четверг, ноября 20, 2008

Viran qalan İçərişəhər…

İçərişəhər-hər küçəsi doğma, məhrəm.

İçərişəhər-hər tinində mübariz insanlar hənirtisi.

İçərişəhər mənəviyyat, əxlaqla yaşamış bir toplumdan qalan miras.

1-2 saata piyada dolaşa bilinəcək bir şəhərdə vaxtilə 28 məscid, 28 hamam, 28 mədrəsə mövcud olub. Karvansaralar, kitabxanalar bu balaca şəhərin tarix səlnaməsinin canlı şahidləridir. Müqayisə üçün deyək ki, Bakı şəhərində İçərişəhəri istisna etsək, 20-yə yaxın məscid var. Bu qədər genişlənən, böyüyən, inkişaf edən – iki milyondan çox əhali yaşayan şəhərin dindar kəsiminin statistik göstəricisi çox şeydən xəbər verir.

Əslində nədənsə İçərişəhəri düz danışdığına görə qolları qandallanan dustaq obrazı kimi görürəm. İşərişəhər – deyəsən bir zamanlar ər igidlərin qoruduqları qala divarları düşmən əlinə keçib. Əsrin əvvəllərində yaşayan xalqın əxlaq təcəssümü olan şəhər qala qapılarını yalnış cameənin üzünə açıb. Düşmən şəhəri aldıqda ilk işi o şəhəri yerlə yeksan etmək olurdu. İlk hədəfləri tarixlə bağlı məlumatlar, abidələr və onları yada salan hər hansı bir şeyləri məhv etmək olurdu. Dünyada əlləri üstə qorunan abidələr burada ayaq altda tapdanır. Elə bil əski dillə desək gavurlar şəhərı zəbt edib, qiymətli nəyi varsa talan edirlər. Onsuz da ermənilər Şuşada, Xankəndində daşı daş üstündə qoymayıblar və bizim məmurlar bütün tribunalardan düyaya «tariximiz talan olunur» - deyə car çəkillər. Orada pis olan bir şey şəhərin mərkəzində məqbulmu olur? Deməli bu vandallığı bizim məmurların etməsi işə başqa don geyindirir? Pis hər yerdə pisdir, əslində öz etməyimiz pisliyin şiddətini artırır.

Sizə bir şey deyimmi? Mənə elə gəlir ki, bizim tarixi, ədəbi, memarlıq irsimizə laqeyd olan, onlarda yalnız şəxsi mənfəət görən ünsürlərin gözəlliyin həqiqiliyindən xəbər-ətəri yoxdur. bu insanlar tarixi abidəyə satılası «obyekt» kimi baxır. Amma bu vücudi qaragünlər ömürlərini hədər-hədər yandırdıqca, tariximizin nişanələri də real məhvolma təhlükəsi ilə üz-üzə qalıb…

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: