понедельник, мая 05, 2008

ŞÜŞƏLİ QUTU

Deyirəm əgər əlimdə zamanı geriyə qaytaran maşın olsaydı, mütləq ibtidai icma qurluşuna qayıdardım. Ən gözəl vaxtlar o vaxtlar imiş. Paxıllıq yox, yalan yox, pul yox. Bunların əvəzinə sevgi var, mehribanlıq var, birlik var.
Nə var e, indiki dövrdə - kimə baxırsan ac canavar kimi caynaqlarını açıb bir şikar axtarır. Elə şikarlar da özünə görə deyil. İş orasındadır ki, şikar hesab edilənlərin özləri canavarlardan betər ovcudurlar.
İbtidai icma quruluşunun ən böyük xüsusiyyəti bilirsiniz nədi? - müasir dövrün ən böyük problemlərindən olan televizor həmin dövrdə yox idi. Bu şuşəli qutu özü-özlüyündə yaxsi şeydi, ancaq o qədər pis vasitə kimi istifadə edirlər ki, ictimai zərəri ictimai xeyrini keçib.
Evimizin bir sakininə çevrilən bu şüşəli qutu daima bizimlə danışır. Amma nə danışır - bilmirəm ki, bilmirəm.
A qardaş, nə qədər teleserial olar?! Səhərdən axşama qədər bu şüşəli qutunun qarşısında əyləşsək, seriallar zəncirinin qırılmadığını görə bilərik. Ola bilsin ki, bu - bizim əllərindən bir iş gəlməyən telekanal işçilərimizin məharətidi. Gözəl proqram, maraqlı layihə hazırlaya bilməyəndə, efirdə boş vaxt əmələ gəlir. Bu boş vaxtı da ardı-arası kəsilməyən seriallarla ört-basdır edirlər.
Neyləsinlər axı? Onlar da evlərinə bir-iki manat aparmalıdılar da. Ona görə də böyük şirkətlərin reklam çarxların vermək üçün bu usula əl atıblar.
Indi bunları oxuyan adamlar çox səbirli bir tərzdə, mənə tənə edərək, "Bazar iqtisadiyyatıdı da" deyəcəklər.
Yazıq " Bazar iqtisadiyyatı". Cəmiyyətdə nə qüsür var, sənin başında çartlayır. Yağ qalxır - səbəbkar «Bazar iqtisadiyyatı»dı, ət qalxır - baiskar yenə «Bazar iqtisadiyyatı»dı, maşrutun gediş haqqı qalxır - yenə də səbəbkar «Bazar iqtisadiyyatıdı».
Adama deyərlər serial verirsən-verirsən, heç olmasa bir mərifətlisin ver də. Əxlaqsız , necə deyərlər mentalitetimizə uyğun gəlməyən serialların bazar iqtisadiyyatına nə dəxli var! A qardaş, sənə təkcə həyatınım yarıdan çoxunu yaşamış, pisi də, yaxşını da görmüş adamlar baxmır axı. Millətin gözünü dikdiyi bu seriallara hələ həyatın bəd sifətini görməyən, həyata ancaq müsbət sevinc dolu gözlərlə baxan məktəbilər və yeniyetmələr də baxır.
Məktəblilər demişkən. Qabaqlar müəlimlər şikayət edirdilər ki, guya dərslərdə onlarla şagirdlərin dialoqu baş tutmur. Telekanal işcilərinə bir şad xəbər vermək istəyirəm ki, sizin serial işindəki göstərdiyiniz əmək bəhrəsini verdi. Nəhayət müəllimlərlə şagirdlər dərslərdə danişmağa bir mövzü tapıblar. Müəllimlər işdə olub baxa bilmədikləri seriallar barəsindəki son xəbəri şagirdlərdən alırlar. Nəticədə bu xəbərlərin keyfiyyəti dərəcəsinə görə rub qiymətləri müəyyən olunur. Məsələn, filan müəllimə filan serial haqqında ən çox məlumat verən şagird əla qiymət alır.
Deyirəm, bəlkə də bütün problemləri seriallar vastəsi ilə həll etmək olar. Necə? - Əlbəttə çox sadə. Götürək Qarabağ məsələsini. Bu məsələ artiq neçə ildi ki, həll edilə bilmir. Ancaq bəlkə gedib ermənilərə üç-dörd serialı başdan-ayağa, əzbər danışsaq, onlar bizim zehnimizə heyran qalacaqlar. Nəticədə bizdən qorxub torpaqları geri qaytaracaqlar.
Bəlkə də sizə bu gülməli gəlir. Ancaq sizi inandırım ki, bizim telekanalların serial siyasəti bundan da gülməlidi.
Eh, bu barədə danışan kimi ürəyim ağrımağa başlayır. Ürəyim ağrıyan kimi də bazar iqtisadiyyati şəraitində qazandığım beş-on manatimdan keçib dərman alıb atıram. Bu məni bir az sakitləşdirir. Amma nə fayda. Hər serialdan danışan məktəbli görən kimi, yenə də halım xarab olur.
Indi bidiniz nəyə görə ibtidai icma qurluşuna qayıtmaq istəyirəm? Çünki o dövrdə nə serial göstərən şüşəli qutu, nə də serialdan danışan məktəbli görmək mümkün deyil. Bəh-bəh, nə gözəl yerdi ora…


Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Комментариев нет: