Demoqoqların arzusu gözlərində qalsın
Xarici və daxili siyasət mövzuları hər bir vətəndaşımızı elə əhatələyib ki, bu məlumat ümmanında baş çıxaran az bir sayda başbiləndir. Qalan hörmətli vətəndaşlarımız məlumat dənizində qərq olmaq qorxusundan baş verən proseslərə laqeydlik nümayiş etdirməyə üstünlük verirlər. Amma xəbər-ətərdən başı çıxan insan da hərdən elə xəbərə rast gəlir ki, beyni «otklyuçat» olmasın deyə, bu barədə düşünməməyə üstünlük verir
Ən çoxu da, məlumat axınının içindən «əmma» istehsal etməkdə bizim qanunverici orqan fəqlənir. Elə bilməyin ki, nazirlik və idarələrin «əmma» çıxarmaq potensialı məclismenlərinkindən azdır. Yox-yox, əzizim, əsla! Bəkə də nazirlikləri monitorinq etsən, elə «əmma»lar çıxar ki, beynin «otklyuçat» olunmaqdan başqa əlacı qalmaz. Sadəcə olaraq, məclismenlərin fəaliyəti daha çox işıqlandırılır, odur ki, geniş xalq kütlələri də bu nəcib insanların gecə-gündüz xalqın rifahı barədə düşünmələrinin canlı şahidi ola bilir.
Düzdür, bəzi bədgümanlar deyə bilər ki, məclismenlərin başı daha çox özlərinin maaşını artırmağa, özlərini mənzillərlə, əlavə köməkçilərlə, «personalnıy» maşınlarla, müxtəlif güzəştlərlə təmin etməyə qarışıb. Amma inanmayın. Bədxahlardır, gözləri götürmür. ABŞ konqresmenləri bilirsiniz nə qədər alır? İldə 100 min dollar, bizim pulla ildə 83 min yeni manat. Ayda nə qədər edir? Düzdü, 7 min manat. Bizim məclismenlər nə qədər alır? Vur-tut 1500-1700 manat. Yəni konqresmendən 4 dəfə az. Niyə belə olmalıdır? Bizim məclismenin nəyi əskikdir konqresmendən?! Həə, bu demoqoq bədxah deyəcək ki, bizdə minimal maaş 60 manatdır, konqresmengildə isə bizim pulla 581 manat. Deməli, həmin demoqoq davam edərək deyəcək, konqresmen oradakı işsizdən vur-tut 12 dəfə çox alır, amma bizim məclismen isə minimal maaş alan vətəndaşdan 28 (!) dəfə çox alır.
Balam noolub, niyə gözüvüz götürmür camaatın yaxşı dolanışığını? Siz heç müqayisə etmisiniz konqresmenin əyləncəyəbəzər işini bizim məclismenlərin gərgin fəaliyyət rejimi ilə?! Heç bunları əslən müqayisəmi etmək olar? Bizdə elə olur ki, lazım olanda bir günə 3 oxunuşda qanun qəbul olunur. Hətta bir günə bir neçə qanun kullən qəbul olunur. Konqresmenlər yatsa da, yuxularına belə məhsuldarlıq girməz. Girinc olublar bir Buşun əlində, ha deyirlər qoşunlara ul verməyəcəyik, çıxart İraqdan, qayıdıb bircə kərə şivən qoparsa ki, təhlükəsizliyimizi təhlükə altına qoyursuz - quzu kimi qayıdıb 100 milyard dolları bir göz qırpımında buraxacaqlar gedər-gəlməzə.
Yeri gəlmişkən, ay bədxah gözügötürməyənlər, məclisçilərimiz bir günə neçə məntəqənin adını dəyişiblər. Xanlar indi Göygöldür, Əli Bayramlı - Şirvan olub, Qobustan rayonunun Yekəxana kəndi dönüb oldu Qədirli, Canavarlı kəndi də münasib ad ələ etdi.
Nədi, buna da bir qulp qoyacaqsınız? Necə? Noolsun ki, bəzi deputatlarmız Xaçmaz sozundə «xaç» sözünü gördükdə, Xaçmaz rayonun adını dəyişdirilməsi barəsində təkliflə çıxış edir? Buna səbəb ermənilərin «xaç» sozünü işlətməsini əsas gətirir? Necə yəni bu məntiq ilə getsək, onda gərək Araz çayının, Aran düzünün, Maral-gölün və bir çox başqa toponimlərin adını dəyişək, çünkü bu sözlərin tərkibində ermənilərin öz aralarında ən çox işlətdikləri «ara» hecası var?
Yox, sizinki elə söz güləşdirməkdir. «Mozqovoy şturm» heç bilirsiniz nədir? «Beyinlərin hücumu». Bilmirsininz ki, bu intellektual fəaliyyətdə hər bir təklif verilə bilər və sonra yüzlərlə təklifin arasından bir-ikisi seçilir. Nədi? Necə yəni Milli Məclis «Çto? Qde? Koqda?» deyil ki, burada «mozqovoy şturm» həyata keçirilsin? Nədi? Necə bəyəm, dünyada belə praktika yoxdur ki, qanunverici orqanda kim nə istəyir təklif etsin, burada hazır layihələr təqdim olunmalıdır? Bax, mən demədim, özünüz dediniz. Gördüyümüz kimi, məclismenlərimizin iş qrafiki son dərəcədə gərgindir. Hamıdan fərqlənir. Ona görə də sadə vətəndaşdan 28 dəfə deyil, bəlkə 58 dəfə çox almalıdırlar. Demoqoqlar qoysa…
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий