Siyasi-ictimai quruluşun yaratdığı ateist ab-havası elmlə din arasında dərin bir uçurum yaratmış, yanlış nəzəriyyələrə əsaslanan “alimlər” dinin elmə qarşı olması mövqeyindən çıxış etmişlər. Dinin cahillik olduğunu söyləyən bu “alimlər” dindarların elmdən uzaq olduqlarını və onların elmin inkişafına maneə yaratdıqlarını iddia etmişlər. Beləliklə onların arxasınca gedən nəsillər də uzun müddət bu düşüncə tərzindən kənara çıxa bilməmişlər. Lakin elmin, texnikanın inkişafı ilə insanlar arasındakı mənəvi boşluqları doldura biləcəklərini zənn edənlər əlbəttə ki, sonda yanılırlar. Elm inkişaf etdikcə nəinki mənəvi, hətta ekoloji, iqtisadi və bir çox problemlər də onunla yanaşı «inkişaf» edir. Bu baş verənlərdən sonra anlayıb görürlər ki, təkcə elmin inkişafı ilə mənəviyyat problemləri həll olunmur. Bu mənəvi boşluqları doldurmaq üçün müxtəlif yollara baş vuraraq, ideologiyalar yaratmaqla problemin həllini tapmağa çalışırlar ki, bunlardan biri də “ziyalılıq”dır. Onlar toplumda guya “ziyalı baxış”, ”ziyalı təfəkkür” yetişdirməklə hər şeyin yaxşı olacağını zənn edirlər.
Amma görək nədir ziyalılıq? XIX əsrdə Fransada “intellektual” adı altında təzahür edən, sonra Türkiyədə “münəvvər”, İranda “roşən fikir”adıyla fəaliyyət göstərən bir sinif meydana gəlir ki, Azərbaycanda bu “ziyalı” adı ilə tanınmışdır.
Ümumi halda ziyalı - gündəlik fəaliyyətində fiziki işlə deyil, daha çox zehni əməklə məşğul olan insana deyilir. Ədəbiyyat, tibb, dəqiq elmlər, incəsənət və bu kimi bütün sahələrdə zehni əməklə məşğul olan kəslər ziyalı sayıla bilər. Ziyalının əsas bazası elm olsa da, o, alim sayılmır. Çünki, o, araşdırdığı elmlərin tam mütəxəssisi deyil.
Zamanın, cəmiyyətin taleyindən agah olan ziyalı, eyni zamanda cəmiyyətin nəbzini də tutmağı bacarır və görüb-eşitdiklərini vicdanının səsinə uyğun qələmə alır. Bu səbəbdən ziyalı hakim dairələr tərəfindən daima nəzarət altına alınmış və ona həmişə hakim sistemə bir təhlükə kimi baxılmışdır. Buna görə də xalqını sevən, onu daim ayıltmağa çalışan ziyalını müxtəlif yollarla xalqdan ayırmağa çalışmışlar. İstər zahiri görkəmi, istər neqativ vəziyyətlərə təhrik etməklə, yaxud da sadəcə olaraq “dərnək” və ya ”yazıçılar ittifaqı” adı altında onun fəaliyyət sahəsini məhdudlaşdırmağa çalışmışlar. Bu və ya başqa yollarla ziyalını öz dinindən, kökündən, bir sözlə əsl həqiqətindən uzaqlaşdırmağa cəhd etmişlər.
Hətta sosioloqların bu quruluşlara belə bir məsləhəti də təsadüfi olmamışdır: ”Müsəlman cəmiyyətlərində dini avam kütlə, dinsizliyi isə ziyalılar arasında yayın”. Buna görə ziyalı da ziyalılaşdıqca daha da dinsizləşmiş və bunu özü üçün bir ucalıq və inkişaf bilmişdir. Hətta iş o yerə çatmışdır ki, din əleyhinə çıxış edib dinsizliyi təbliğ etməyə başlamışdır. Çünki, din onun nəzərində nəsə avam kütləyə xas bir şey kimi formalaşdırılmışdır.
Tarixdə bu kimi nümunələr kifayət qədər olmuşdur. Misal üçün, xalq arasında tanınan yazıçılardan birini buna misal göstərmək olar. Əvvəlcə bir yazıçı kimi fəaliyyətə başlayaraq ilk öncə Füzulini tənqid atəşinə tutan, sonra əlifbanı təhqir edən bu “ziyalı” xalqdan heç bir səs çıxmadığını gördükdə, yavaş-yavaş dini və axırda Allahı inkar edir. Bu “xidməti” nəticəsində də Qafqaz canişini və baş konsulların xidmətinə nail olaraq, sonda onların buyruq quluna çevrilir.
Bu qeyd olunan nümunədən əlavə bir çox digər tanınmış şəxslər də olmuşdur ki, özlərinə bu yolu rəva bilmişlər.
Kökünə, dininə, xalqına sadiq qalmağa çalışan bir çox ziyalılar isə müxtəlif yollarla aradan götürülmüşdür. Beləliklə, xalqın keçmişini daim xatırladan, mədəniyyətinin, adət-ənənəsinin, tarixinin daşıyıcısı olan ziyalıların kökü kəsilməyə başlayır. Bu boşluqları isə ucqar kənd və rayonlardan dəstə-dəstə əkinçi və çobanları yığaraq şəhərə gətirib, oxutdurub və öz məqsədlərinə uyğun fəaliyyətə cəlb etməklə doldurmağa başlayırlar. Zaman-zaman “ziyalı” pərdəsi altında bu sözün batini mənasından tam uzaq bir qrup insan yetişdirilir. Əslində bu ziyalı adı altında dindən uzaq bir ideologiya yaratmaqla insanların mənəviyyatındakı boşluqların doldurulması üçün bir addım idi. Təzyiqlərini bu günə kimi də davam etdirən belə qurumlar çox çalışaraq məqsədlərinə müəyyən qədər nail olsalar da, həqiqi ziyalıların kökünü tam kəsməyə müvəffəq ola bilmirlər. Həqiqi ziyalılara qarşı cinayətlərin bu gün də davam etməsinə baxmayaraq, nəticədə bir daha görürük ki, xalqın içindən, xalqın qəlbi ilə döyünən, dininə, imanına, əqidəsinə, soy kökünə bağlı ziyalılar yetişir və yetişməkdədir.
Sonda böyük İslam Peyğəmbərinin (s) buyurduğu bir hədisi burda qeyd etmək istərdim: ”Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə, cəmiyyət yanıb məhv olar”.
Vüsalə Əliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
пятница, мая 16, 2008
Dinsiz elm və ziyalılıq
Ярлыки:
yazar: Vüsalə Əliyeva
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий