вторник, ноября 11, 2008

Metroda tıxac

Şəhərimizin asfalt yollarında tıxaclarla qarşılaşmaq, məcburi olsa da, artıq bizi bu hala alışdırıb. Amma "20 yanvar" metro stansiyasında baş verən tıxac, doğrusu bizə çox qəribə göründü. Birdən elə düşünərsiz ki, metroda sərnişin daşıyan vaqonlar tıxac yaradıb? Yox! Narahat olmayın. Əgər belə olsa, onda gərək yerin üstündən və yerin altından ümidimizi kəsib, göyə qalxmaq üçün tədarük görək. Tıxacın səbəbkarı hər gün iş-güc dalınca gedən sərnişinlər olmuşdur. Metronun giriş qapısına qədər azı yüz metr məsəfəyə kimi camaat asta-asta irəliləyirdi. Hər gün bu yolu bəziləri qaça-qaça, bəziləri isə iti addımlarla keçib, gedirdilər. Amma bu dəfə metroya giriş çox baha başa gəldi. Qiymətlərdə yox, sadəcə hər gün gedərkən iki-üç dəqiqəyə başa gələn keçid, indi düz iyirmi dəqiqə vaxt apardı. Bir sözlə, çox gərgin və yorucu hadisə idi. Havasız, üstəlik də keçiddə olan siqaret tüstüsü adamı boğurdu. Həmişə olduğu kimi, hamı şikayət edirdi. Lakin nə mənası, kimdir sənə cavab verən. Tıxacın səbəbini öyrənmək istəyənlər nə baş verdiyini bilmək üçün irəli boylanır, lakin tünlükdən və tüstüdən heç nə görmürdülər.

Giriş qapısından keçəndə məsələ aydın oldu. Adamın çoxluğuna baxmayaraq metro işçiləri qapılardan cəmi ikisini açmış, hələ üstəlik girişdə dayanan polislər camaatın əl çantasından tutmuş, iri zənbillərə baxır, yoxlama aprırdılar. Sərnişinlərin içində olan qadınlardan biri, "heç yeridir, ay camaat?", "səhər-səhər yenə nə olub?" ,"başqa vaxt başları söhbətə o qədər qarışır ki, qışqırsan ki, metroda oğru var, kimi çağırırsan, kimə deyirsən?", "hər kəs öz işindədir." Kənardan bu mənzərəni izləyənlər belə nəticəyə gələcək ki, hamı iş başındadır. Özlərini elə göstərirlər, guya bunlardan başqa heç kəs işləmir. Camaatı isə sayan yoxdur. Deyən yoxdur ki, axı camaat artıq bezib. İş görməyin də qayda, qanunu var axı. Nə qədər gözdən pərdə asmaq üçün, yuxarıya raport vermək üçün «işləmək» olar?! Bu sadə camaatın halına yanan, gününə ağlayan nə vaxt olacaq?!

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: