среда, мая 14, 2008

Donor seçiminin əhəmiyyəti

və ya İslamda qanköçürməyə baxış

Orqanların transplantasiyası XXI əsr təbabətinin çox geniş istifadə olunan sahələrindən biridir. Günümüzdə transplantasiyanın uğurlu nəticələrinə etibar edən çox sayda insan zəruri və qeyri-zəruri hallarda (məs. müəyyən plastik dəyişikliklər aparmaq üçün və s.) bədənlərində bu əməliyyatların aparılmasına razılıq verirlər. Zərurilik baxımından transplantasiyanın ən əhəmiyyətli sahələrindən biri isə qanköçürmədir. Transplantasiyanın digər növləri kimi qanköçürmə də donor və resipient arasında aparılır (orqanı köçürülən donor, orqan köçürülən isə resipient adlanır).Qanköçürmədə əsas məqsəd qanın çatışmayan miqdarının ödənilməsi və hemoterapiya- yəni qanla müalicədir. Bildiyiniz kimi bu əməliyyat qan qrupu və rezus-faktorun uyğunluğu şərtləri altında aparılır (əlbəttə ki, qanın tərkibində müxtəlif infeksion xəstəlik daşıyıcılarının olub-olmamasının yoxlanılması da zəruridir).
Amma müstəsna da olsa, bəzi hallarda qan qrupunun, rezus faktorun və s. müayinə göstəricilərinin uyğun olmasına baxmayaraq resipientin qanı donorun qanına əks reaksiya verir, belə demək mümkünsə, resipientin orqanizmi bu qandan imtina edir. Bunu tibbdə fərdi bioloji uyuşmazlıq adlandırırlar.Qeyd etməliyik ki, belə hallar çox az təsadüf edilir və əksər qanköçürmələr uğurla başa çatır.
Bəs sonra? Sonra həmin insanı nə gözləyir? Bədəninə köçürülən bu yad qan insanda hansı dəyişikliklər edir? Donorun kimliyinin qanköçürmədən sonrakı mərhələdə əhəmiyyəti varmı? Təəssüflər olsun ki, müasir tibb elmi bu suallara tutarlı bir cavab vermir. Prosesin uğurla başa çatması anından təbabət öz işini bitmiş hesab edir. Gələcəkdə həmin resipientdə hansısa problemlər olsa belə (söhbət qandan keçə biləcək infeksion xəstəliklərdən getmir), bunun səbəbini heç vaxt nə zamansa həmin insana köçürülmüş qanla əlaqələndirmirlər.
Elə isə gəlin cavabsız qalmış bu suallarımıza həyatımızın hər sahəsini hər zaman əhatə edən möhtəşəm dinimizdə cavablar axtaraq. Müqəddəs kitabımız Qurani-Kərimdə bir çox ayələr vardır ki, sonunda Rəbbimiz bizə “...düşünən kəslər üçün burada bir ibrət var.” - deyə müraciət edir, və bizi nələr barədəsə öz təfəkkürümüzlə nətcələr çıxarmağa çağırır.
Əziz Peyğəmbərimizdən (s) nəql olunmuş hədislədən birində deyilir: ”Həyat yoldaşı seçməkdə nə qədər diqqət edirsənsə, övladına süd vermək üçün dayə təyin etməkdə də bir o qədər diqqət et. Çünki, süd insan təbiətini dəyişdirə bilir”.
Başqa bir hədisdə Həzrət (s) buyurur: ”Baxın görün sizin övladlarınıza kim süd verir. Çünki, sizin övladınız süd ilə inkişaf edib kamala çatır. Süd verən şəxsin əxlaqi xüsusiyyətləri onda (süddə) təsirlidir”.
Hətta Rəsuli-Əkrəmin (s) körpəlik çağları haqqında olan kitablarda rəvayət olunur ki, o, Məkkə qadınlarının südündən imtina edib. Çünki, besətdən əvvəlki dövrlərdə Məkkə qadınlarının çoxu kişilər kimi xurmadan hazırlanmış şərab içirdilər.
İndi isə gəlin görək ana südü özü nədir və qadının qidası ilə süd arasında hansı təsiredici amil var. Əlbəttə, hətta tibbi-bioloji təhsili olmayan hər kəs təsdiq edə bilər ki, qadının qəbul etdiyi qida və ana südü arasında bir qan mərhələsi vardır.Yəni qəbul olunmuş qida həzm prosesində qana sovrulur, bu qan müxtəlif komponentlərlə birləşərək nəhayi mərhələdə ana südünə çevrilir.
Bəs bu süd körpəyə, onun vücuduna necə təsir qoyur? Təbii ki, burada da yuxarıdakı mərhələyə oxşar proses gedir. Süd bir qida olaraq körpənin mədəsinə daxil olur, həzm şirələrinin təsiri ilə parçalanır, bağırsaqlardan qana sovrulur və qan şəklində körpənin bütün vücuduna yayılaraq öz təsirini qoyur.
Gördüyümüz kimi, hədislərdə sözü gedən süd yalnız uşağın qəbul etdiyi anda südüdür. Bu anın həm öncəsi və həm də sonrası qandan ibarətdir. Bu mərhələlərin izahını verməkdə məqsəd ondan ibarətdir ki, hədislərdə birbaşa qan və onun təsiri haqqında danışılmasa da, əgər qidanın əxlaqa, əqidəyə təsiri təsdiq olunursa, bu, bizə əsas verir nəticə çıxaraq ki, donor qanı da bu keyfiyyətlərin daşıyıcısıdır. Fərq budur ki, həzm donorun bədənində gedir. Beyinə təsir edən isə hər iki halda qandır. Bir halda ki, qan əxlaqi və əqidəvi keyfiyyətlərin daşıyıcısı ola bilər, bəlkə də elə yuxarıda qeyd etdiyimiz qanköçürmə zamanı fərdi uyuşmazlıq halının da bu yönümdən bir açıqlaması vardır. Yəqin mənimlə razılaşarsınız ki, sözü gedən bütün bu məsələlər daha ətraflı, əsaslı və geniş araşdırmalar tələb edən mövzulardır. Amma onu da qeyd etmək lazımdır ki, illər boyunca insanlar həmişə dünyəvi elmlərin inkişafında təcrübələrdən nəzəriyyələrə istiqamətli olublar, nəinki əksinə, nəzəriyyələrdən təcrübəyə. Yəni, bizim bu gün nəzəri müstəvidə üzərində düşündüyümüz mövzu haqqında uzun illərin təcrübəsi ilə nəticə çıxarıb, artıq bunu (qeyri-rəsmi də olsa, öz aralarında) bir nəzəriyyə halına salıb tətbiq edənlər vardır.
Bu gün bəzi xalqlar vardır ki, öz milli və mənəvi dəyərlərinin xalisliyini qorumaq məqsədilə digər millətlərə məxsus donor qanından və ana südündən istifadəyə çox ciddi qadağalar qoyurlar. Onların belə bir nəticəyə gəlməkdə nələrə istinad etdiklərini bilməsək də, istədikləri məqsədlərinə nail olduqları, yanlış da olsa öz əqidələrini qoruyub saxlamağı bacarmaları göz qabağındadır.
Qəribədir, İslami tövsiyyələrin tətbiqinə müsəlmanların deyil, qeyri-müsəlmanların praktikasında rast gəlirik. Özü də bu tətbiqin hədəfi elə əsasən müsəlmanların özünə qarşı istiqamətdədir desək, məncə yanılmarıq. Halbuki bu İslama məxsus bir zirehdir. Və nə qədər ki, biz öz dinimizi lazımi şəkildə öyrənib, onun qiymətli incilərini dəyərləndirib, həyatımızda tətbiq etmirik, bu kimi zirehlərdən başqaları istifadə edəcək.Özü də bizim özümüzə qarşı.
Hörmətli oxucular, yəqin ki, içərinizdə bu yazıda mənim müəyyən fikirlərimlə razılaşan və razılaşmayanlar olacaq. Amma gəlin etiraf edək ki, bu mövzu bir mövzu olaraq çox faydalı və maraqlıdır. Bəlkə də içərinizdə bu mövzunu bir başqa yönümdən, daha maraqlı işləməyə həvəsi və bacarığı olanlar var. Elə isə belə həvəsi və bacarığı olanlara bu mövzuda silsiləvi yazılar şəklində fikirlərini bildirmələrini təklif edirəm. Məncə bu hər birimiz üçün daha faydalı olar.

Bikəxanım Əzimova,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: