вторник, мая 13, 2008

ADSIZ DƏYİRMANDA XORUZ OLER

və ya arxamızdan vurulan zərbə

Hər bir normal vətəndaşı Azərbaycanın bu günü və gələcəyi çox maraqlandırır. Bəndə də belələrindən biridir. Elə onun üçündür ki, gördüyüm hər bir şeydə bağlantı qurmağa çalışıram. Örnəyi, Azərbaycan filmlərinə baxan zaman yaxından-uzaqdan əlaqəsi olan hadisələr arasında analoji bağlantılar qurmağa çalışdım. Maraqlı olar deyə sizlə də bölüşmək istədim. Ən azı Azərbaycanı düşünənlər üçün “Bəndə prodakşın” təqdim edir.
Yadınızdadırsa (yaddan çıxan şey deyil) bir nezə həftə öncə BMT-də Azərbaycanın xeyirinə müzakirəyə çıxarılmış qətnaməyə ATƏT-in Minsk qrupunun həmsədri olduğu ölkələr direkt əleyhinə səs verdilər. Bu hadisədən sonra Azərbaycan QƏMLO-su ( Qarşılıqlı Əlaqələri Məhdudlaşdırma və Legitmləşdirmə Orqanı) sərt reaksiyasını bildirdi. Bundan sonra Kərbəlayi işə qarışıb Azərbaycan QƏMLO-suna dedi ki, axmaqlama, mən həmsədrlərlə bir ton duz-çörək kəsmişəm. Bu sözlərdən sonra da məsələ həllini tapdı. Əsası da bu oldu ki, heç kimin qəlbini yenə qırmadılar. Sizi bilmirəm mənə elə gəlir ki, həmsədrlər Qarabağ məsələsinə gecə pambıq yığmaq kimi baxırlar. Ona görə də bunlara “ yaxşı yol ” deməyin vaxtı çatıb. Əlqərəz, bu məsələ burda qalsın, keçək digərinə.
Yaxınlarda televizoru açanda bir jurnalistin guyamış qeyri-əxlaqi əməllər etdiyini bildirdilər. Və dediklərini təsdiqləmək üçün “sübutlar” da gətirməyə çalışdılar. Bu şouların səbəbini araşdıranda məlum oldu ki, nədi-nədi bu adam öz hüququnu tələb edib, nə bilim “zeytunluq” adlanan yerdən reportaj hazırlayıb. Adamda fərasətə bax, ha, məmur obyektini araşdırır. Əəə, neynirsən haqq-hüquq, işin qurtarıb yazı-pozuyla məşğulsan? Get özünə bir iş tap, işlə. Məsələn, yeni tikililərin birində kərpici kərpicin üstünə qoy. Sonra qazandığın pulu bir azını xərclə, bir azını ailənə göndər, sonra yıxıl yat. Səhər yenidən qalx işinə get. Beləcə günün keçsin. Ayda - iki ayda bir dəfə də bulvarda müftə konsertə get, qulaq pərdələrin partlayınca «super manıslara» qulaq as, televizoru aç, qiymətlərin dşməsini, həyatın günbəgün çiçəklənməsini eşit, kef elə özün üçün. Həyatın olsun “zor”, ömrünü şad, xürrəm vur başa. Özü də bu işdən şəhərimizin hər tinində, dalanında doludur. Nədən narazısan? Yarım milyondan artıq iş yeri açılıb. İnanmayan daşa dönsün.
Yoxsa haqq belə gəldi, filankəs filan elədi. Nəyinə lazım? Bilmirsən ki, bu ölkədə belə işlərlə məşğul olanların sonu pis olur. Deyəsən, heç “ Kişi sözü” filminə baxmayıbsan. Orda da Qasım haqqını tələb edib aksiya keçirmək məqsədi ilə ağaca çıxmışdı. Elə buna görə də atası yuxarıda qeyd etdiyimiz təhlükələrdən oğlunu qorumaq üçün onu xəbərdar edib demişdi: “Ay oğul, düş bu ağacdan yerə. O qədər ağacda qalacaqsan ki, axırda sənə quş Qasım deyəcəklər“. Hə, dünya görmüş kişidir də.
“Kişi sözü” filmindən danışdım yaralı yerimə toxundu. Filmə baxanlar bilir ki, Qasım bir gün bütün fermanın işçilərini mavi ekranın qarşısına yığıb bildirir ki, indi onu göstərəcəklər. Elə bu sözləri söyləyər-söyləməz mavi ekranın bütün fonunu tutan ala inək var gücü ilə bağırır. O zaman filmdəki iştirakçıların üzündə bu hadisə acı gülüş yaradır. Əlbəttə təəccüblüdür. İnək hara, mavi ekran hara. Amma bu gün üçün heç də təəccüblü deyil. Çünki, artıq günün istənilən saatında mavi ekranlardan inək, keçi, qoyun, ulaq və s. bunlara bənzərlər səs-səsə verib bağırışırlar. Lakin bəzi şeylər bir qədər yenilənib, müasirləşib. Məsələn, indi adını çəkdiklərimiz müxtəlif dekorasiyalı məkanlarda, rəngli işıqlar və musiqi sədaları altında mələşirlər. Heç Avstraliyada inəklərə belə qayğı yoxdu. Deyirlər, artıq dünyada qıtlıq yaranacaq. Yəni, Qərb üçüncü ölkələrə bundan sonra təkcə “demokratiya” deyil, qıtlıq da ixrac edəcək. Yerlilərimizin verdiyi xəbərə görə Azərbaycan bütün il boyu bu ixracatı yüksək səviyyədə idxal etməyə hazırlaşıb. Bu da ona gətirəcək ki, “Şərikli çörək” filmi nəinki ölkəmizdə, hətta dünyada ən baxımlı film olacaq. Hələ, bəlkə, “Osqar” da aldı. Sevinin, camaat, gözünüz aydın! Aclıq dünyaya dərd, bizə isə “Osqar” gətirəcək. Və biz gələcəyə iri addımlarla “ çörək verənin özü çıxsın, verməyənin gözü çıxsın “ şüarı ilə irəliləyəcəyik.
Qısası, əzizlərim, bəxt üzüyümüz itib. Daha doğrusu bəxt üzüyünü oğurlayıblar. Ən pisi də budur ki, oğurlayanlar bizim məhəllədə yaşayırlar. Jurnalistiləri şillə-təpik altına basan, min yeyib birini özgəsinə qıymayan, cınqırını çıxarana dağ basan. İndi isə siz deyin, belələrini bağışlamaq olarmı?

Eynal Qardaşov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: