понедельник, ноября 10, 2008

Bərzəx aləmi haqqında nə bilirik?

(«Təfsiri-nümunə»dən istinadən hazırlanmışdır)

Bərzəx aləmi necə bir aləmdir? Dünya və axirət aləmi arasında yerləşən bu aləmi necə isbat edirlər? Görəsən bu bərzəx aləmi hamı üçündür, yoxsa müəyyən insanlar üçündür?

Bu o suallardır ki, bu mövzuda tez-tez təsadüf olunur və ayə və hədislərdə buna dəfələrlə işarələr olunmuşdur. Çalışaq ki, onların bəzilərinə müraciət edək.

"Bərzəx" sözünün əsl mənası «iki şey arasında yerləşən» deməkdir. Elə ona görə də o aləm ki, dünya və axirət aləmi arasında yerləşir - "Bərzəx" adlanır. Bəzən bu aləmi qəbir aləmi, bəzən də ruh aləmi kimi adlandırırlar. «Möminun» surəsinin 100-cü ayəsində gələn: "Təzədən dirilən günə qədər onların gələcəklərində bərzəx vardır" ilahi kəlamı da bunu sübut edir.

Əhli-beyt (ə) məktəbinin və əhli-sünnənin tanınmış kitablarında bu haqda çox sayda hədislər gəlmişdir. Və onların təfsiri də müxtəlifdir.

«Nəhcül-Bəlağə»də gələn hədisə müraciət edək. Həzrət Əli (ə) Süffeyn döyüşündən qayıdan zaman Kufə şəhərinin kənarında, darvazanın bayırında yerləşən qəbiristanlığa üzünü çevirərək deyir: "Ey qorxulu evlərin, boş məkanların və qaranlıq qəbirlərin sakinləri! Ey torpaq əhli! Ey qəribanlar! Ey tənha kəslər! Ey qorxanlar! Siz bu yolda bizdən qabağa düşmüsünüz və biz də sizə qoşulacağıq. Əgər dünyadan sual versəniz deyim ki, evlərinizdə başqaları yaşayırlar, arvadlarınız başqalarına ərə gediblər və mallarınız bölünübdür. Bu bizim yanımızdakı xəbərlərdir, bəs sizdən nə xəbər var?»

Sonra üzünü tərəfdarlarına tərəf çevirib dedi: «Əgər onlara danışmaq icazəsi verilsəydi sizə xəbər edərdilər ki, bu səfərin ən yaxşı nümayəndələri əməli salehlərdir."

Aydındır ki, bütün bu deyilənləri kinayənin ünvanına yozmaq olmaz. Əksinə bunların hamısı insanın ölümündən sonrakı həqiqətdən xəbər verir. İnsanın ölümündən sonra yaşayacağı həmin bərzəx aləmindən.

Əsbəğ ibni Nəbatənin Əli (ə) haqqında danışdığı rəvayətdə oxuyuruq ki, "Bir gün Həzrət (s) Kufədən çıxıb Nəcəf deyilən yerə gedir və biz ona çatanda onu yerdə uzanmış halda gördük. Qənbər dedi: "Ey Əmirəlmöminin, icazə verərsiniz əbamı ayağının altına sərim?» O, buyurdu: "Xeyr, bura elə bil yerdir ki, möminlərin torpaqları burda yerləşir və sənin bu hərəkətin onlara mane ola bilər".

Əsbəğ deyir: ərz etdim ki, mömin torpağının nə olduğunu başa düşürəm, ancaq onlara mane olmaq nə mənanı verir?

"Ey Nəbatinin övladı! Əgər sizin gözünüzdəki pərdə götürülsəydi, möminlərin ruhlarını görərdiniz ki, burda halqa-halqa oturublar və bir-birlərini ziyarət edirlər və Bərhut vadisində isə kafirlərin ruhları var".

İmam Əli ibni Hüseyndən gələn başqa hədisdə oxuyuruq: "Qəbir – ya behişt bağlarından biridir və ya Cəhənnəmin quyularından biri".

İmam Sadiqdən (ə) gələn başqa hədisdə oxuyuq ki, bir nəfər Həzrətin hüzuruna gələrək, ərz etdi: "Bir çoxları nəql edirlər ki, möminlərin ruhları ölümündən sonra ilahi ərşin ətrafında gəzən quşların sinələrində qərar tutacaqdır". İmam buyurdu: "Bu cür deyil. Mömün Allah yanında o qədər əzizdir ki, onun ruhunu bir quşun bədənində məhbus etməz. Əksinə, möminlərin ruhlarını bədənlərinə oxşar bədənlərdə yerləşdirər".

Bu hədis ona işarə edir ki, o dünyada bu dünyadakı bədənimizə oxşar bədən olacaqdır.

"Kafi" kitabından bir hədis. Mömünlərin ruhları haqqında İmam Sadiqdən (ə) soruşanda o, buyurur: «Onlar behişt hücrələrində yaşayır, behişt yeməkləri yeyir və içkilərindən içir və deyirlər: "Pərvərdigara! Qiyamət gününü tezləşdir və bizə verdiyin vədlərə əməl et"".

Beləliklə, ayət və rəvatərlərdən belə nəticəyə gələ bilərik ki, bu aləm mövcuddur və Qiyamət gününə qədər də olacaqdır. Ora elə bir yerdir ki, Qiyamət gününə qədər həm behişti və həm də cəhənnəmi vardır. Allah bizi əməl salehlərdən qərar versin! Amin!!!

Məşhədi Xanım

«Dəyərlər»

Комментариев нет: