среда, мая 14, 2008

Sportsmen millət vəkillərimiz

Üzümüzə gələn ay Kiprin Limasol şəhərində Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyası (WPKA) kikboksinq üzrə dünya çempionatı keçirəcək. Bu barədə xəbəri APA agentliyi yayıb. Deyəcəksiniz ki, bunda nə var axı. Bu ənənəvi olaraq keçrilən yarışdı. Elə siz deyəndir. Amma bu xəbərdə deyilir ki, yarışda bizim əlahəzrət millət vəkillərindən də nümayəndə heyəti iştirak edəcəkdir. Doğrusu mən bu xəbəri eşidən də çox sevindim. Çünki, bizim əlahəzrət millət vəkillərimizin çoxu öz əzəmətli saraylarında oturub fantasmaqorik fikirlər irəli sürməkdənsə gedib idmanın bir sahəsi ilə məşğul olsalar, bu millət üçün bəlkə də daha yaxşı olar. Yoxsa ki, oturub qanun qəbul eləmək kimi çətin bir prosesə can atırlar. Və elə bir qanunların ki, 10 ildən çoxdur ki, hazırlanıb başa çata bilmir. Məgər bundan əvvəlkilər savadca zəif idilər ki, bunu hazırlayıb təhvil verə bilməyiblər?
Əsla belə deyil. Səbəb odur ki, hər bir qanun kiminsə marağına mənfi təsir göstərə bilər. Yaxşı deyil axı! Gərək hamının istək və arzuları, artan ehtiyacları nəzərə alınsın. Kimisə «çörəkvay» eləmək nə asan iş…
Odur ki, kiminləsə münasibətləri pozmaqdansa, iqtisadiyyatın və ictimai həyatın ayrı-ayrı sahələrini tənzimləməkdənsə, idman eləmək daha yaxşıdır. Necə deyərlər “Sağlam bədəndə sağlam ruh da olar”. Bir də ki, düşər-düşməzi olar. Bir də görürsən, qaş düzəldən yerdə, vurub göz çıxartmaq olur.
Qazanxan demişkən, otura-otura belimiz ağrıdı…

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Комментариев нет: