Quran ilk olaraq rəhman və rəhim olan Allahın adı ilə başlayır. Öncə Allah. Zira, sən "mən"i artıq məhdudlaşdırırsan. Allahın insandan ilk istədiyi şey "mən"i boğaraq ona tərəf yönəlməsidir. Budur həqiqi mənəviyyat dərsi. Bir "mən" var, o da Allahdır. Öz "mən"ini boğ ki, Allahın rəhməti sənə şamil olsun. Hansı Allahın? Əvvələr öz səviyyənə saldığın Rəbbinmi? Yox. Əhəd olan, səməd olan, doğmayan, doğulmayan, bənzəri olmayan Allahdan danışılır. Sənə ilk öyrədilən şey bu vacib olan varlığa yönəlməndir.
Allah! Yəni həmd oluna bilən yeganə varliq. Allah! Yəni aləmlərin rəbbi Allah! Yəni rəhmət Allahı! Yəni cəza, mukafat, hesab gününün sahibi. Bütün varlıq yalnız Sənə yönəlmədikcə, yalnız Səndən kömək istəmədikcə zəlildir. Buna əməl etdinmi, indi istə. Nəyi? Mənəviyyatın yolunu. O necə bir yoldur? O müstəqim bir yoldur ki, o yolun kənarında qalanlar azanlar, o yolun içinə daxil olanlar isə - nemət sahibləridir. Budur «Fatihə» sürəsinin göstərdiyi yol. Müfəssirlik baxımından «Fatihə» insana kifayət edən sürədir. Çünki «Fatihə» Quranın özüdür.
Uzaq düşdük. Nədən? Qurandan. Biz Allahın varlığını kiminsə sözünə bağladıq. Aristotel, İbn Sina və digərləri - mən bunların gördüyü işi kiçiltmirəm. Demək istədiyim budur ki, niyə Allahı öz kəlamında axtarmırıq. Ey İnsan! Allah deyən Allaha yaxınlaş. Quranın ilk kəlməsi "be"dir. Ərəb dilində "be" hərf adlanan nitq hissəsidir. Amma hərf müstəqil olaraq məna ifadə etmiyən nitq hissəsidir. Bu "be" - sənsən.
Quran üslubu! Bu üslub o qədər dərindir ki, onu ən gözəl bilən Allah özüdür. Sən yalnız bildiyin qədəri demək qabiliyyətindəsən. Allah ilk olaraq səninlə başladı. Amma tək məna ifadə edə bilmiyən "be" ilə. Allah sənə nəyi öyrədir? Diqqət et! Allahsız sənin mənan yoxdur. Ey insan, ona görə Allaha yönəlmən labüddür. Məna daşımaq, mənəviyyat sahibi olmaq istiyrsənsə, dön Allaha.
Sonra ism kəlməsi gəlir. Niyə görə «billah» gəlmədi «bismillah» gəldi? Axı Allah ilk dərsləri keçir. Allahı vəsf edəcək görən bir ad var? Çətin. Amma Allahın ifadə etdiyi ad Allahdır. Ad varlığı vəsf edir. İnsan bu qüdrətdən xalidir. Allahı bir sözlə vəsf etmək. Bu yalnız Allaha aid bir qüdrətdir. Bəziləri dedilər ki, isimlə musəmma eynidir. Amma Allah ilk olaraq insana öyrətdiyi şeylərdən biri də isimlə musəmmanın eyni olmamasıdır. Ona görə bismillah buyurur Allah kəlməsi: bu kəlmə elə bir kəlmədir ki, bütün hədəfi göstərir. Məbud, ibadət oluna biləcək varlıq! Belə bir varlıq tanyırsanmı? Yox. Yalnız Allah belə bir vəsfə malikdir. O halda hələ səcdəyə qapılmamısansa, kifayət qədər bilmirsən.
Allah səni anlayır və buyurur. O Allah ki, rəhman və rəhim sifətinə malikdir. Bəs hansı halda insan onun rəhmətinə nail olar?! Diqqət et iki xususi ad bir-birinin ardınca gəlib. İstəsən də, istəməsən də o sənin Allahındır və sənə rəhman sifətini göstərir. Onu inkar etsən belə, sənə rəhmət tanıyır. Sənə nəfəs verir. Çünkü O - Rəhmandır.
Bəs niyə eyni anda iki rəhmət sifəti dalbadal gəldi? Çünkü rəhim sifəti xassa (xüsusiyə) aiddir. Sən Allahı Rəhman olaraq gör ki, xassa çevriləsən. Allahı Rəhman qəbul edəni, Allah rəhm qucağına alır. Səni Alahın qucağında böyüyməkdən kim məhrum edir? Budur sənə Allahın ilk öyrətdiyi cümlə. Xoş gəldin Allahın rəhmət süfrəsinə. Bu süfrədə nə istəyirsən var. Sənə bircə götürmək qalır.
Quran! Bəli, Quran Allahın süfrəsidir. İstəyən bəhrələnər istəməyən ac qalar. "Həmd olsun aləmlərin Rəbbinə". Sufrədə ilk şey həmddir. Yəni süfrənin sahibini tanımaq. Rəbb! Bu sufrənin sahibi. Eyni halda başqa bir sufrə sənə təqdim olunur. Bu da aləmdir. Birində məcbur, birində muxtar yaradıldın. Elə bilirsən səni yaradan səni başı-boşunamı buraxdı? Yox, çünkü O, Rəbbdir. Yəni tərbiyə edən.
Aləmdə fiziki olaraq onun tərbiyəsi altındasan - uşaqlıq, cavanlıq, qocalıq.. Əgər Allahın rəbbaniyyətini inkar edirsənsə, onda uşaq olma, uşaq olaraq qal, cavan olma, qocalma - amma, yox, bunlar mümkün deyil. Çünkü sən təkvini rübubiyyətə istəsən də, istəməsən də tabesən. Demək Allahın həm təkvini, həm də təşrii rübubiyyəti var. Quran, nübüvvət və imamət Allahın təşrii rübubiyyətidir. Allah səni burada faili-muxtar buraxdı. Niyəsini bir azdan görərsən.
Rəbb! Bu kəlməni bir qədər araşdıraq. Bu nəyi ifadə edir? Ərəb dilindən bu kəlmənin açıqlanması - ağa, bəsliyib baxan, tərbiyə edən, kamala çatdıran mənalarına gəlir. «Rəbb» kəlməsi Qurani-Kərimdə 979 dəfə keçmişdir. Niyə Allah Rəbb kəlməsindən bu qədər istifadə edir? Heç sənin üçün maraqlıdırmı? Çünkü sən tərbiyəyə möhtacsan. İnsan əgər tərbiyə almazsa, vəhşi heyvandan da vəhşi durumda olar. İndi bir düşünün nədir Allahın tərbiyəsi altında böyüymək? Bu necə mümkündür? «Mənim Allahla əlaqəm yoxdur» deyirsən? Əlaqə nəyə deyirsən, fiziki olaraq təmasamı? Əgər nəzərin budursa, səhv yoldasan.
Qeyd etdik ki, istəsən də, istəməsən də, fiziki inkşafda Allaha möhtacsan. Düşünsən, mənəvi dəyər sahibi olmaq üçün də Allahla rabitəyə möhtacsan. Bax budur rübubiyyətin əsl mənası. İnsan və Allah rabitəsi. Bu rabitə səni kamala aparır. Hansı kamala? Kamal nəyə deyilir? Kamal yüksək bir dəyərdir ki, o insanın insan olaraq yaşamasını əhatə edir.
Sən nə olmaq istəyirsən, çoxlu mal sahibimi? Bax budur dünyanın dərdi, mərəzi - "sahiblik". Halbuki, özünü sahibi saydığın şeyin əslində quluna çevrilirsən. Axı insan sahiblik xususiyyətinə zatən malik deyil. Dünyaya fail olan, dünyanın məfuluna çevilməz. Sənin Rəbbdən ayrılmağın səni zəlil edər. Zəlil olmaq istəmirsənsə, dön Allahın rübubiyyətinə.
Öncə toxunduğumuz nöqtəyə gəldik: sənin faili-muxtarlığın DİN GÜNÜNƏ görədir. Allah insanı cənnətdə və ya cəhənnəmdə də yarada bilərdi, niyə öncə dünya sonra hesab? Allahın işi hikmətə əsasəndir. Dünya rəzalət mənbəyi olduğu halda, həmin dünya şərafət mənbəyidir də. Hər şey sənin bu dünyada necə yaşamağından asılıdır.
Tarixin o tayında qalmış nəbilərə bax! İmanın oda qələbə çaldığı Həzrət İbrahim şücaətindən ta Həzrət Muhəmməd əxlaqına kimi. Səni ittiham edənə, sənə iftira yaxana qardaş deyə bilmək! Bunlar elə dəyərlərə yükləniblər ki!
Kaş mən də bu əməllərin ləzzətini ala biləydim! Amma bunu dünyada həyata keçirmək düşünulən qədər asan deyil. Əkinsiz biçim yoxdur. Biçim günü... Bu gündə kimi qurtuluşa, kimisə əzaba göndəriləcək. Diqqət et! Əslində göndərilməyəcək, özü-özünü göndərəcək. Dünyada özünün seçdiyin hal - sənin ünvanındır. Seçdiyin yer sənə göstəriləcək.
Kimdi həmin gün qurtuluşa çıxan? İbadətinin hədəfi Allah olan. Həyatının bütün səhnələrində Onunla olan, Ondan ayrılmağı bihudəlik sayan, hər an özünü Onun dərgahında hiss edən, bütün işlərində Onun rizayətini axtaran, "mən"dən Ona doğru irəliləyən, yalnız Onun köməyini gözləyən. Səsləyir səni Allahın: gəl mənim yoluma ki, o - mustəqim yoldur, ən düz və ən düzgün yoldur…
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий