суббота, февраля 16, 2008

Dünyəvilik və vicdan azadlığı

Azərbaycan bu gün dünyəvi dövlətlər sırasındadır. Dünyəvi dövlət dedikdə biz nə başa düşürük? Dünyəvi dövlət dedikdə ilk öncə totalitar rejimdən uzaq, demokratik bir qurum nəzərdə tutulur. Bəs totalitar və dünyəvilik məfhumlarını necə başa düşmək olar? Bunu başa düşmək üçün çox da uzağa getmək lazım deyil. Bir neçə il bundan qabaqkı Sovet Azərbaycanını yadımıza salsaq, kifayətdir. Marksizm-leninizm nəzəriyyəsinə əsaslanan vahid kommunist partiyasının ideologiyasının təməli üzərində qurulmuş Sovet Azərbaycanı.
Mövzudan uzaqlaşsaq da burada balaca bir haşiyə çıxıb Marksın və Leninin qanunvericilik haqqında fikirlərini nəzərinizə çatdırıram.
Lenin deyib: ”Hüquq, hüquq normalarını yerinə yetirməyə məcbur edə biləcək bir aparat olmadan heç bir şeydir. Dövlət hakimiyyətinə malik olan sinif hüquq vasitəsilə adamların davranışlarını müəyyən tərzdə tənzimləyir, özünün mənafeyinə cavab verən ictimai münasibətləri möhkəmləndirir və inkişaf etdirir.”
Marks deyir: ”İradəyə malik olan sinif hakim qüvvədir və həmin sinif dövlət şəkli almaq istəyəndə iradəsinə qanun qüvvəsi verir.”
Mənə elə gəlir ki, bu iki sitat sovet qanunvericiliyinin hədəfini, məqsədini çox aydın surətdə açıqlayır. Nəzərə alsaq ki, o dövrdə yalnız bir partiya, bir ideologiya mövcud olub, çoxsaylı, müxtəlif milli xüsusiyyətlərə, müxtəlif dinlərə mənsub insanları yeganə ideologiyaya xidmət edən bir konstitutsiya idarə edib, yəqinən deyə bilərik ki, bu halda bir çox insanların haqları, vicdan azadlıqları, öz milli-dini dəyərlərinə yaşamaq ixtiyarları əllərindən alınıb.
Tötalitar rejim haqqında bu qədər. Qayıdaq bu günümüzə. Yuxarıda qeyd etdik ki, Azərbaycan bu gün dünyəvi dövlətlər sırasındadır. Bəs bu nə deməkdir? Bu o deməkdir ki, bayaq dediklərimizin tam əksi özünü göstərməlidir. Mütləq demokratiya burada hökm sürməlidir. Dünyəvi dövlətdə din dövlətdən ayrıdır. Amma, dünyəvi dövlət olmaq dinsiz olmaq anlamına gəlmir. Əksinə, bu durumda demokratiya o qədər təcəlli edir ki, belə bir quruluşda yaşayan müxtəlif əqidəli insanların insan haqları müdafiə olunur. O cümlədən də dindarların. Yəni, hüquqi müstəvidə digərləri ilə yanaşı dindarlar da bərabərhüquqludurlar. Dünyəvi dövlətin hər bir vətəndaşı azad, sərbəst öz əqidəsinə uyğun həyat tərzi keçirə bilər. Burada insanın şəxsiyyətinə hörmətlə yanaşılmalıdır. İnsan bütün komplekslərdən uzaq, normal, azad həyat keçirə bilmək şəraitinə malik olmalıdır.
Dünyəvilik haqqında da bu qədər. Bəs vicdan azadlığı nədir? Və bir məfhum kimi dünyəvilik və vicdan azadlığı bir-biri ilə hansı münasibətdədir?
Vicdan azadlığı insan haqlarından biri, və ən əsasıdır. Belə ki, digər insan haqları dini etiqad və vicdan azadlığına əsaslı sürətdə bağlıdırlar. Bu bağlılığı belə açıqlamaq olar. Əgər insanın vicdan azadlığı əlindən alınarsa, avtomatik olaraq digər insan haqlarından da o məhrum olmuş hesab edilir. Çünki, insan haqları köklü olaraq insan ləyaqətinə söykənir. Müxtəlif düşüncəli insanlar insanın ləyaqəti olduğunu təsdiq edirlər. Və insan haqları da bu ləyaqətin qorunmasına xidmət edir. Buna əsasən də biz deyirik ki, vicdan azadlığı əlindən alınmiş insanın ləyaqəti tapdanır və digər insani hüquqların heç bir əhəmiyyəti qalmır.
İndi isə gəlin, bayaqdan bəri haçalanmış fikirlərimizi cəmləşdirərək mövzumuzun məğzini təşkil edən “dünyəvilik” və “vicdan azadlığı” məfhumlarının bir-birinə nəzərən hansı vəziyyətdə olmasını müəyyən etmək üçün nəticə çıxaraq. Yuxarida qeyd etdiyimiz açıqlamaları nəzərə alaraq deyə bilərik ki, dünyəvilik və vicdan azadlığı bir-biri ilə heç bir təzad təşkil etmir. Əksinə, biri digərinin şərtidir. Biri digərini müəyyən edir. Hər hansı bir ölkədə dini etiqad, vicdan azadlıqları pozulursa, orada demokratiya və insan haqlarının vəziyyəti qeyri-məqbul hesab edilir.
Günümüzə gəldikdə isə demokratik-dünyəvi dövlətimizin bizə verdiyi konstusion hüquq və azadlıqlara baxmayaraq, bəzi idarə və müəssisələrdə, bəzi icra orqanlarında bu qanunların kobudcasına pozulması hallarına rast gəlirik. Elə götürək günümüzün aktual problemlərindən olan hicab problemini. Bu gün hicablı qadın həyatını müxtəlif sahələrində qanuna zidd olaraq, sünii surətdə yaradılmış maneələrə, təzyiqlərə məruz qalır. Qanunvericiliyimizdə isə bunun heç bir əsası yoxdur. Bəs belə olan surətdə nə etməli? Əlbəttə ki, mariflənmək və düzgün müdafiə metodları axtarmaq lazımdır. Bu proseslər artıq bir mədəniyyət halına gəlməlidir. Və əlbəttə ki, bunun özü də, yəni, daim hərəkətdə, axtarışda olmağın özü də bir inkişafa çıxara bilər.Sonda isə ölkəmizin bütün mütərəqqi fikili vətəndaşlarını bu tipli məsələlərdə diqqətli və fəal olmağa çağırırıq. Çünki, Konstitutsiyanın bizə verdiyi haqq və azadlıqlar içərisində ən mühüm rol oynayan, insan ləyaqətinə birbaşa təsiri olan “Dini etiqad və vicdan azadlığı” maddəsi ilə əlaqədar olan hər hansı bir pozğuntuluq halı təkcə dindarların deyil, dilindən, dinindən, əqidəsindən aslı olmayaraq bütün azad fikirli, ləyaqətli insanların problemidir. Əgər biz azad vətəndaş cəmiyyəti qurmaq istyəyiriksə, sivilizasiya dünyasında layiqli yer tutmaq istəyiriksə, bu təkamül yolu ilə irəliləmənin başlıca şərti vətəndaşların insan haqlarının müdafiəsinin təminatıdır, insanların fərqli dünyagörüşünə dözümlülükdür.

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Bikəxanım Əzimova

1 комментарий:

mehdi комментирует...

Salam, yazi fikrimce, tehlili meqale olduqundan ona az muddetde sherh yazmaq 1 qeder cetindir.teqdire layiq yazi kimi qebul edirem,movzu aktualdir.lakin muellifin bi movcunu daha genish ve sanballi ishlemek iqtidarinda olduqu zennindeyem.en azi 1 yazi da ishlenilse ve dunyevilik anlaminin daha cox menalarini olduqunu nezere alib bunu bir qeder de genishlendire biler.
ALLAH KOMEYINIZ OLSUN!