İnsanların ən gözəli nurlu, gülərüz və mehriban nəzərləri ilə xoş təsir bagışlayan, qəlbi imanla dolu bəndələrdir. Bu insanların çöhrəsindən təbəssüm daima öz işığını ətrafa saçır. Təbəssüm həyatda bir çox qəlbləri yumşaldıb çətinliklərin və dərdlərin aradan getməsinə səbəb olmuşdur.
Allahın bəxş etdiyi bu hiss əbəs deyil. Lakin, bəşər övladı bilməlidir ki, harda və necə gülüb, təbəssüm etməlidir. Gülüş və təbəssümün müxtəlif növ və formaları var. Burda doktor Həsən Ələvinin gülüş haqqında söylədiyi fikirlərə nəzər salaq. O, gülüşün müxtəlif qisimlərini sadalamışdır. Məhəbbət gülüşü, məsxərə gülüşü, təsirlənmək gülüşü və qəzəb gülüşü. Hətta ağlamaqda həmişə qəm-qüssədən yaranmır. Sevinc və şövqdən ağlamagın ləzzətini hamı dadıb və hamı üçün bu hal baş verib. Bəzən böyüklərdən «yersiz gülmə!», deyə söylədiklərini hər birimiz eşitmişik. Burda bir hadisəni sizlərə çatdırmaq istərdik.
İşdən evə qayıdırdım. Yolumu Bakı Metropolitenidən salıb oturacaqların birində əyləşdim. Növbəti stansiyalarda beş-altı cavan içəri daxil olar-olmaz uca səslə danışıb, gülməyə başladılar. Sərnişinlərdən bir neçəsi onlara baxırdı. Kənardan çox pis görünürdü. Sanki hamı onların düşməyini gözləyirdi. Məcburən də olsa onlarla birgə yol getdik. Sərnişinlərdən onlara sakit olun dedikdə təəccüblə baxır və heç kəsi saymırdılar. Onların etdikləri bu hərəkət, yersiz gülüşləri ilk növbədə özlərini eybəcər göstərməklə yanaşı, ruhlarına da təsir etdiyini bilməlidirlər. Odur ki, Rəbbimizin bizlərə əta etdiyi hiss və duyğular yersiz mələkə halını almamalıdır. Allah Təala öz bəndələrinə buyurur: ”Bəndəm nəyə gülür ki, bir halda bilmir, mən ondan razıyam ya yox”.
Əgər biz Allahın razılıgını qazanmaq istəyiriksə, onda bəxşiş etdiyi hər bir şeydən yalnız ona xatir etməli və qurbi ilahi olmalıdır. Və İmamımız Əli (ə) bir hədisində buyurur: ”Çox gülmək, insanın qəlbini bərkidər”. İnsan hər əməlinə diqqət etməlidir ki, Allahdan uzaq düşüb, uçuruma yuvarlanmasın.
İslam peyğənbəri Həzrəti Muhəmməd(s) heç vaxt ucadan gülməz və həmişə xoş təbəssüm edərdi. Hədislərdən məlum olur ki, onun qabaq dişləri güləndə görünmürdü. Lakin Uhud döyüşündə öz oglunun yarasını bağlaya-bağlaya düşmənə qarşı mübarizə aparan qəhrəman ananı gördükdə sevincini xeyli büruzə vermişdi. Peygənbərimizin bu mənzərəni böyük sevinclə qarşılamasının əsas səbəbi qadının igidliyi idi. Ananın göstərdiyi rəşadət və əzm əziz Peygənbərimizi təsirləndirib və sevindirmişdir.
Peygənbərimizin əməlləri bizlərə örnəkdir. Həzrət Muhəmməd (s) buyurmuşdur: ”Behiştə daxil olmaq istəyirsinizsə, Allahdan qorxun və əxlaqlı olun”.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий