Böyük islam alimi Mühəmmədtəqi Cəfəri "Aşuranın təhlili" kitabinda yazir: İmam Hüseyn (ə) hər bir cəhətdən - nəsəb, dindarlıq, təqva, əxlaq və ədalət baxımından insaniyyətin ən yüksək zirvəsində idi. Məhz İmam Hüseyndə (ə) mövcud olan bu kimi səciyyələri, insani keyfiyyətləri nəzərə alaraq, hətta Muaviyə belə, öz oğluna belə tövsiyə etmişdi: "Nəbadə, Hüseynlə qarşı-qarşıya durasan!... Hüseyndə Əlinin qanı var. Sən Hüseyni ələ ala bilməzsən, əgər onunla mübarizəyə başlasan, Bəni-Üməyyənin adını ümumiyyətlə tarixdən siləcəksən".
Bəli bu haqq qəsbkarı məlun Müaviyənin, şərabxor, zinakar, bütün rəzil sifətləri özündə cəm etmiş oğlu Yezidə tapşırığı idi. Məlun Yezid isə bu hiyləgər tapşırığın nə demək olduğunu anlaya bilmədi. Onda hər rəzil sifət var idisə də, atasının tülkü hiyləgərliyi yox idi. Atasının qəsb etdiyi hakimiyyəti özününkü bilən Yezid bu dəfə özü "tapşırıqlar" verirdi.
Yezidin belə bir tapşırığından İmam Hüseyn (ə) hələ Məkkədə olarkən hali olmuşdu. Əmr ibni Səid Yeziddən aldığı tapşırığı: "İmamı ya tutmaq, ya da qətlə yetirmək" həyata keçirmək üçün Məkkəyə daxil olmuş idi.
... Ümumiyyətlə Kərbəla hadisəsinə Aşura gününə dək baş verən hadisələrə diqqət etdikdə görürsən ki, üz-üzə dayanan haqq keşikçiləri ilə batil qoşunları sanki MÜHÜM TAPŞIRIĞIN icrasındadırlar.
... İmam Hüseyn (ə) zalım nökəri Əmr ibni Səid ibni Asın niyyətindən agah olduqdan sonra möhtərəm evin hörmətin saxlamaq üçün Məkkədən çıxmağı qərar verir. Qardaşı Muhəmməd ibni Hənəfiyyənin: "Bəs belə tələsik Məkkədən çıxmağına nə səbəb olub" sualına İmam belə cavab verir:. . . Peyğəmbər (s) yuxuda mənim yanıma gəldi və buyurdu ki, "Hüseyn, Məkkədən çıx"...
İmam Hüseyn (ə) bu addımı atıb Məkkədən çıxarkən əziz babası islam Peyğəmbərinin buyurduğunu, tapşırığını icra edirdi. İmam hətta səfərə çıxdığı bu yolun nə kimi nəticələnəcəyini bilirdi. Və qardaşı Muhəmməd Hənəfiyyəyə bildirdi: "Peyğəmbər yuxuma gəlib buyurdu ki, ... Allah səni onun yolunda öldürdüyünü görmək istəyir».
İslamı aradan aparmaq istəyənlərin müaviyələrin, yezidlərin gözlərinə sanki bir ox batırırdı İmamın mübarək varlığı.
Muhəmməd ibni Hənəfiyyə İmamından soruşur ki, Ağa əgər şəhid olmaq məqsədilə gedirsənsə, bəs xanimanını niyə özünlə aparırsan?
İmam cavabında buyurur: «Allah onları əsir görmək istəyir».
Bəli, İmam Hüseyn (ə) bu səfərinin hər addımında bəyan edir ki, bunu Allah istəyib və Peyğəmbəri buyurub. İmam bununla bütün bəşərə bir dərs verir. Öyrədir ki, bəndə Rəbbinin buyruğu ilə Peyğəmbərinin tapşırığı ilə SƏADƏTLİ HƏYAT əldə edir. İmamın bu ZİLLƏTSİZ HƏYATdərsindən faydalananlar bütün dünyada KƏRBƏLA ŞƏHİDLƏRİ adı ilə tanınır və tanınacaq. O Kərbəla şəhidləri ki, susuz səhralarda qanları ilə mübarək cisimlərinə qüsl verdilər. Döyüş paltarlarını kəfən qərar verdilər.
Bəşər yaranandan bu günə qədər haqlı-haqsız qanlar axıdılır. Ancaq hər fədəkar qanına qəltan olan Kərbəla şəhidi olmayıb. Görən bəs bunun səbəbi nədədir?
Səbəb isə çox aydındır. 72 şəhidin hər biri döyüşdən əvvəl İmamının yanına gəlib döyüş üçün tapşırıq istəyir. Öncə ibn Ziyad ordusunun böyük sərkərdələrindən olan Hürr döyüşdən əvvəl bir anın içində qərar verir ki, məzlumlar tərəfində, zalımlara qarşı döyüşəcək. Və bu an Hürr atını İmamın düşərgəsinə tərəf sürür. İmam Hüseynin (ə) qarşısında atdan enən Hürr İmamından (ə) onun tərfəində vuruşmaq üçün icazə istəyir və döyüş üçün tapşırıq alır...
Bu qanlı səhnədə yüniyetmə Qasim: «Ölüm mənə baldan da şirindir» deməklə İmamından icazə istəyir və buyruq alır. Necə də ibrətamiz bir səhnə var burada, İlahi. İmamın buyruğunu yerinə yetirərkən, İmamın tapşırığını yerinə yetirərkən ölüm də bal dadır...
Qələm qollarına göz yaşı axıtdığımız Əbülfəzl Abbas imamın buyruğunu Necə Yerinə Yetirmək dərsini öyrədir aşiqlərinə.
... Ağam Kərbəlada BAYRAQDAR idi. İmam Hüseyn (ə) onu ələmdar təyin etmişdir. Lənətlik Yezid ordusu Əbülfəzl Abbası üzük qaşı kimi əhatə edir və xain zərbə... Bir qol Ələmdardan ayrılır. Ağam isə tək əli ilə bayrağı köksünə sıxır. Kəsilən qolda ağrımı yox? Niyə yarasını yox, ağam bayrağı qucaqlayır? Çünki buyruq Hüseyndəndir (ə), tapşırıq Hüseyndəndir (ə).
Lap kiçik yaşlarımdan Hüseyn (ə) əzadarlığı məclislərində bu sadaladığım səhnələri Seyid Zeynal rövzə və mərsiyələrində danışardı. Biz də «Hüseyn (ə) vay» deyə ağlardıq. Və bu ağlamaq daxilimdə o pak hissləri qoymuşdu. «... Kaş ki, Hüseynim (ə) mənə də bir buyruq verəydi"
İmam Hüseynin (ə) bu qiyamı bir çox alimlər tərəfindən araşdırılmış və təhlili yazılar yazılmışdır. Bu yazılardan biri Şəhid Mütəhhərinin "İmam Hüseynin (ə) qiyamına analitik bir baxış" kitabıdır. İmam Hüseyn (ə) qiyamını əmr-be-məruf, nəhy-əz-münkər müstəvisində təhlil edərkən dövrümüzün də bütün islami dərdlərini qabardaraq sonda belə bir sual qoyur. "Görəsən bu gün İmam Hüseyn (ə) nə buyurardı?»
Sual sanki Hüseyn (ə) əzadarlarına, Mehdi (ə.f.) intizarında olanlara ünvanlanır. Və Şəhid Mütəhhəri sualın cavabında buyurur: «Şübhəsiz o Həzrət (ə) buyurardı ki, sizin şüarınız FƏLƏSTİN olmalıdır... Öz zəmanənizin şimrini tanıyın...».
Allah Təala bizlərə həqiqi Hüseyn (ə) əzadarı olmağı nəsib etsin!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий