вторник, мая 06, 2008

Qeybət və əzab

Rəhman və Rəhim Allahın adı ilə!
Vay qeybət eyləyənin və qeybət axtaranın halına! İnsan Allahdan uzaqlaşanda onun haram buyurduqlarına yaxınlaşır. Allahdan həya etməyən, günahları asanlıqla yerinə yetirir. Həzrəti Əli (ə) buyurur: ”Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir”. Bilə-bilə qeybət edən şəxs Allahın onu bağışlayacağına çox ümidli olmamalıdır. Həzrət Muhəmməd (s) buyurub: ”Qeybət insanın imanına cüzamın bədənə göstərdiyindən daha tez təsir göstərər”.
Öz acı şirinliyi ilə insanlarda maraq yaradan bu əməl sonda yalnız ağır əzaba səbəb olur. İnsan deyəsən alovlu, atəşli bir yuvanın onu gözlədiyini unutmuşdur. Allahın lənətinə tuş gəlmiş şeytan bəşər övladını aldadıb öz qeybət məclisinə dəvət edir. Məclisin padşahı şeytandır, digərləri isə ona qul olan, yolunu azmış şeytan dostlarıdır. Şirin-şirin qeybət edənlər bilməlidirlər ki, Allah onları ağır əzaba düçar edəcək. Allahdan qorxub, çəkinənlər belə məclislərin yönünü dəyişməli, ya da məclisi tərk etməlidir. İmam Əli (ə) buyurur: ”Qeybəti eşidən qeybət edən qədər günah qazanar”.
Aciz adam, iradəsinin zəyifliyindən başqasının qeybətini edər və onun nöqsanlarını üzünə deməkdə cəsarətsiz olar. Bu cür davranış və əməl insanı sonu olmayan əbədi cəhənnəmə atılmağına şərait yaradar.
Qeybətin müxtəlif formaları var: dil, əl, göz ilə işarələrlə qeybət etmək mümkündür. Bir hədisdə buyrulur ki, Rəsuli-Əkrəmin (s) yanına bir nəfər ziyarətçi gəlir. O, çıxdıdan sonra bir nəfər əli ilə onun balacaboy oldugunu göstərir. Peyğənbərimiz ona həmin şəxsdən halallıq almasını bildirir və buyurur: «Sən o insanın qeybətini etdin».
Qeybəti tərk etmək üçün Allahın verdiyi əzabdan qorxmaq lazımdır. Bu günahdan insan həm özünü, həm də başqalarını çəkindirməlidir. Peyğənbərimiz buyurmuşdur: ”Qeybəti tərk etmək Allah yanında on min rükət müstəhəb namaz qılmaqdan daha əzizdir”.
Günahdan çəkinmək və çalışmaq lazımdır ki, öz qardaşlarınızın qeybətini etməyəsiniz. Mömin möminin ata-anası bir olan doğma qardaşı kimidir, baxmayaraq ki, ayrı-ayrı valideynlərin övladlarıdır. İmam Musa ibni Cəfər buyurur: ”Öz mömin qardaşına nəsihət verməyən və qeybətin edən şəxs məlundur”.
Özündə eyb görməyənlər həmişə başqalarında eyb axtarırlar. Düzdü,r insan özünü sevir və öz dəyər-qiymətini bilir. Bu o cür olmamalıdır ki, insan başqalarına sevgisi olmadığından onlara qarşı pis fikirdə olsun. Bir müşahidəçi kimi həyatda bu cür situasiya ilə çox qarşılaşmışıq. Bəzi hallarda insanlar əzizlərinə qarşı o qədər məhəbbət bəsləyirlər ki, onların eyblərini görə bilmirlər. Yəni insan dəyər, qiymət verəndə də, məhəbbət bəsləyəndə də haqqı deməli, nahaqq iş tutmamalıdır. Əmirəl-möminin İmam Əli əleyhissəlam buyurur: ”Ən pis adam odur ki, camaatın eyblərini axtarsın, amma öz eyblərini görməsin”
Və sonda yenə mövzumuzu Həzrət Əli (ə) hədisi ilə tamamlayırıq: ”Haqq ilə batil arasındakı məsafə dörd barmaq qədərindədir. /Gözlə qulaq arasındakı məsafə nəzərdə tutulur/ Gözlə gördüklərin həqiqət, qulaqla eşitdiklərinin əksəriyyəti isə batildir”.


Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: