Bismilləhir-rahmənir-rahim!
İnsan yarandığı gündən daim onu əhatə edən varlıq aləmi ilə maraqlanmış, onda olan sirləri və qəribəlikləri aşkar etməyə çalışmışdır. Hər an məlumat almaq, informasiya toplamaq ehtiyacını hiss etmiş və müxtəlif axtarışlar, araşdırmalar aparmışdır. Nəticə olaraq həyatının hər sahəsində müxtəlıf yönümlü kəşflər və ixtiralar edərək, çox suallarına cavab tapmışdır.
Ötən əsrin bəlkə də ən mühüm, qlobal və əhəmiyyətli ixtiralarından biri də hamımızın istifadəçisinə çevrildiyimiz BEYNƏLXALQ İNTERNET ŞƏBƏKƏSİ SİSTEMİDİR. Əhatə dairəsinin genişliyi, istifadə sadəliyi, vaxta qənaətliliyi, informasiya axınının sürətliliyi və digər fövqəl üstünlükləri hər keçən gün öz aktuallığını, önəmliliyini biruzə verməkdədir. Bu sistem özündə ağıla gələn və gəlməyən müxtəlif mövzuları, məqsəd və məramları əks etdirməkdədir. Həyatımızın tərkib hissəsinə, döyünən ürəyimizə, görən gözümüzə və atılan addımımıza çevrilib sanki. Bununla da bir sferaya daxil olmuş oluruq ki, bir sıra müşküllərimizi, çətinliklərimizi çözüb tərəqqi və inkişaf yolunda addımlamağımıza yardımçı olub.
İstənilən sahədə olduğu kimi, bura da iblisvari xislətlərdən, azdırıcı yönlərdən və həlakətə sürükləyən düşüncələrdən xali deyil. Lənətlik şeytanın öz məkirli, hiyləgər məqsədləri üçün həm də bir münbit şərait, idarəolunmaz və nəzarətsiz virtual aləmdir bu sistem. Ona səpilən xəstə toxumlar mənəviyyatsızlığın böyüməsinə və iyrənç şəkildə bar verməsinə səbəb olmuşdur.
Hardasa proqresə, intibaha hesablanmış bir sistem əxlaqsızlığın, mənəvi aşımanın təbliğatçısına çevrilmişdir. Sanki insan oğlunun yeni ixtiraları şeytan və ordusu tərəfindən adekvat olaraq, səhv yola istiqamətlənmiş ixtiralarla əvəz olunur. İnkişafına, tərəqqisinə xidmət etməlı olan vasitə, əksinə elə özünün tənəzzülünün, deformasiyasının, məhvinin imzaçisina çevrilir.
Şəxsi müşahidələrim də onu göstərir ki, uşaq və gənclərin əxlaqi çirklənmələrinin əsas səbəbi internet resurslarından səhv istiqamətli və ifrat dərəcəli istifadədir. Əsasən də şəbəkə oyunlari, heç bir məna yükü olmayan forum və çatlar, həmçının milli və mənəvi dəyərlərdən kənar müxtəlif saytlar üstünlük təşkil edir. Yaşamının hər dönəmində daim seçim qarşısında olan insan burada da seçim etməli olur. Kompyuter qarşısında oturan hər bir kəsi E N T E R - daxil olma düyməsi ayırır insanlıq və şeytanlıqdan, iman və küfrdən, yüksəliş və süqutdan, şükür və nankorluqdan, xeyir və şərdən.
Bu mövzularda insanın seçim etməsi azad bir iradəyə bağlı. Həyatı boyu ENTER düyməsi qədər çox düymə olmuş və indi də var. Belə ki, hara daxil olması ağlı, təfəkkürü, əxlaqı olan üçün zatən məlum. Bir toxunuşa, bir hərəkətə bağlı sanki həyatı, taleyi, müqəddəratı.
Elə insan həyatının özündən bir misaldır bu ENTER DÜYMƏSİ. Var olduğu müddətdə müxtəlif xüsusiyyətli və rəngarəng çalarlı olur daxil olduğu sfera və mühitlər. Daxil olma düyməsi iki meyarı özündə əks etdirir: İLAHİ və şeytani. Əgər İLAHİ fəzanın rəhmət qapısından daxil olmuşsa, xoş o ziyarətçının halına ki, UCA TANRISININ lütfü və inayətilə daha yüksək dərəcələrə daxil ola bilər. Təəssüf ona, verilən neməti üsyana çevirənə ki, daxil olmağı ilə küfr girdabına əbədi olaraq ən alçaq mərtəbələrə diyirlənmiş.
Qapı var, ora daxil olmaqla başqa qapılar üzünə açılar. Qapı var, ora daxil olmağı ilə həm dünyası, həm axirəti bağlanar.
Bəli, ilk baxışdan bir toxunuş, bir cəhd və bir daxil olma düyməsi bu. Amma əslində hər bir şeyi kökündən dəyişən mürəkkəb və məsuliyyətli bir seçim. Həmişə və hər zaman düzgün seçim edib ENTER düyməsi ilə xeyirə daxil olaq. AMİN!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий