среда, мая 21, 2008

Qurani-Kərimin fəzilətləri

Müqəddəs kitabımız Quran 4 səmavi kitablardan sonuncusu olaraq, bəşəriyyətin nicatı üçün əziz İslam Peyqəmbəri, xatəmin-nəbi (son peyqəmbər) olan Həzrət Muhəmmədə (s) nazil olmuşdur. 124 min ilahi Peyqəmbərlərin hərəsinin özünə və zamanına aid möcüzəsi olmuşdur. Qurani-Kərim isə bizim peyqəmbərimizn ən böyük möcüzəsi sayılır.
Quranın bir çox adları var: «Məcid», «Nur», «Hudən» (hidayət edən), «Moizən» (moizə edən), «Şifaən» (şəfa edən) və s. «Quran» - oxunan (qiraət edilən) deməkdir.
Quranın fəzilətləri misilsizdir. Onun yeniliyi hər zamana aiddir. 14 əsrdən çox bir zaman öncə nazil olmasına baxmayaraq, sanki bu günün hökmlərini özündə ehtiva edir. Yəni, hər dəfə Quranı tilavət edəndə, ilk dəfəki kimi yeni bir zövq verir insana. Bu elə bir kitabdır ki, onu oxuyanlara həm bu dünyada, həm axirət (əbədi) dünyasında munis, sirdaş və şəfaətçi olacaq. O, öz fəsahət və bəlağəti ilə bütün zamanlara aid İslam ümmətinin ən qiymətli incisi kimi dəyərini saxlayır. Yeganə səmavi kitabdır bir hərfi belə dəyişməz qalıb. Bunu «Hicr» surəsi 9-cu ayə bəyan edir: «Biz Quranı Qiyamətə qədər özümüz qoruyacayıq».
Quran iki cür nazil olub. I dəfə Ramazan ayında Həra mağarasında Peyqəmbərə (s) «Ələq» surəsinin ilk 5 ayəsi «oxu» kəlməsi ilə nazil olub. Onda Peyqəmbərimiz (s) təəccüb edir və soruşur: «Axı mən oxuya bilmirəm. Nəyi oxuyum?» O hərf belə tanımırdı, məktəb görməmişdi. Vəhy mələyi 3 dəfə «oxu» kəlməsini təkrar edir və Həzrət (s) oxumağa başlayır. Ayə-ayə, tədricən Quran 23 il müddətində nazil olur və 114 surəni əhatə edir. Hansı məsələ müsəlmanları narahat edirdi, Peyqəmbərdən (s) o haqda soruşardılar və onun barəsində ayə nazil olardı, yaxud Peyqəmbər (s) özü Allahdan istəyərdi ki, bir məsələ haqda məlumatlansın.
Kafirlər Peyqəmbərdən (s) daha bir möcüzə - ayın parçalanmasını istəyirlər. O namaz qılır və sağ əlinin şəhadət barmağı ilə ayın iki yerə bölünməsini Allahdan istəyir. Bu möcüzə də baş verir. Amma kafirlər yenə də iman gətirmirlər ki, bu sehrdir.
II nazil olma isə Rəcəb ayının 27-də birbaşa, bütöv halda Peyqəmbərin (s) qəlbinə nazil olur.
Quranın elə bir sehri, ecazı var ki, düşmənləri Peyqəmbəri (s) öldürmək qəsdi ilə onun evinə gələndə Quranın avazı onları məftun etmişdi. Onlar nə üçün gəldiklərini belə unutmuşlar, gözlərindən yaş axırmış. Rəvayətdə var ki, Peyqəmbərimiz (s) çox gözəl Quran tilavət edərmiş.
Ondan sonra isə Həzrət Əlinin (ə) Quranın yığılıb, kitab şəklinə salınmasında, ayələrin təfsirində böyük xidməti olmuşdu. Ayə nazil olarkən Peyqəmbər (s) ilə birgə Əli (ə) onun şəni - nüzulunu təfsir edərdi. Yəni, Peyqəmbər (s) ayəni oxuyar, Əli (ə) onu yazardı. Və Əhli Beyt (ə) «Natiqi Quran» adlanır. Hansı ayə harada, nə vaxt, kimin haqqında nazil olurdu, Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s.ə) bundan agah olurdu. Sonra isə İmam Həsən (ə) və İmam Hüseyn (ə), digər Əhli-Beyt (ə) imamları Quranın təfsirçiləri oldu.
Əhli-Beyt (ə) Peyqəmbərin (s) ailəsi idi və Quranın 113 ayəsi onlar haqda nazil olub. Ona görə də Əhli Beyti (ə) «danışan Quran» adlandırırlar. İlk dəfə Peyqəmbərə (s) iman gətirən də onun ailəsi olur. Üç il dini gizli saxlayır və ayə gəlir ki, «təbliğ elə». O zaman Əlidən (ə) başqa heç kim bu çətin yolda Peyqəmbərin (s) qardaşı olmağa razı olmur. Üç dəfə Peyqəmbər (s) soruşur ki, «Kim mənə bu çətin işdə arxa, kömək edər?» Əlidən (ə) və Xədiceyi-Kubradan savayı ona iman gətirən olmur.
Ona görə də Peyqəmbər (s) biz müsəlmanlara iki ağır əmanəti: «Quran»ı və «Əhli Beyt»i Qiyamətə qədər qiymətli inci kimi tapşırmışdı (Qədir-Xum hədisi).
Quranın fəziləti haqqında Peyqəmbərdən (s) çoxlu hədislər mövcuddur: «Sizin ən yaxşılarınız Quran öyrənib və öyrədənlərinizdir», «Quran oxunan evə mələklər daxil olar və cin - şeytan ordan qaçar», «Quran oxunan ev göydəki ulduz kimi parıldar və o evə bərəkət və rəhmət nazil olar», «Quran oxuyun ki, Allah sizlə söhbət etsin» və s.
Allah bizləri də o iki əmanətin şəfaətçisi qərar versin! Amin.

Əzəmət İbrahimova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Комментариев нет: