«Təqva» sözünün əsas mənası «saxlamaq» deməkdir. Daha aydın desək, daxili kontrol edən bir qüvvədir ki, insanı nəfsinin tüğyanı qarşısında hifz edir, saxlayır. Başqa sözlə desək, bir növ tormoz rolunu oynayaraq, insanı xətərlərdən qoruyur.
Elə ona görə də Həzrət Əli (ə) təqvanı günahın xətərləri qarşısında olan qüvvətli qalaya bənzətmişdir. Belə ki, İmam (ə) buyurmuşdur: "Ey Allahın bəndələri! Bilin ki, təqva möhkəm və nüfuz edilməz bir qaladır".
İslam hədislərində və həmçinin alimlərin kəlamlarında təqvanın vəziyyətini və necəliyini bəyan edən oxşarlıqlar çoxdur. Başqa bir yerdə Həzrət Əli (ə) buyurur: "Təqva sanki bir minikdir ki, onun sahibi ona minibdir və ona rəhbərlik öz əlindədir və behişt yolu ilə irəliləyir".
Bəziləri təqvanı o kəsin halına bənzədirlər ki, "o, günah və rəzil insanların yaşadığı bir torpaqdan qaçmışdır və çalışır ki, ehtiyatla irəliləsin ki, ayağı və ya paltarı bu rəzalətə batmasın".
Şairlərdən biri təqva haqqında belə demişdi: "Kiçik və böyük günahları tərk et ki, təqvanın həqiqəti elə budur. Həmçinin elə adam ol ki, rəzilliyin olduğu bir torpaqda ehtiyatla addım atasan. Kiçik günahları cüzi sayma, çünki dağlar da kiçik daşlardan təşkil olubdur".
Bu dediklərimizdən bunu başa düşə bilərik ki, təqva o demək deyil ki, hamıdan qaçıb, xəlvətə çəkiləsən. Xeyr! Əksinə, təqvalı insan ictimainın içində olub, özünü onun çirkinliklərindən qorumalıdır.
Hər bir halda, təqvalı insanın Allaha və Qiyamət gününə imanı olduğu açıq-aydındır. Yəni təqvalı insan "məbdə" (başlanğıca) və"məada"(sonunca) inanan bir insan deməkdir.
Həzrət Əli (ə) buyurur: "Təqva və Allahdan qorxmaq bütün bağlı qapıların açarıdır, axirət üçün ehtiyat yığmağın, şeytanın əsirliyindən azad olmağın səbəbi və həlakətdən nicat tapmaq deməkdir".
Qurani-Kərim təqvaya böyük əhəmiyyət verir və onu insan dəyərini qiymətləndirən əsas meyar sayır. Məsələn «Bəqərə» surəsində Allah Təala buyurur: "Allah gördüyünüz hər bir xeyr işi bilir. Xeyr əməllərlə azuqə götürün. Ən yaxşı azuqə təqvadır".
Başqa surədə, yəni «Əraf» surəsində buyrulur: "Lakin təqva paltarı daha yaxşıdır".
Bir çox ayətlərdə peyğəmbərlərin (ə) dəvətinin ilk yolunun təqva olduğu zikr olunur və başqa yerdə bu mövzunun əhəmiyyətini o qədər yüksəklərə qaldırır ki, Allahı "təqva əhli" hesab edir və buyurur: "O, təqva əhlidir və Ondan məğfirət dilənməlidir."
Quran təqvanı İlahi nur kimi tanıdır ki, hər hansı yerdə görünsə, elm və bilik yaradar.
Beləliklə, yuxarıda dediklərimizdən belə nəticəyə gələ bilərik ki, təqva haqqında gələn ayələrdə Qurani-Kərim hər bir təqvalı əməlin imandan, pak niyyətdən bəhrələndiyini bildirir. Təqva elə həmin məsuliyyət hissidir ki, imanın qəlbdə möhkəmlənməsi üçün insan vücuduna hakim olar və onu günahdan qoruyar, yaxşılığa, paklığa və ədalətə dəvət edər. İnsan əməllərini xalis tutar, fikrini və niyyətlərini çirkabdan yuyub təmizləyər. Və beləliklə deyə bilərik ki, təqvanın əsil mənası insan ruhunu və canını hər növ pisliklərdən uzaq saxlamaq və insanın bütün qüvvələrini Allahın rizayəti olan işlərə sərf etməsinə yönəltmək deməkdir.
Deməli, İslamda insan fəzilətinin və iftixarının əsas meyarı və şəxsiyyətin ölçülmə dərəcəsi təqva ilə müəyyən olunacaqdır.
Allah bizim iman və təqvamızı möhkəmləndirsin və bizə örnək olan Məsumlamızın (ə) təqvasından bizə də əta etsin. Amin!!!
«Dəyərlər»
Комментариев нет:
Отправить комментарий