Bu yazımızın mövzusu milliliyimiz və dinimiz haqqında olacaq. Məqsədimiz isə kompakt şəkildə olsa da xalqımızın dini və milli xüsusiyyətlərinin nə qədər üst-üstə düşməsini və nə qədər fərqlənməsini araşdırmaq və bir millət olaraq öz milli-mənəvi durumumuzu obyektiv şəkildə təhlil etməkdir. Əgər biz gözləsək ki, bu işi bizim əvəzimizə başqaları etsin, yəni kənardan bizə qiymət versinlər, düşünürəm ki, nəticə obyektiv olmayacaq. Ən azından ona görə ki, onların öz maraqları var və gördükləri iş də bu marağa xidmət edəcək. Elə bu səbəbdəndir ki, çox vaxt bizim özümüzü öz nəzərimizdə cılızlaşdırmış, özümüzü öz gözümüzdən salmışlar. Hətta bu məsələ o həddə çatmışdır ki, içərimizdən bəziləri “azərbaycanlı”, “müsəlman” ifadələrini özlərinə aid etməkdən utanc hissi duymuşlar.
Bəli, acınacaqlı olsa da bu - belədir. Və hamılıqla belə bir acınacaqlı vəziyyətə düşməmək üçün gəlin, özümüz özümüzə bir nəzər salaq, nöqsanlarımız varsa, onları düzəltməyə çalışaq.
Məşhur mütəfəkkirlərdən biri demişdir: “Mətnin içində olaraq həmin mətn haqqında kamil məlumat vermək mümkün deyil”. Bəs biz özümüz necə, mətnin içindən çıxdıq ki, məlumatımız obyektiv olsun? Bu mümkündürmü?
Əlbəttə ki, mümkündür. Əgər insan öz təxəyyülünün sonsuz imkanlarından istifadə etməyi bacarsa, hər şeyi əldə edə bilər. Ona görə də biz qərara aldıq ki, sizinlə fikir qanadlarında səyahətə çıxaq. Bir qədər ucalıqdan öz keçmişimizə, bu günümüzə, gələcəyimizə nəzər salaq. Səyahətimizin uğurlu keçməsi üçün “milli eqoizm”, “təəssüb” kimi bizə yük ola biləcək, fikirlərimizi tənəzzülə apara biləcək hissləri bir kənara qoyaq. (Çünki, yalnız bu yolla mətnin içindən çıxa bilərik).
Beləliklə, səyahətimizə davam edək. Gəlin əvvəlcə keçmişimizdən başlayaq. Dünənimizə nəzər salaq, görək dünən biz nələrə malik olmuşuq, və malik olduqlarımızdan nələri itirmiş, nələri qoruyub saxlamışıq?
Bəs hansı cəhətləri araşdırmalıyıq? Əlbəttə ki, milli xüsusiyyətlərimizi dəyərləndirmək istəyiriksə, millətləri bir-birindən fərqləndirən cəhətləri axtarmalıyıq. Belə olan surətdə deyə bilərik ki, hər bir millət digərindən öz dili, əxlaqı, adət-ənənəsi, folkloru, musiqisi, sənətkarlığı, geyimi və hətta kulinariyası ilə fərqlənir. Və Azərbaycan xalqının da bir millət olaraq bu sahələrdə özünəməxsusluğu danılmazdır. Bəs nədir bu özünəməxsusluq?
İlk öncə onu deməliyik ki, sadaladığımız bütün bu sahələr ayrı-ayrılıqda uzun-uzadı təhlil və müzakirə oluna bilən mövzulardır və biz bütün bunları etməli olsaq, səyahətimiz çox uzun çəkər. Çünki, bu məsələlər haqqında çox yazılmış və bunlar cildlərlə kitabların mövzularına çevrilmişlər.
Təkcə bunu demək kifayətdir ki, bu sahələrin hər birinin strukturunda bir harmoniya, mütənasiblik, gözəllik və ən nəhayət fəlsəfilik var. (Bu fikrimizi mütəxəssis alimlər təsdiq edə bilərlər). Və bu sahələr bir-birindən təcrid olunmuş şəkildə deyil, hər birindən digərinə keçidlər, rabitələr mövcuddur. Həmin keçidlər və rabitələr bir şəbəkə gözəlliyi, şəbəkə möhkəmliyi ilə bir-birini tamamlayırlar (məs, muğamla poeziyanın sintezində olduğu kimi). Məncə, milli özünəməxsusluğumuzu elə bu şəbəkə simvolizə edir. Bütün bu xüsusiyyətlər bizə əsas verir deyək ki, azərbaycan xalqı çox müdrik bir xalq olmuşdur və daha böyük hikmətləri qəbul edə bilmək üçün bir potensialı, zəmini olmuşdur. Bu səbəbdən İslam kimi mütərəqqi bir dini qəbul etmək bu xalq üçün heç də çətin olmamışdır. İslam dini xalqımızda əvvəlcədən mövcud olmuş bir çox əxlaqi xüsusiyyətləri bir qədər də cilalamış və ən əsası -mütləq hədəfə doğru istiqamətləndirərək daha da inkişaf etdirmişdir.
Bu baxımdan deyə bilərik ki, azərbaycan xalqının milli və dini dəyərləri heç də təzad təşkil etmir. Əksinə, bu iki keyfiyyət paralel istiqamətdədir və dini dəyərlərimiz milli xüsusiyyətlərimizin daha da inkişaf edib, kamil şəkil almasına səbəb olmuşdur. Məs. azərbaycan xanımlarının başörtüsünün tarixi hələ İslamdan öncəki dövrə təsadüf edir. Lakin, islamın təkid etdiyi hicab həmin milli geyimimizin bir elementi olan örpəyin daha kamil və məqsədyönlü bir şəkilidir ki, bu gün inanclı azərbaycan xanımları onu böyük bir fəxrlə daşıyırlar.
Ümumiyyətlə, İslam Azərbaycana gəlişi ilə bir çox sahələrdə, o cümlədən də elm sahəsində böyük sıçrayışlar etdi. Azərbaycanda Bəhmənyar, Şeyx Nizami, Tusi kimi dahilər yetişdi. Bu kimi misalların sayını artırmaq da olar.
...Keçmişə səyahət bu qədər. İndi isə gəlin, bu günümüzə nəzər salaq. Səthi baxışda ola bilər ki, hər şey qaydasında, və hətta inkişafda görünsün. Amma gəlin özümüzü aldatmayaq. Çox cüzi istisnaları çıxsaq, bu gün bizim nə milliliyimizin, nə də dinimizin təzahürü o qədər də hiss olunmur. Nə bir-birimizə münasibətdə, nə geyimimizdə, nə incəsənətimizdə. Hətta mətbəximizdə belə.
Bu gün biz dədə-babalarımızdan bizə miras qalmış böyük bir xəzinədən əl çəkmiş, kimlərinsə bizim üçün süni surətdə yaratdıqları hədəfi bilinməyən axına qoşulub bu yolla tərəqqi edəcəyimizə ümid edirik.
Söz bu məqama çatanda yolumuzu bir İçərişəhərdən də salsaq, məncə yerinə düşər. Keçmişə səyahət zamanı gördüyümüz o şəbəkə naxışlarını heç yerdə tapa bilməsək də, düşünürəm ki, İçərişəhərdə görə bilərik. Hə, bu da İçərişəhər. Həmin şəbəkə də buradadır. Amma nədənsə elə bil kimsə həmin şəbəkəni söküb yenidən qurmaq istəyib, lakin bacarmayıb. Bir-birindən qopmuş hissələr hərəsi bir tərəfdə qalıb. Sanki, keçmişimizdən gəlmiş başı qaragül papaqlı, əynində çərkəzi geyim olan üzü nurlu, pirani bir qocanın libasını dəyişib, başına “beysbolka”, əyninə idman modelli kostyum geyindiriblər (bütün bunlarda məqsəd isə «sivil qonşularımızdan geri qalmamaq», onlara müasir görünməkdir).
Bax bu gün İçərişəhərimizə də, milli-mənəvi dəyərlərimizə də münasibət bu cürdür.
Hə, səyahətimiz yavaş-yavaş başa çatmaq üzrədir. Qaldı bircə gələcəyə səyahətimiz. Bəlkə də çoxlarında belə bir fikir yarandı ki, bu günümüz belədirsə, gələcəyə getməyimizin bir anlamı yoxdur. Gəlin pessimizmə qapılmağa tələsməyək. Bir Məsum sözü var. İmam Sadiq (ə) deyib: ”Ağıl vasitəsilə dərinliklərdəki hikmət, hikmət vasitəsilə dərinliklərdəki ağıl üzə çıxarılır. (Bunlardan) yaxşı idarə üsulu ilə sağlam bir ədəb poeması yaranır.”
Vaxtilə azərbaycan xalqı da öz müdrikliyi, ağlı ilə dərinlliklərdəki hikmətə - İslama qovuşdu. Bu cün Azərbaycanda sayları o qədər çox olmasa da, milli adət-ənənələrə, islami qayda-qanunlara uyğun olaraq yaşayan ailələr vardır. Və bu ailələrdə balaca Mühəmmədlər, Əlilər, Fatimələr, Zeynəblər, Hüseynlər, Sadiqlər, Cavadlar böyüyürlər. Biz inanırıq ki, millətimizin ağlının, hikmətinin, dininin daşıyıcıları olan bu körpələr İmam Sadiqin (ə) dediyi “daha dərinlikdəki ağıl”ı üzə çıxaracaq, keçmişimizin Bəhmənyarlarının, Şeyx Nizamilərinin, Tusilərinin davamçıları olacaqlar. Və onların həyatından “sağlam bir ədəb poeması” - Azərbaycanın qədim şəbəkəsi canlanacaq.
Çün bir şəm ki, həqdən yana, heç bad ilə sönməz...
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий