суббота, февраля 16, 2008

HƏQİQİ DÜŞMƏNƏ QARÇI GÜCLÜ SİLAHIMIZ

Həyatı "sürpriz"lərlə dolu olan insan çətinə düşdükdə bu çətinlikdən çıxış yolları axtarmağa başlayır. Lakin bəzən elə məqamlar olur ki, hara əl uzadırsa ya əli çatmır, ya da səsinə səs verən olmur. Məhz bu anda əlacsız qalan insan özünün gücsüz olduğunu hiss edərək elə bir varlığa sığınır ki, onun gücü və qüvvəsi tükənməzdir. İnsan bu cür anlarında Allaha sığınaraq Onun dərgahına əl açıb dua edir.
Əslində isə, insan təkcə çətinə düşəndə deyil, hər vaxt dua kimi bir ibadətdən faydalanmalıdır.
"Dua" kəlməsinin lüğəvi mənası "çağırmaq" deməkdir. İbadətlərin içərisində duanın özünəməxsus yeri var. Dua vasitəsilə insan öz maddi və mənəvi çatışmamazlıqlarını hər şeydə ehtiyacsız olan Allahdan diləyir. Bundan başqa, insan dua vasitəsilə psixoloji, mənəvi rahatlıq taparaq çətinliklərinin bir hissəsini geridə qoymuş olur.
İmam Sadiq (ə) buyurmuşdur ki, «Əsla duadan qafil olmayın. Çünki heç bir şey sizi Allah dərgahına dua kimi yaxinlaşdıra bilməz».
Həqiqətən, insan Allah dərgahına əl açıb yalvarış edəndə özünün ehtiyaclılığını, Allah qarşısında kiçikliyini və bəndə olduğunu biixtiyar hiss edir. İnsanın Allah dərgahında dəyərini artıran hisslərdən biri də məhz budur.
Onu da qeyd etmək lazımdır ki, Məsumlardan (ə) nəql olunan hədislərə əsasən duanın qəbul olma şərtləri, duanın qəbul olması üçün xüsusi vaxtlar və onun qəbul olmasına mane olan amillər də vardır.
Duanın qəbul olması üçün əsas şərtlər kimi duanın əvvəlində Peyğəmbər (s) və onun pak Əhli-beytinə salam göndərmək, bundan başqa ümidi bütün bəndələrdən kəsib yalnız Allaha ümid bağlamaq, duanın qəbul olmasına yəqin halında olmaq, Allahın dərgahına yaxın olan müqəddəs şəxslərə and vermək və bu kimi başqa xüsusiyyətlər vurğulanmışdır.
Bəzən aramızda elələrinə də rast gəlirik ki, "Mən dua edirəm, amma duam qəbul olmur" deyirlər. Bu məsələ ilə bağlı diqqətli olmaq lazımdır ki, Quranda buyurulduğu kimi biz bizim üçün nəyin xeyirli, nəyin isə ziyanlı olduğunu bilə bilmərik. Həmçinin Həzrət Əli (ə) bu barədə buyurmuşdur: "Allahın kəraməti hikməti ilə təzad təşkil etməz".
İmam Sadiqdən (ə) nəql olunan digər hədisdə isə rast gəlirik ki, «Allah Təala buyurdu: "Mən dostuma dünyada məni zikr etməyi unutduran bir şeyi verməyi əsirgəyərəm. Kafiri isə arzusuna çatdıraram, ona nifrət edirəm və istəmirəm ki, məni çağırsın və səsini eşidəm".
Bütün bu qeyd olunanlarla yanaşı, bizə çatan digər mötəbər hədislərə əsasən duanın qəbul olmasına mane olan əsas amillərdən biri də insanın günahlarıdır. Təsadüfi deyil ki, Kumeyl kimi əzəmətli duada rast gəlirik: "İlahi, mənim duaların qəbul olunmasının qarşısını alan günahlarımı bağışla".
Dua haqqında Məsumlardan (ə) kifayət qədər hədislərin nəql olunması duanın əzəmətli ibadət olmasına əsas verir və onun yerinə yetirilməsi çox təkid olunur. Gündəlik həyatımızda gərəyimiz olan və tez-tez xatırlamağımız gərəkən hədislərdən birini də Həzrət Peyğəmbər buyurmuşdur: "Dua möminin silahı, dinin sütunu və yerin-göyün işığıdır".
"Silah" kəlməsi bir çoxlarında müharibə və bu kimi şeylər assosasiya olunur, amma silahın digər mənası özünü düşməndən müdafiədir.
Möminin isə silahının birinci hədəfi şeytandır. Necə ki, «Yasin» surəsinin 60-cı ayəsində "Ey Adəm övladı! Məgər Mən (dünyada) sizə "Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir!"-deyə buyurmadımmı?!" buyrulmuşdur.
Əlbəttə ki, güclü düşməndən müdafiə üçün güclü silah olmalıdır. Lənətlik şeytan gecə-gündüz hər an insanı fitnəyə, fəsada salmağa sövq edir. Dua isə lənətlik şeytana qarşı güclü silahımızdır.
Bundan başqa, bəzi düşmənlərə yalnız Allah qalib gələ bilər. Belə ki, əlimiz bəzi düşmənlərə çatmadıqda güclü silahımız olan duadan istifadə etməliyik. Malik olduğumuz bu böyük nemət vasitəsilə böyük işlər görmək olar. Belə ki, minlərlə zülm edilən müsəlman ahını almaq, minlərlə müsəlman şəhidinin qanını yerdə qoymamaq, evindən-eşiyindən didərgin düşmüş müsəlman balalarını öz isti ocaqlarına qaytarmaq…
Əgər müsəlman olaraq hər birimiz dualarımızda bu sadalananları, işğal altında olan müsəlman torpaqlarını - Qarabağ və Fələstini unutmasaq minlərlə məzlumun nicat tapmasına kömək etmiş olarıq, inşallah.

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi Zemfira Nəsrullayeva

1 комментарий:

bikexanim комментирует...

Cemiyyetde dua medeniyyetinin formalashmasina tesir baximindan cox ehemiyyetlidir