Gündəlik həyatımıza diqqət etsək, bir şeyin şahidi olarıq ki, hər bir işimizdə ən yaxşıları seçərək çatışmamazlıqlardan, naqisliklərdən uzaqlaşmağa çalışırıq. Lakin elə yaxşı və pis işlər də var ki, artıq bizim pis və ya yaxşı vərdişlərimizə çevrilib. Yaxşılar hər mənada bəyəniləndir. Amma xoşagəlməz, artıq cəmiyyətdə, ailədə hamının narazılığına səbəb olan pisliklərdən, pis vərdişlərdən bəlkə uzaqlaşaq?
Pis vərdiş yaradan maddə dedikdə ilk ağla gələn alkohol olur. Amma bura təkcə alkohol yox, nikotin, morfi, geroin və s. də daxildir. Pis vərdiş yaradan maddələr mərkəzi sinir sisteminə, yəni beyinə və onunla əlaqədar olan başqa orqanlara mənfi təsir göstərir. Bunun nəticəsində isə bəzi şeyləri dərk etməkdə, xasiyyət və zehni qabiliyyətdə dəyişikliklər baş verir, davranışlar pozulur.
Bu cür maddələri qəbul etməyi vərdiş edən insan ondan istifadə üçün özündə həmin maddələrə qarşı daimi bir arzu hiss edir. Belə insanlar arzu etdikləri maddələri qəbul etməzlərsə, o zaman ruhi rahatsızlıqlar, əsəbilik kimi hallar baş verir. Bütün bunlar isə ruhi asılılığın mövcudluğunu sübut edir.
Psixoloqlar müəyyən etmişlər ki, insan ibadət etdikdə psixi cəhətdən çox sakitləşir.
İnsan üçün gündəlik vacib buyurulan ibadətlər onun mənəvi cəhətdən ruhuna qida, fiziki cəhətdən isə bədəninin sağlamlığı üçün çox xeyirlidir. Həmçinin Allahın insan üçün yeməyə və içməyə yasaqladığı qidalar. Həzrət Əli (ə) bu barədə buyurmuşdur ki, Allahın haram olaraq yasaqladığı şeylər elə özü özlüyündə pisdir. Diqqət etsək, islamda haram sayılan alkohollu içkilər, qumar, narkotik və bu kimi xoşagəlməz ünsürlər zatən pisdir.
Elə götürək alkohollu içkiləri. Alkohollu içkilər taxıl və meyvədən əldə edilir. Alkohol keyləşdirici, yəni yuxu gətirən bir maddədir. Qan yolu ilə beynə gedərək orqanizmin idarə mərkəzi olan beynin fəaliyyətini pozur. Beləliklə, insan sərxoş olur. Sərxoş isə düşünməyən, ağlını işlətməyən, xarici aləmlə əlaqəsi azalan, utanma hissi zəifləmiş olan, sadəcə olaraq ilkin fizioloji prosesləri olan - tənəffüs edən, qan dövranı və həzm qabiliyyəti olan bir şəxsdir. Amma daha çox qəbul edildikdə bu fəaliyyətlər də dayanır.
Alkohollu içkilərin nəinki bir şəxsə pis təsiri, həmçinin ictimai zərərləri də mövcuddur. Günümüzdə bu səbəbdən neçə-neçə ailələr dağılıb. Əzabını ən çox çəkən isə günahsız uşaqlardır.
Eləcə də siqaret. Siqaret tütün bitkisinin qurudulmuş yarpaqlarından hazırlanır. Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilmişdir. Bu maddələrin insan orqanizminə heç bir faydası yoxdur. Bunlardan ən zərərli olanları nikotin, qatran, karbon-monooksid (dəm qazı), xərçəng yarada bilən (kanserogen) maddələridir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır, mədə yarasına, dodaq, dil, yemək borusu, ağ ciyər xərçənglərinə səbəb olur, insanı öskürdür və xroniki bronxitə, damar divarlarının elastikliyinin azalmasına səbəb olur, hafizəni zəiflədir və bu kimi bir çox xoşagəlməz halları yaradır ki, bunlar da xəstəliklərin əmələ gəlməsinə zəmin yaradır.
Yəqin ki, bir çoxları, xüsusən gündəlik siqaret çəkənlər bütün bu deyilənləri eşidib qulaq ardına vuraraq:"Mən neçə ildir siqaret çəkirəm, heç ölmürəm" və ya "Mənə heç nə olmur" deyəcəklər. Onu da xatırlatmaq lazımdır ki, bütün bu sadalananlar birdən-birə yox, tədricən baş verir. Amma bu fikirdə olanlara demək lazımdır ki, ictimai yerlərdə özünü fikirləşmirsənsə, heç olmasa kənardakıları fikirləş! Yoxsa bu şəhərin sakini nəqliyyat vasitəsinə minərkən bu iyi duymağa öyrəşmiş və ya küçədə gedərkən hər addımdan bir siqaret kötüyünə rast gəlməyi xoşlamağa başlamışdır? Bəlkə Ramazan ayında oruc tutan insanlara xatir bu işdən uzaqlaşasan. Əgər Ramazan ayında oruclu insanlara xatir çəkinirdinsə, bu biri günlərdə də hər bir insana xatir çəkinməlisən. Çünki nəqliyyat vasitəsi və bu kimi ictimai yerlərdə oruclu insanlardan başqa qoca və körpə olanı da var.
Əgər evdə sakitçilikdirsə, sənin fikrin başqa-başqa yerlərdə olduğu üçün sən saatın tıqqıldayan səsini eşitməyəcəksən. Amma saatın səsinə diqqət etsən, o zaman eşidəcəksən. Eləcə də pis vərdişlər. Bir dəfə də olsun ziyandan başqa heç bir xeyri olmayan pis vərdişlərə diqqət edib haqqında düşündükmü?
Qurani-Kərimin «Əz-zariyat» surəsinin 56-cı ayəsində Allah Təala belə buyurmuşdur: "Mən cinləri və insanları Mənə ibadət etmək üçün yaratdım". Əgər biz müsəlmanıqsa, bu ayədən nəticə çıxarıb gündəlik həyatımızı proqramlaşdırmalıyıq. Belə ki, qeyd olunan hər bir pislik və xoşagəlməzlikləri tərk edib boş və mənasız işlərdən uzaqlaşaraq hər bir işimizi Allaha xatir görməliyik. Allaha xatir görülən hər bir iş isə ibadət sayılır. Lakin bu pis vərdişləri tərk etməsək və onları həyatımızın ayrılmaz bir hissəsinə çevirsək, bu bizim Allaha bəndə olmağımıza xələl gətirər. Yox əgər ruhi asılılığımıza çevrilmiş bu pis vərdişlərdən uzaqlaşa bilməyəcəyimizdən qorxuruqsa, əsla qorxmaq lazım deyil. Allah Təalanın bizə lütf etdiyi böyük nemətlərdən biri də iradədir. Əgər iradə göstərərək sonsuz rəhm sahibi olan uca Allaha sığınsaq, O, bizi bütün pisliklərdən qoruyar, inşəallah!
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Zemfira Nəsrullayeva
Комментариев нет:
Отправить комментарий