Bəhsimizi Quran ayəsi ilə başlamaq istəyirəm: "Aranızda olan subayları, saleh qullarınızı və kənizlərinizi evləndirin! Əgər onlar yoxsuldurlarsa, Allah öz fəzl kərəmi ilə onları varlı edər. Allah geniş rəhmət və elm sahibidir". («Nur» surəsi, ayə 32)
İslam insanları o baxımdan evliliyə dəvət etmişdir ki, onu həyatın sutunu hesab edir və evliliyin əhəmiyyətinə təkid edir. Qurani-Kərim bu nöqtəyə işarə etmişdir ki, evlilik yaşayışımızın ilahi vacibatı sayılır və insan da gərək bu sünnətə əməl etsin. Və bu sünnət, insan fitrətinin yoğrulduğu ruhani aləminin tam kamilləşməsi üçün bir yoldur. Allah bu sünnətə "cütlük" ifadələri ilə işarə etmişdir, bunu ayələrdə nəzər salaq: "Və hər şeydən cüt yaratmışıq. Ola bilsin ki, ibrət alasınız". («Zariyat» surəsi, ayə 49.)
Allah insanın da yaranmışların biri olduğunu vurğulayaraq, bildirir: "Allah sizi torpaqdan sonra nütfədən yaratdı, sonra isə cüt-cüt etdi". (Fatir surəsi,11).
Bu ayədən göründüyü kimi Allah hər bir canlı kimi insanı da cüt-cüt, yəni bir kişi və bir qadından yaratmışdır. Ayələrin əksəriyyətində də bunu dəfələrlə vurğulayaraq, insanların məhz tam kamilliyə çatmasında evliliyin necə mühüm rol oynadığını bildirmişdir. Evliliyin necə vacib olduğunu Peyğəmbərimizdən (s) gələn hədislərdə də bir daha hiss etmək olar:
1. «Evlilik mənim sünnətimdir və hər kim ki, bu sünnətdən üz döndərsə, məndən deyildir».
2. «Allah yanında İslam üçün heç bir tikili, evlilik kimi daha sevimli deyildir».
3. «Hər kim ki, evlənir, dinin yarısını əldə etmiş kimidir, deməli Allahdan o biri yarısına görə çəkinməlidir».
Evlilik ruzidə xeyr-bərəkətə səbəb olur. Belə ki, Allah buyurur: "Əgər onlar yoxsuldurlarsa, Allah öz fəzl kəraməti ilə onları varlı edər. Allah geniş rəhmət və elm sahibidir".
Eyni zamanda hədislərin birində deyilir ki, İshaq ibn Əmmar İmam Sadiqə (ə) ərz edibdir ki, bu düzdürmü ki, bir nəfər Həzrət Peyğəbərin (s) yanına gəlib kasıblığından şikayət etmişdir və o Həzrət (s) də ona evlənməyi əmr etmişdir və bunu üç dəfə təkidlə ərz etmişdir. İmam Sadiq (ə) ona buyurdu: "Bəli, düzdür". Sonra İmam(s) buyurmuşdur: "Ruzi həyat yoldaşı və ailə ilə bir yerdə gəlir".
Ailə qurmuş şəxs ailəsinə qarşı məsuliyyət hiss edərək öz fəaliyyətini artırır və bu yolla onun işə olan enerji və qüvvəsi dəfələrlə artır və iqtisadi imkanlarını genişləndirərək, həyat mühitini yaxşılaşdırmağa başlayır. Ona görə də Allah-Təala yoxsulluq üzündən evlənmək istəməyənlərə bildirmək istəyir ki, məgər hər kim ki, bu yola qədəm qoyub, Allah ruzilərində onlara kömək etməyibdirmi? Onların bu qədəmi həm cəmiyyətə və həm də islama xeyr verəcəkdir. Belə ki, həzrət Peyğəmbər (s) hədislərin birində belə buyurub: «Övlad arzusunda olun, çünki Qiyamət günü mən ümmətimi başqa ümmətlərdən çox görmək istəyirəm».
Evliliyin insanların vücudi ehtiyacları kimi, ruhu ehtiyaclarını da təmin etdiyini Quranın işarə etdiyi bu ayədə görmək olar: "Və Onun qüdrət nişanələrindən biri də ünsiyyət yaratmağınız üçün sizə zövcələr yaratmasıdır. Onlarla sizin aranızda dostluq, məhəbbət və mərhəmət yaratdı. Həqiqətən, bunda anlayıb düşünən qövm üçün böyük ibrətlər vardır".
Bu ayədən göründüyü kimi ilahi, sizlərin özündən sizin üçün cütlük yaratmışdır ki, onların yanında rahatlıq tapasınız və sizin aranızda mehribanlıq və dostluq qərar vermişdir. İnsan evlilik zamanı öz ruhi ehtiyacını həyat yoldaşına olan dostluq və məhəbbət yolu ilə təmin edir. Və bu Quran ayəsi dərin mənaya malikdir və həyat yoldaşının "özündən" başqası olduğu, lakin onsuz kamala çatmağın mümkün olmadığını vurğuladığı açıq-aydındır. Məhəbbətin özü isə fiziki ehtiyacdan irəli gələrək insanın mənəvi ruhi ehtiyacını mehribanlıq və rəhmət hissləri ilə təmin edir. Və bu dostluq və səmimi məhəbbətin hasili isə saleh övladlar olur və ailəyə istilik və şənlik gətirir. Bu valideynlərin məsuliyyətini artıraraq, həyatın çətinliklərini çiyin-çiyinə həll etməyə kömək edəcək.
Evliliyin hikmətini vurğulayan Peyğəmbərdən (s) gələn hədislərə müraciət edək:
1. «Allah dərgahında İslamı abad edən evlilikdən daha sevimlisi yoxdur».
2. «O kəs ki, istəyə Allahla pak və pakizə halda görüşün, gərək həyat yoldaşı seçsin».
3. «Evli insanın iki rükətli namazı subay adamın gecə namazlarından və gündüz tutduğu orucdan daha üstündür».
Hədislərdə o kəslər ki, evlənə bildikləri halda evlənmirlər – çox pislənir və məzəmmət olunurlar. O cür insanları İslam dinində naqis, imanında süst kimi qiymətləndirirlər. Peyğəmbərimizdən (s) hədis vardır ki, cəhənnəm əhlinin çoxu bu kimi insanlardır. Və başqa hədisdə yenə bu kateqoriya haqqında Peyğəmbər (s) buyurur ki, sizlərin içində ən pislərinizdirlər.
Ailə qurmamaq insan nəslinin məhvinə gətirib çıxara bilər. Məgər hər insan saleh övlad istəmir? Məgər hər bir insan öləndən sonra geriyə yaxşı işlər görəcək və arxasından rəhmət oxuyacaq nəsl istəmir?
Nigahın hökmlərinə nəzər salaq
İmam Cəfər (ə) nəql edir: «Bir qadın Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir ki, məni evləndir». Peyğəmbər(s) soruşur: «Hansı kişi bu qadınla evlənmək istəyir?». Kişilərdən biri ayağa qalxaraq ərz edir ki, «mən, ey Allahın Peyğəmbəri!». Peyğəmbər (s) mehriyyəni soruşanda o şəxs yoxsul olduğunu bildirir. Peyğəmbər(s) soruşur: «Qurandan yaxşı bildiyin bir şeylər varmı?». O şəxs cavab verir ki: «Bəli». Və Peyğəmbər (s) buyurur: «Mən sizi biri-biriniz ilə nigahla bağlayıram, bir şərtlə ki, (mehriyyəsi) Qurandan yaxşı bildiklərini həyat yoldaşına öyrədəsən».
Başqa bir rəvayətdə Həzrət Əlidən (ə) nəql olunur ki, o, bir qadından soruşur: «Sənin böyüyün və ya tabe olduğun kimsə varmı?». O qadın buyurub ki, «bəli, onlar mənim qardaşlarımdır». Həzrət (ə) onlara buyurur: «Mən burada olanların şahidliyi ilə bu qızı bu oğlana öz malımdan olan dörd yüz dirhəm qarşılığında nigah bağladım».
Beləliiklə, hədislərdən göründüyü kimi, nigah vacibdir və bu ərlə arvadın müştərək həyatının halal olmasına səbəb olan vacibatdır. Və bu əqd ya qadın, ya da onun vəkili, kişi və ya onun vəkili arasında bağlanır. Bu Quran ayəsi misalı kimi: "Bir halda ki, sizin həyat yoldaşlarınız nigah vaxtı sizinlə möhkəm rabitə ilə bağlanmışlar".
Nigahı bağlayan şəxsin də bəzi şəraitdə olması vacibdir. O şəxs baliğ və aqil olmalıdır. İstər özü üçün nigah bağlasın, istərsə də başqası üçün. Buna görə uşaq və ya dəli ilə nigah bağlanması etibar qazanmır.
Bəs mehriyyə necə, onun haqqında məlumatımız varmı?
"Arvadların mehriyyələrini könüllü şəkildə verin! Əgər onlar sizə bir şey bağışlasalar, onu nuşi-canlıqla yeyin". («Nisa» surəsi, ayə 4).
«Ey iman gətirənlər! Arvadlara zorla varis olmağınız sizə halal deyildir. Onlar açıq-aşkar pis bir iş görməyincə onların özlərinə verdiyiniz şeylərin bəzisini qaytarıb almaq məqsədilə onlara əziyyət verməyin! Onlarla yaxşı rəftar edin! Onları xoşlamırsınızsa, bilin ki, bir çox xoşlamadığınız şeylər var ki, Allah onda çoxlu xeyir-bərəkət qərar vermişdir!». («Nisa» surəsi, 19).
Bu şərif ayədən başa düşmək olur ki, kişi mehriyyəni sədəqə kimi deyil, hədiyyə və bəxşiş kimi verməlidir və heç vaxt da onu geri almağa tamah etməməlidir. Mehriyyə ilə ücrətin fərqi odur ki, mehriyyə hədiyyə sifətində verilən sədəqədir.
Bəs nəfəqə haqqında nə bilirik?
"Onların(anaların) layiqincə yeməyi və geyimi uşaq sahibinin (atasının) öhdəsinədir". («Bəqərə» surəsi, 233).
Bu ayədən göründüyü kimi, ailə nəfəqəsi atanın boynundadır və ata da onu layiqincə, ürfdə qəbul olunacaq həddə ödəməlidir. Ona görə də əgər ata varlıdırsa, ailəsini də öz var-dövlətinə şərik etməlidir, ancaq əgər məhdud imkana malikdirsə, Allah ona verdiyindən ailəsinə verməlidir. Ona görə də ailənin idarə olunması kişinin çiyinlərinə düşür, çünki bunda böyük bir hikmət vardır. Belə ki, ən yaxşı kişi o kişidir ki, ailəsinin ehtiyaclarını ödəyə bilir və ailəsini yaxşı idarə edə bilir, və ən yaxşı arvad isə o qadındır ki, ərinin dediklərini edər, övladlarını və malını hifz edə biləndir.
Həzrət Peyğəmbərdən (s) hədis var ki, hər kim bazara gedə və ailə üzvləri üçün hədiyyə ala, yoxsul insanlara sədəqə verməyə bərabərdir və hədiyyəni əvvəl qızlara, sonra oğlanlara versə və qızı şad etsə İsmayıl övladlarından olan əsirləri azad etmiş kimi olar.
Əziz Peyğəmbərdən (s) nəql edilən digər hədisdə bildirilir ki, əgər qadın ərinin icazəsi olmadan evdən çıxırsa, qayıdana qədər ona nəfəqə düşmür.
Xoşbəxt islami ailə qurmaq necə olur?
Ərlə arvadın münasibətlərini yaxşı şəkildə necə qaydaya salmaq olar?
Bu suallara cavab vermək üçün Quran ayələrinin dərinliklərinə enək. Ərlə arvadın arasındakı bağları dini baxışlar əsasında beş qismə bölürlər.
1- Qadın kimdir və onunla necə dostlaşmaq olar və onu necə müdafiə etmək olar?
Bu elə suallardır ki, onlara ayələrin dərinliklərinə vararaq, cavab tapa biləcəyik.
2- Nigah Allahın tövsiyəsi və Peyğəbərin sünnətidir. İslam evliliyə kömək edəcəyini tövsiyə edir.
3- Ücüncü qismdə ərlə arvadın münasibətləri hüquq üzərində qurularaq, kişinin ailə başçısı olduğunu məlumat verir.
4- Dördüncü qismdə Allah ərlə arvadın bir-birilə yaxşı münaibətdə olmağını əmr edir.
5- Və axırıncı qismdə ailənin mali hüquq məsələlərinə aid olan ayətlər gəlir. Qadınlar əldə etdiklərindən kişilər kimi faydalana bilərlər və kişilərə halal edilmir ki, qadından zorla nə isə almaq istəsin.
Buna aid Quranı Kərimdə gələn ayələrə diqqət edək.
"Qadınlar, övlad, qızıl və gümüşdən toplanmış mallar, nişanlı nəcib atlar, mal-qara və əkin yerləri kimi insanın nəfsən sevdiyi şeylər insanlar üçün bəzənilmişdir, lakin bunlar dünya həyatının matahıdır. Daha gözəl qayıdacaq yer isə Allah yanındadır". («Ali-İmran» surəsi,14).
Bu ayədən göründüyü kimi, arvadını sevmək insan fitrətinin qərizələrindən biridir və hər kim ki, bu sevgiyə müxalif olsa, öz fitrəti ilə müxalif olmuş olar. Bu sevgi Allaha və Qiyamət gününə iman hüdudunda olmalıdır və bu məhəbbət möminin İlahiyə və əməli salehlərə olan məhəbbətinə qalib gəlməməlidir. Və yaxşı mömün qərizəli məhəbbət ilə Allaha olan məhəbbətini birləşdirməlidir.
"Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) yaradan və ondan da zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişilər və qadınlar törədib yayan o Rəbbinizdən qorxun! Qorxun o Allahdan ki, bir-birinizdən hər ehtiyacınızı onun adı ilə istərsiniz və qohumlardan əlaqənizi kəsməkdən qorxun! Şübhəsiz ki, Allah sizə nəzarət edəndir". (Nisa surəsi,1).
Bu ayədən göründüyü kimi qadın kişidən yaradılmışdır və onlar biri birlərini tamamlayırlar, elə buna görə də kişinin qadına və qadının da kişiyə ehtiyacı vardır. Ər-arvad əlaqələri və həmçinin qohumluq bağları Allaha xatir möhkəm saxlanmalıdır və orada İlahi hüquqlar nəzərə alınmalıdır.
"Ey iman gətirənlər! Heç bir qovm bir qövmü məsxərəyə qoymasın, ola bilsin ki, bunlar onlardan (məsxərəyə qoyanlardan) daha yaxşı olsunlar. Qadınlar da digər qadınları məsxərəyə qoymasınlar, ola bilsin ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə eyb tutmayın! Bir-birinizi pis ləqəblərlə çağırmayın! İman gətirəndən sonra fasiq olmaq adını tutmaq belə necə də pis addır. Hər kəs tövbə etməmişsə, bilsin ki, onlar zülmkardırlar". («Hucərat» surəsi, 11).
Bu ayədən isə belə başa düşmək olur ki, qadın və kişi gərək biri-birini məsxərə etməsinlər və ola bilsin ki, həmin məsxərə edən şəxs elə məsxərə olunmalıdır.
"Əgər bir qadın öz ərinin pis rəftarından və ya ondan üz çevirməsindən qorxsa, qadın öz haqqından keçməklə aralarında sülhü bərqərar etməlidir, sülh daha yaxşıdır. Əslində nəfslərdə qısqanclıq həmişə mövcuddur. Əgər gözəl rəftar edib təqvalı olsanız bu sizin üçün daha yaxşıdır. Şübhə yoxdur ki, Allah sizin etdiklərinizi bilir". («Nisa» surəsi, 128).
Ərlə arvad münasibətlərindəki münaqişələri həll etmək üçün yaxşı olar ki, hər iki tərəf anlayışlı olsun. Allah hər iki tərəfə tövsiyə edir ki, yaxşılığa doğru addım atmaq istəməyən tərəf hirsin, paxıllığın ona qalib gəlməsinə bərabərdir. Bu məsələlərdə təqva, şəri əhkamlara riayət etmək həmin təbii qaydadır ki, evlilikdə hakim olmalıdır. Və bu da o cür hadisələrin bir daha təkrar olmamasına zəmanət verir. Qadın gərək bilsin ki, onun yeri ərinin yanındadır və münasibətlərin müsbət tərəfə həll olunması üçün güzəştli olmalıdır. Təbii ki, evin kişisi də güzəştlilik məsələsində birinciliyi göstərməlidir.
İslam uşaqları insan səadətinə səbəb olan Allahın bəxş etdiyi gözəl nemətlər kimi görür. İmam Muhəmməd Baqirdən (ə) hədis var ki, kişinin səadəti ondadır ki, əxlaqı, təbiəti və sifəti ona oxşar övladlara sahib olsun.
İmam Əli (ə) buyurub ki, nə vaxt ki, Allah bəndəsi üçün xeyir arzu etsə, onu öldürmür ki, övladlarını ona göstərsin. Mömin gərək layiqli və saleh övladlara ehtiram göstərsin və hədisdə deyilir ki, layiqli övlad güldür, özü də behişt gülüdür.
İnsan yoxsulluq üzündən övlad dünyaya gətirməkdən çəkinərsə, Allah bunu bəyənməz. Belə ki, Bəkir ibn Saleh İmam Əliyə (ə) belə məktub göndərir ki, arvadım beş ildir ki, yoxsul olduğumuz üçün uşaq dünyaya gətirmək istəmir. Sizin nəzəriniz bu məsələyə necədir?
Həzrət ona belə cavab yazmışdı ki, uşaq dünyaya gətirin, onun ruzisini Allah verir.
İslam qız övladı dünyaya gətirməyi Allahdan istəməyi tövsiyə edir. Peyğəmbər(s) buyurub: «Ən yaxşı övladlar qız övladlarıdır, onlar lətifdirlər və bərəkət və övladları onlar dünyaya gətirirlər».
İslam qız övladlarının istənməməsini pis qarşılayır. İmam Sadiq(ə) buyurub: «Qız övladları həsənədirlər, oğlan övladları nemət. Həsənəyə görə Qiyamət günü hədiyyə veriləcək, nemətə görə isə sorgu-sual olacaq».
Başqa hədisdə isə Peyğəmbər (s) buyurub: «Allah qadınlara qarşı kişilərdən daha çox məhəbbət və lütf göstərir və kişi öz məhrəmini o dərəcədə şad etmir, nəinki Qiyamət günü Allah onları sevindirəcək».
Övladı olmayanların Allahdan necə dua edəcəkləri haqda gələn rəvayətdə deyilir ki, Haris Nəzri Əbu Abdullaha (ə) ərz edir ki, mən elə qövmdənəm ki, o, dağılmışdır və mənim övladım yoxdur. Həzrət (ə) buyurur: «Səcdəyə gedən zaman bu cür dua et: İlahi öz tərəfindən mənə yavər göndər, İlahi! Məni tək qoyma ...»
Başqa bir hədisdə İmam Sadiq (ə) övlad istəyənlərə istiğfar etməyi məsləhət görərdi.
Bəs övlada ad qoyma ədəbi necədir?
İslam buyurur ki, övlada anadan olmamışdan qabaq ad qoymaq lazımdır. Əmirəl-möminin (ə) buyurur: «Övladınız dünyaya gəlməmişdən qabaq ona ad qoyun…». Dünyaya gəlməmişdən qabaq ölən övlada da ad qoymaq lazımdır, çünki Qiyamət günü görüşəndə atasına deyəcək ki, sən mənə ad qoymamısan. Həzrət Peyğəmbər (s) Möhsinə dünyaya gəlməmişdən qabaq ad qoymuşdu.
Müstəhəbdir ki, övladınıza yaxşı adlar qoyasınız, bu atanın övladına etdiyi ilk yaxşılıqdır. İmam Əlidən (ə) hədis vardır ki, kişinin övlada etdiyi ilk yaxşılıq onu yaxşı adla adlandırmasıdır, deməli sizlərdən hər biriniz övladlarınız üçün yaxşı ad qoyun. Cahil ərəblərdə övladları çirkin adlarla adlandırırdılar. Əhməd ibni Əşim İmam Rzadan (ə) soruşur ki, niyə ərəblər övladlarına it, pələng və bunun kimi heyvanların adlarını övladlarına qoyurlar? Həzrət buyurub: ərəblər döyüşsevən xalq olub və övladlarının adları ilə düşmənlərini qorxutmaq istəyirdilər.
İmam Baqir( ə) ən yaxşı adların peyğəmbərlərin adlarının olduğunu buyurur. Buna əsasən Əbdurrəhman, Əbdulkərim, Abdullah, Muhəmməd, İbrahim, Nuh, İsa, Musa və sair ən yaxşı adlardan sayılır.
Müstəhəbdir ki, oğlan övladlarını 7 gün Muhəmməd adlandırasan və sonra əgər istəsən adını dəyişə bilərsən. Həzrət Peyğəmbərdən (s) hədis var ki, kimin ki, üç oğlu ola və onlardan birinə mənim adımı verməyə mənə hörmətsizlik etmiş olar.
Uşaqların dini tərbiyəsi haqqında nə bilirik?
İslam, övladların insan səadətinə səbəb olmasını söyləyir və İmam Baqirdən (ə) hədis vardır ki, kişinin səadəti öz əxlaqına, təbiətinə, sifətinə oxşar övladlarının olmasıdadır.
İslam övladlarına yaxşı rəftar etməyi tövsiyə edir və onlara məhəbbət və şəfqət göstərməyi sifariş edir və onlara verilən vədlərə əməl etməyi söyləyir. Peyğəmbərdən (s) gələn hədisdə deyilir: «Uşaqları sevin və onlara rəhm edin və onlara verdiyiniz vədlərə əməl edin».
İmam Sadiqdən (ə) gələn hədisdə deyilir: «Allah öz bəndəsinə övladına göstərdiyi çoxlu məhəbbətinə görə rəhm edər».
Peyğəmbər (s) övladları tez-tez öpməyə təşviq edərdi və bu o zaman oldu ki, bir kişi onun yanına gələrək ərz etdi: Mən heç vaxt övladımı öpməmişəm və o gedəndən sonra Peyğəmbər (s) buyurdu: «Bu kişi mənim yanımda olan cəhənnəm əhlindəndir».
Peyğəmbərdən (s) gələn başqa hədisdə deyilir ki, hər kim ki, öz övladını öpər, Allah onun üçün həsənə yazar.
Peyğəmbər (s) bir kişini görür ki, oğlunun birini öpür, o birisini yox. Peyğəmbər (s) ona buyurdu: «Onlarla bərabər rəftar etmirsən».
Bir gün bir kişi Həzrət Peyğəmbərin (s) xidmətinə gələrək ərz etdi: «Ya Rəsulallah, övladımın mənim üzərimdəki haqqı hansılardır?» Peyğəmbər (s) buyurdu: «Ona yaxşı ad qoy və onu cəmiyyətdə bəyənilmiş məqama çatdır».
Atanın oğluna yaxşılığı gələcəkdə oğlunun ataya yaxşılığı sifətində qayıdacaqdır. Peyğəmbər (s) buyurmuşdur: «Allah o insana rəhm edər ki, övladına ona yaxşılıq etməkdə kömək edər». Dedilər: «Övladına onun özünə yaxşılıq etmək üçün necə kömək etmək olar?». Buyurdu: «O şey ki, onun əlindən gəlir, onu qəbul edər və o şey ki, mümkün deyil onun üstündən keçər və onu yorulmaması və onu pis vəziyyətdə qoymamasıdır».
İslam tərbiyə üçün üç mərhələ müəyyən etmişdir və hər mərhələ 7 ildir. İmam Sadiq (ə) buyurur: «Uşaq yeddi il oyun oynar və yeddi il savad və Quran öyrənər və yeddi il halal və haramı öyrənər».
Həzrət Peyğəmbər (s) buyurur: «Hər kim övladını öpsə, onun üçün bir həsənə yazar və hər kim ki, onu şad edər və hər kim öz övladına Quran öyrədər - ata-anasının hər ikisinə zinət əşyası geyindirər, onların parıltısı behişt əhlinin çöhrəsini nurlandırar».
Həmçinin Peyğəmbər(s) buyurur: «Uşaq yeddi il ağadır və yeddi il bəndə və yeddi il vəzirdir və əgər iyirmi bir yaşında əxlaqı və rəftarı yaxşı olarsa, çox yaxşı, əks halda rahat burax və sən Allah dərgahında üzürlü sayılarsan».
İslam dini elmlərin uşaqlara öyrədilməsini zəruri bilmişdir. Əmirəl mömünün İmam Həsənə (ə) vəsiyyətdə buyurur: «... yeniyetmə qəlbi boş torpaq kimidir və hər nə ona səpilsə, onu qəbul edər və ona görə də qəlbin bərk və fikirlərin məşğul olmamışdan qabaq səni tərbiyə etməyi qərara aldım».
Məsumlarımızdan eşitdiyimiz bu gözəl hədislərdən belə nəticə çıxara bilərik ki, övladlarımız Allahın bizə verdiyi ən gözəl nemətlərdir və islam onları sevmək və məhəbbət göstərməyi məsləhət görür. Yeddi yaşına qədər uşağı əmir kimi, yeddi yaşından sonra yeddi il tərbiyə olunaraq, bəndə kimi və yeddi il də ondan sonra vəzir kimi tərbiyə etməliyik. Uşağa məhəbbət göstərilməsinin valideyn üçün Allahın rəhmətinə səbəb olması - hədislərdən çıxan nəticədir. Övladlarımızı sevək və onlara savad verərək, ən ümdə isə Müqəddəs Qurani-Kərimi öyrədək. Bu yolda Allah hər birimizə yar olsun. Amin!
Məşhədi Xanım,
«Dəyərlər»