var ki, onlar oxumağın vacibliyini anlayır və nələri oxumaq lazımdır bilir. Ancaq bütün bunlara baxmayaraq yenə də oxumur. Görəsən niyə? Cavab çox sadədir - tənbəllik. Tənbəllik bir “virus” kimi bizim qanımızda hərəkət edir. Zehnimizin bütün nöqtələrini tutur.
Biz «tənbəl» dedikdə yeyib-yatan adamı nəzərdə tuturuq. Əslində isə bu belə deyil. Tənbəl insan o insandır ki, əlindəki inkanlardan istifadə edə bilmir.Tənbəl insan o insandır ki, hərəkəti sevmir, inkişafı sevmir.
Tənbəlliyin yeganə dərmanı düsünməkdir. Insanın daima düşünməsi onun zehni və fiziki hərəkətə vadar edər. Beləliklə tənbəlliyin həmin insan üzərindəki hakimliyi sona yetər.
Ən maraqlısı da odur ki, insan bəzən düşünməyin lazim olduğunu belə düşünmək istəmir. Çünki tənbəllik onun “düşünmə qabiliyyəti”ni əlindən alır. “Düşünmə qabiliyyətinin” əlindən alınması çox dəhşətli vəziyyətdi. Axi insanı digər varlıqlardan fərqləndirən yeganə qabiliyyət düşünməkdi. İnsan düsünən biolji varliqdi . Düşünməsə ancaq bioloji varlıq olar...
Bioloji varlıq - yəni...
Bütün bunlara baxmayaraq Əlifbanı öyrəndikdən sonra oxumağı sevənlər də az deyil. Kimlərdi onlar? Oxumağın vacibliyin bilənlər, insanlığın hədəfini oxuyanlar və tənbəl olmayanlar.
Kimlərdi onlar ? - Sadə Allah bəndələri və ya Quranının “oxu!” əmrinə tabe olanlar...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




Комментариев нет: