суббота, ноября 01, 2008

Uşaqlar və gələcəyimiz

Çox qəribə səslənir bu söz. Sizcə uşaqlar həqiqətən də bizim gələcəyimizdir? Mənim fikrimcə xeyr! Soruşa bilərsiniz, niyə? Düzdür, verilən cavabı hər kəsə aid etmək olmaz. Əgər biz uşaqlara gələcəyimizin, sabahlarımızın ümidi kimi baxırıqsa, bunu onlara göstərdiyimiz düzgün qayğıda biruzə etməliyik. Qayğı nədən başlanır? Qayğı o demək deyil ki, sən uşağı əzizləyib, yedizdirib, geyindirəsən.

Gələcəyimizin uğurlu olması üçün uşaqlarımızın ən azından dəvət olunan yerlərə getməsi bəlkə də valideynin öz balasına ən gözəl qayğısıdır. "Tək əldən səs çıxmaz" həqiqətən bu cümlə özündə birliyi əks etdirir. Bu gün övladlarımızı dinin ucalması üçün təşkil olunmuş tədbir və dəvətlərdən kənarlaşdırıb, evin küncündə və yaxud bir guşəsində başlarını qatmaqla əvəz etmək istəyiriksə, gələcək və sabahlarımızı parlaq görmək olarmı? Bu sualı hamımıza verirəm. Bu sualı özünü Allah yolunda sayan və o Uca Varlığın qarşısında zəlil, xar olmuş halda görən biz bəndələrə.

... Axı niyə tənbəllik bizləri əzir? Məgər Həzrət Muhəmməd (s) buyruğunu unutduqmu? Əziz Peyğənbərimiz (s) buyurur:" Mənim xoşlamadığım kəslər o kəslərdir ki, tənbəllik edirlər".

Gəlin bu süstlüyü, tənbəlliyi bir sözlə, daşı ətəyimizdən tökək. Özümüzə və uşaqlarımıza rəhm edək.

Hər il ölkəmizdə bayramlar olur. Halbuki, keçirilən bayramların bəzisi yersiz və lazımsızdır. Amma nə olsun? Bir çox evlərdən bu bayramların əks-sədası gəlir. Yeni ilin mübarək, səkkiz martın mübarək, qaraqız, ağqız, qarasaqqal, ağsaqqal nələr, nələr...

Bəs yaxşı, biz əsl köklü bayramlarımızı necə təqdim edirik? Hec! Elə-belə. Bax bu elə-belə bizim evimizi yıxdı. Əziz bacı və qardaşlarım. Gəlin, unutmayaq ki, hər əməlimizə görə sorğu-sual olunub cavab verməliyik. Özümüz haqqında suallara cavab tapa bilsək də, bizlərə əmanət olunan bu balalar haqqında verilən suallara cavab tapa biləcəyik, ya yox?

Ax! Bu suallar, suallar... Deyəsən siz də yoruldunuz? Bəli, sual insanı o vaxt yorur ki, onun cavabın tapa bilmir. Sizlərə tanış olan bu nurlu kəlam "Düşünün, bəlkə nicat tapasınız".

Həqiqətən körpələri soyuqdan, istidən – bir sözlə, təbiətin sizləri çəkindirəcək şıltaqlıqlarından qorxaraq, geridə, uçuruma diyirlənməkdən qurtuluş yolunu tapmağı düşünün. Bir cəmiyyətdə fəallıq olarsa, o, daima irəlidədir. İndi biz fəal olub, islama xidmət etsək, nəinki irəlidə – əbədi səadətə çatmış olarıq.

Odur ki, bizi yoxdan var edən Yaradanımıza «Ləbbeyk!» deyib, hər əmrini yerinə yetirməyimizə əmin bir halda, son islam dinimizin yüksəlməsi, əbədi yaşaması üçün çalışıb və balalarımızı da bu əməllərdə ən yaxın şərik hesab etməliyik. İnşallah, bu ən gözəl, nurlu gələcəyimizin parlaq nümunəsinə körpüdür. Körpünü keçərkən Uca Allahdan büdrəyib yıxılmamaq ümidi ilə.


Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: