пятница, мая 16, 2008

Təmiz qəlb

Həmd olsun Allaha ki, bizi insan olaraq yaratdı, bizə imanı sevdirdi, bizi İslam dinində etməklə şərəfləndirdi.
Bu bir həqiqətdir ki, 70 il qəflətdə yaşadıq, cəhalətə sürükləndik, özümüzə zülmümüz, azğınlığımız hüdud bilmədi. Dinsiz, asi bir hökumətə müti olub, “ox yayından çıxan kimi islamdan çıxdıq”. Belə ki, Allaha itaət və ibadətdən bixəbər bütöv bir nəsil meydana gəldi.
Yenə həmd olsun, bizə bizdən yaxın Rəhim Allaha ki, bizi özümüzdən qorudu, zalımlardan saymadı. Bəlkə də qəlbimizdə olan Allah sevgisi, islam sevgisi bizi özümüzə qaytardı. Çünki “Allah zalım qövmü hidayət etməz” («əl-Maidə», 51). Bu bir ilahi lütfdür ki, 70 illik qəflətdən sonra yenə ölkəmizdə İslama dönüşün baş verdiyini, namaz qılıb, oruc tutanlarımızın, dini maariflənməyə meyl edən gənclərimizin çoxaldığını, məscid və mədrəsələrimizin artıb abadlaşdığını, uzun illər yasaq olmuş dini ədəbiyyatın yayıldığını görməkdəyik. Həqiqətən, Allahın rəhmətindən ümid kəsilməz.
Lakin təəssüflər olsun ki, həmvətənlərimizdən bu gün də dinin vacib hökümlərinə, o cümlədən namaza, oruca biganə yanaşanlar hələ də var. Belələri bu biganəliyə haqq qazandırmaq üçün belə bir deyimi tez-tez təkrarlayırlar: ”Əsas odur ki, insanın qəlbi təmiz olsun”. Zahirdə təsirli görünsə də, təəssüf ki, imana heç bir aidiyyəti olmayan, dindən uzaqlaşdıran sözlərdir. Qəlbin təmiz ya natəmiz olduğunu Allahdan qeyri bilən kimdir? Özünü təmiz sayaraq ibadətə ehtiyac görməyən insan o bilgiyə sahibdirmi? O, haradan bilir ki, təmizdir? Məsələn, Allah-Təala buyurur: ”Ona (Qurana) yalnız təharətlənənlər (paklananlar) toxunar” («Vaqeə»,79). Paklanmaq üçünsə ən azı Allahın rizasını umaraq dəstəmaz almaq, zəruri hallarda qüsl etmək gərəkdir. İbadət etməyənin qüslə, dəstəmaza əhəmiyyət vermədiyi məlumdur. Beləsi böyük nemətdən, yəni Qurani-Kərimi ələ alıb oxumaqdan özünü məhrum edər. Allahın kitabını oxumayanın “elmi” iblisdən olar. İblis isə yalnız vədə verər, elm verməz, verdiyi vədənin də üstündə durmaz. O, insanı özü-özünə təmiz göstərər, insan da inanar, ”təmizəm” deyib ibadətdən uzaq düşər. Əslində şeytanın istədiyi də budur. Quranda buyurulur: ”Dilədiyini pak edən yalnız Allahdır” («ən-Nisa»,49).
Özünü təmiz sayan insan ilk yaradılışda necə olduğunu düşünməzmi? ”O, sizi torpaqdan yaradarkən və siz analarınızın bətnində döl halında ikən sizi tanıyırdı. Özünüzü təmiz göstərməyin”. («ən-Nəcm»,32)
İbadətin insanı pak etdiyini hədisi-şəriflər də anlatmaqdadır. Bir dəfə sevimli Peyğəmbərimiz (s) əshabından soruşdu: «Sizlərdən birinizin qapısının önündən çay axarsa və o kimsə hər gün beş dəfə o çaya girib yuyunarsa, üzərində kir qalarmı?» Səhabələr “qalmaz” dedilər. Rəsulallah (s) buyurdu: ”Gündə beş vaxt namaz qılanların da kiçik günahları beləcə təmizlənər.”
Ey insan! Qəlbləri təmizləyən Allaha sığın! Onu tap. Onu tanı. Ona qulluq et. O, sənə yetər. Onun sənə ehtiyacı yoxdur, sən ona möhtacsan.


Yeganə Fərəc,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: