Gözəl bir gün idi.
Bir neçə gündən bəri davam edən küləkli-yağışlı hava sanki heç olmamışdı. Mavi səmadan boylanan günəş ətrafa nur saçırdı. Baharın təravətli qoxusu ətrafı bürümüşdü.
Təsadüfən evimizin yanındakı parkdan keçirdim. Parkda çoxlu insan yığını uzaqdan nəzərə çarpırdı. “Görəsən nə olubdur?”, - deyə fikirləşməyə başladım. Sıra-sıra düzülən gül-çiçəkləri görəndə bildim ki, gül bayramıdır. “Bəs niyə mayın 3-ü? Keçən il mayın 10-da keçirilmişdi”. Nə isə...
Hə, doğrudan da gül bayramı idi. Rayonun hər bir məktəbi və hər bir bağçası öz hünər və bacarığını sərgiləyirdi. Daşdan miniatür ev tikən kim, mərci ilə keçmiş dövlət başçısının portretini düzəldən kim. Doğrudan da bəzi məktəblər çox yüksək sənətkarlıq inciləri nümayiş etdirirdilər. Burada sərgiyə çıxarılan istər rəsm əsərləri, istərsə də əl işləri çox orijinal və gözalıcı idi. Amma çıx təəssüf ki, bu bir neşə məktəbin göstərdiyi hünər idi. Park isə başdan-başa rayon məktəb və bağça nümayəndələri ilə dolu idi. Hər bir məktəb və bağça nümayəndəsinin yanında onun sərgiyə gətirdiyi eksponatlar var idi. Uzaqdan hər şey olduqca gözəl və əlvan görünürdü: güllər, çiçəklər, arılar, quşlar və daha nələr...
Amma bir az yaxına gələndə bu çiçəklərin nə dünən düzəldiyinin, nə də ötən ay düzəldiyinin şahidi oldum. Bu güllərin, bu quşların neçə-neçə yaşı var idi. Uşaq vaxtı məktəbin əmək kabinetində gördüyümüz əl işləri də burada idi. Mən onları modellərindən, yaşlarından, solmuş rənglərindən tanıdım. Bunlar hələ yaxşı idi, çünki neçə il keçsə də, axırı ki, əl işləri idi. Bilinirdi ki, bunlar körpə və məsum barmaqların məhsuludur. Bilinirdi ki, yalnız və yalnız kiçik və məsum barmaqlar rəngli kağızlardan bu sadəlikdə gül hazırlaya bilər.
Sıra ilə bir-bir baxa-baxa gedirdim. Məktəblər qurtardı, bağçaların gül nümayişi başlandı. Məktəblilərin düzəltdiyindən heç də fərqli olmayan güllər, çiçəklər. Sən demə, bizim bağça uşaqlarımızın əl işləri məktəblilərin əl içləri kimi gözəl və orijinal imiş!?
Növbəti bir sıra və üzərində «filan saylı körpələr evinin uşaq bağçası” yazılmış lövhə var idi. Elə o an onların rənglədiklərinə nəzər yetirdim. Gördüklərim məni heyrətə saldı. Bəlkə də bu hazır, olduqca böyük ölçülü süni ikebanaların o kiçik bağça uşaqlarının elədiklərinə özümü birtəhər inandırmağa çalışardım. Amma orada bir suvenir var idi ki, onu tanımaya bilməzdim. Bu uzərində “Allah” yazısı olan ikebana idi. Həmin bu cür ikebanalar şəhərin suvenir dükanlarında satılır. Doğrusu, məni qəhər bürüdü. Fikirləşirdim ki, körpələr evi, yəni valideynlərindən məhrum uşaqların evi. Görəsən, onlar niyə heç bir şey hazırlamayıblar? Bəlkə psixoloji vəziyyətləri pisdir, valideynlərindən ayrı qalmış uşaqların psixoloji durumları necə normal ola bilər? Amma hər halda uşaqdırlar da. Güldən, çiçəkdən düzəldə bilərdilər.
Bu fikirlərlə yenidən oraya qayıtdım. O bağçanı təmsil edən nümayəndələrə yazınlaşıb soruşdum ki, “xala, körpələr evi, yəni valideysiz uşaq evi?”. Dedi ki, yox. “Yox, yəni adi bağça”, - deyə fikirləşdim. Doğrusu, bir az sevindim. “Nə yaxşı, bu uşaqların valideynləri var. Bəs bu güllər niyə asxta, niyə satın alınmış?”. Dedim: “Ay xanım, bu gülləri axı uşaqlar düzəltməyiblər”. Ona qəfildən belə bir sualı verdiyim üçün qadın çaşıb qaldı. Özünü birtəhər toplayıb: “Sən nə danışırsan, ay qızım, axı sənə nə lazımdır?, - dedi. O ağbirçək xanımın gözlərindən mən çox şeylər oxudum. Yəni ki, ay bala, sənin nəyinə lazımdır? Qoy oturmuşuq, soyuq suyumuzu üfürə-üfürə içirik. Deyiblər: “Gül gətir!”, gətirmişik də. Nə fərqi, özümüz düzəldək, ya hazır alaq?”.
Bu söhbətə digər bağçanın nümayəndəsi də qoşuldu. Dedi: “Ay qızım, sən bir özün fikirləş, bunları bağça uşaqları heç cür düzəldə bilməzlər, vurub yarpaqlarını, ləçəklərini qırarlar. Amma bunları düzəldə bilərlər”, - deyib əlindəki kağız üzərində mərcidən düzəldilmiş çox sadə bir gülü göstərdi. Bunlar isə”, - yanındakı suvenirləri göstərərək: “Düz deyirsən, hazır alınıb”. Bu söz “gül yiyəsi”ni çox əsəbləşdirdi. “Nədir alınma? Alınmayıb!”. Birdən çaşdı qaldı. Səhvən ağzından “öz pulumuzla almışıq” sözləri çıxdı və hətta mən “50 manata” sözünü eşitdim. Nə isə...
Mən nə o bağça nümayəndəsi ananı qınamaq istəyirəm, nə də digər bağçanın öz həmkarlarını satan nümayəndəsini. Vallah, yazıqdır bizim millətin anaları! Qınamayın onları. Özləri də bilmirlər, nəyin dərdini çəksinlər. Bilmirlər, bu gün nəyi deyib, sabaha nəyi saxlasınlar ki, sabah ac qalmasınlar! Bilmirlər ki, dükandan aldıqları mərcidən, lobyadan bir qazan şorba bişirib, öz ac balalarını doyuzdursunlar, yoxsa həmin mərci və lobyadan gül-çiçək düzəldərək, “tənətənəli” gül bayramına təqdim etsinlər. Bəlkə elə belə etsələr yaxşıdır? Kim bilir hey, qarnımız acdır, əsas odur ki, qoy respublikamızın sədası böyük-böyük yerlərdən, uca-uca kürsülərdən gəlsin. Qoy bütün dünya bizim təbiəti necə sevdiyimizi görsün, süfrəmizin mərcisindən, lobyasından, hətta makaronundan belə necə məharətlə gül-çiçək düzəltdiyimizin şahıdı olsunlar. Biz ac qalsaq da olar. Vətən sağ olsun!
Hə, harada qalmışdıq? Suvenirdə. Bayaqkı bağçanın mağazadan alınıb, sərgiyə uşaqların əl işi təqdim edilən suvenirdə. Nə bilim, vallah, ha fikirləşirəm, amma bizdən başqa açıq havada, yaşıllıqda keçırılən güı bayramına dükandan alınan, amma uşaqların əl işi kimi təqdim edilən suvenirlərlə gələn bir millət tapa bilmədim.
Bunu da bacarmışıqsa, əhsən bizə!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий