Peyğəmbərimizdən (s) gələn bir çox hədislərdə belə nəql olunur: «Din məhəbbətdən başqa bir şey deyildir». Bu hədisin əsas məqsədi odur ki, dinin həqiqət və ruhunun Allaha olan eşq və iman olduğunu bir daha bizlərə xatırlatsın. O iman və eşq ki, insanın bütün vücudunu işıqlandırar.Və bədəninin bütün əzaları onun təsiri altında olar.
Allah Təala Quranda buyurur: «Siz ki, Allaha olan məhəbbətinizi iddia edirsiniz, ona görə onun və Peyğəmbərin (s) tövsiyələrinə əməl edin. Və əgər bundan boyun qaçırsanız, bu Allahı sevmədiyinizin nişanəsi olar. Və Allah bunun kimi şəxsləri sevmir». («Ali-İmran» surəsi)
Bu ayədə işarə olunan bir mövzu diqqəti cəlb edir. Belə ki, Allaha itaət etməklə Peyğəmbərə itaət etmək bir-birindən ayrı gəlmir. Çünki Peyğəmbərə (s) itaət Allaha itaət deməkdir və Allaha itaət etmək Peyğəmbərə itaət deməkdir.
Bu ayədə başqa bir məsələyə də fikir verək ki, Allah buyurur, əgər onlar boyun qaçırsalar və əməldə dostluq etməsələr, deməli onlar öz iddia etdikləri məhəbbətdə sadiq deyillər və Allaha iman gətirməyiblər və təbii ki, Allah bunun kimi insanları sevmir. Deməli, Allaha olan məhəbbəti dildə deyil, əməldə göstərmək lazımdır və o kəs ki, buna gücü çatmır, deməli imanı kamil deyildir. Həmin əməl də Allaha və Peyğəmbərə (s) itaətdir.
Bundan başqa Allah möminlərə xəbərdarlıq edir ki, Allaha olan məhəbbət ilə Allahın düşmənlərinə olan məhəbbət bir ürəkdə birləşməz. Və onların içindən ancaq birini seçmək lazımdır. Əgər həqiqətdə mömindürlərsə, gərək Allah düşmənlərindən uzaq olsunlar və əks halda müsəlman deyillər. Allah Təala buyurur: «Allaha və Qiyamət gününə iman gətirənlərin içərisində heç bir nəfər də tapa bilməzsən ki, Allah və Peyğəmbərin düşmənləri ilə dostluq etsin. İstər atası, övladları, qardaşları və ya qohumları olsun». («Mucadilə» surəsi)
Bəli, bir qəlbdə iki təzadlı məhəbbət yerləşməs. Və hər kim ki, bunların hər ikisindən dəm vurur, ya imanı zəifdir, ya da münafiqdir. Və Allah düşmənləri hətta ataları, övladları, qardaşları, qohumları belə olsa, onlardan uzaq durmalıdır insan. İnsanlara məhəbbət etmək çox yaxşıdır və bu İlahi sevginin nişanələrindəndir. Amma əgər bu məhəbbət Allah məhəbbətini üstələsə, öz mahiyyətini itirər.
Bu hədisə nəzər salaq: Abdulla ibni Əbinin imanlı oğlu var idi. Bir gün görür ki, Peyğəmbər (s) su içir. Peyğəmbərə (s) deyir ki, qabın içində o sudan bir az saxlayın ki, atama verim, bəlkə Allah onun qəlbini pak edə. O zaman ki, oğlan Peyğəmbər (s) tərəfindən içilən suyun qalanını atasına gətirir, o bu sudan içməkdən imtina edir və Allah Rəsulunun (s) ünvanına nalayiq sözlər deyir. Həmin oğlan Peyğəmbərin (s) yanına gələrək atasını öldürmək üçün icazə istəyir. Ancaq Peyğəmbər (s) icazə vermir və buyurur: «Ona mehribanlıq et. (ancaq qəlbində onun əməllərindən nifrət et)».
Bəli, valideyn haqqı İslamda çox vurğulanan bir mövzudur. Ona əl qaldırmaq bizim dinimizə uyğun deyidir, hətta əgər Allah düşməni belə olsa. Dinimizin əzəməti də elə bundadır. Bu din başdan-başa həqiqət və məhəbbət dinidir. Dinimiz insanlığa əsl məhəbəti öyrədir və başqalarına da öyrətməyi tövsiyə edir. Çünki bu din həqiqətə aparan tək yol və məhəbbət dinidir. Uca Rəbbimizdən bu yolda hər birimizə xüsusi lütfünü inayət etməsini diləyirik. Amin!
«Dəyərlər»
Комментариев нет:
Отправить комментарий