четверг, ноября 20, 2008

Həzrət Məsumənin (s.ə.) mövludu

Hicrətin 173- cü ili Musa ibn Cəfərin (ə) əziz qızı Həzrət Fatimə (Məsumə) (s.ə.) dünyaya göz açıb. İmam Rzanın (ə) və Həzrət Məsumənin (ə) mövludu bu ayın sevindirici hadisələrindəndir. Həzrət Məsumənin (s.ə.) mübarək adı çəkiləndə nədənsə İmam Rzanı (ə) xatırlayıram. Məşhədə getdiyimiz gün, əvvəlcə xanım Məsuməni (s.ə.) ziyarət edib, sonra qərib İmam Rzanın (ə) görüşünə getdik. Qum şəhərində Xanımı (s.ə.) ziyarətə getdiyim gün hava bərk isti idi. Fikirləşdim ki, mən istilərə dözə bilməyəcəm. Bu fikirlərlə getdiyimiz qrup ilə birgə Həzrət Məsumə (ə) hərəminə yetişdik. Hərəmin həyətində axan sudan doyunca içdim. Xüsusən içdiyimiz su qablarında olan dini sözlər mənə çox gözəl təsir bağışladı.

Allah yazılarını görmək insanda dönüş yaradır. Yadıma uşaqlıq illərində divardan asdığımız ərəb dilində yazılmış şəkil tablosu düşdü. Mən divardan asılmış bu şəkil və yazılara baxarkən Allahı xatırlayırdım.

Bəli, bir tərəfdən isti, digər tərəfdən isə qızdırmalı halım mənə əziyyət verirdi. Çox halsız idim. İstəyirdim geri dönüm, elə bilirdim ki, mənə doğma gələn vətənimdə yaxşı olacam. Lakin hərəmin həyətindən axan sərin sudan içəndən sonra, əvəlki halımdan əsər-əlamət qalmadı. İçdiyim qab boşalan kimi özümü yaxşı və gümrah hiss etdim. Sanki uşaq vaxtı həmişə nağıllarda oxduqlarım gerçəkləşirdi. Nağıllarda yazırdılar ki, filan insan sudan elə hey içir, doymurdu ki, doymurdu. Mən də o vəziyyətə düşmüşdüm. İçdiyim su mənə çox dadlı gəlirdi. Bəlkə on qab doyunca içib, şükür etdim.

Həm Həzrət Məsumənin (s.ə.) və həm də İmam Rzanın (ə) ziyarətgaşlarında, hərəmin üzərində uçan quşların hərəkəti diqqətimi çəkdi. Quşlar azan vaxtı səssiz, üzü qibləyə dayanıb, başlarını sinələrinə qısmışdılar. Üstəlik hərəmin başına dolanıb, uçmaqlarına baxmayaraq, hərəmi çirkab etmirdilər.

Xanım Məsumə (s.ə.) ilə ilk tanışlığım mənə şəfası ilə olmuşdur. Ziyarətlərimizi başa vurub, geri dönəndə, qəlblərimizə çox yaxın olan Həzrəti Məsumə (ə) ilə ayrılıq bizə çətin oldu. Və orada onun haqqında bir çox məlumatlar topladıq.

Onun atası Həzrət Musa ibn Cəfər (ə), anası isə Həzrət Nəcmədir (s.ə.). Adı Fatimə, ləqəbi isə Məsumədir. Yeddinci İmamın (ə) ailəsində ona "Fatiməyi-Kubra" deyirdilər. Allah bütün xanımlarımıza Həzrət Məsumə (s.ə.) əxlaqını nəsib edib, behiştə layiq etsin! İlahi, amin!

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: