среда, мая 21, 2008

SABİRCƏSİNƏ

Edəlim çevrəmizə təsiri Sabircəsinə.
Duyalım dərdimizi biz diri Sabircəsinə.

Yenə biçarələrin haqqı “o başdan” basılıb
Dili yoxdur deməyə gör necə küncə qısılıb
Belə biçarələr üçün təzə kəndir asılıb
Yığışıb vəsf eləyək kəndiri Sabircəsinə.

Bu “göyün rəngi açıqdır”, adı da “azlıqdır”.
Gedir əldən ədəb-ərkan, nə hüquqbazlıqdır?
Sonu ya tozsovuran, ya da xəkəndazlıqdır
Bu sözün var, nə gözəl təbiri Sabircəsinə.

Kimi “ qondarma qırımla” yenə kor-haqqa durub,
Kimi dünyadə əsayiş külünü lap sovurub,
Bahalıq da nə fason, kürsüdə möhkəm oturub
Nəzər altında tutaq şəntiri Sabircəsinə.

Toxunaq qəlbi yaran hadisənin bircəsinə
Bağırır oğru, qalır doğru müqəssircəsinə.
“Sözü - azad” eləyir tənqidi təhqircəsinə?
Edərik lap irisindən iri Sabircəsinə.

El-oba dərdi-qəmindən gülünün rəngi solub,
Baxıb öz millətinin müşkülünə qəlbi dolub.
Deyəcəkdir ki, müsəlmançılığa qarşı olub
Hələ dərk eyləməyən Sabiri Sabircəsinə.

Qəminə görməsə diqqət bu cəmaət usanar
Necə səbr eyləsə də sonda nəhayət usanar
Qələmin də eləməz əmrə itaət usanar
Həmişə çoxdu canım, zahiri Sabircəsinə.

Gözü yollarda qalan xoş xəbərin şaiqidir,
Gecələrdən usanan “nurlu - səhər” aşiqidir,
Nə qədər gözləsə də şiələri sadiqidir
Sonadək səbr eləyər hər biri sabircəsinə!

Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: