четверг, ноября 06, 2008

İnsan özünü unutsa əgər...

“O kəslərdən olmayın ki, Allahı unutdular və Allah da onlara özlərini unutdurdu” («Həşr» surəsi, ayə 19). Qurani-Kərim özünü unutmağı Allahı unutmağın məntiqi davamı olduğunu bildirir. Quran bəyan edir ki, insan bəzən özünü unudur. Bu İlahi kitabın buyurduğu mətləblərə əsasən ən böyük məğlubiyyət və uduzmaq pullarını, var-dövlətini itirmək deyildir, ən böyük uduzan özünü uduzmuş şəxsdir. İnsan özünü uduzanda hər şeyini uduzmuş olur. Bəzən insan bir ömrü boyu qəflətdə olur, özünü tanımır və tanımağa cəhd etmir. Zamanın axarına düşərək “ömür sürür”. Kimdir? Niyə gəlib bu dünyaya? Məqsəd nədir? sualları ətrafında düşünmür. Çünki özünü tanımır, unudub.

Unutmaq zamanın bəlasına, mənəvi xəstəliyə çevrilib. Bütün müstəvilərdə unutmaq mümkündür, ancaq ən dəhşətlisi özünü unutmaqdır. Özünü unutmaq, yəni kimliyini unutmaq, Allah bəndəsi olduğunu unutmaqdır. Həzrət Əli (ə) buyurub: ”Təəccüb edirəm o şəxsə ki, bir şey itirəndə həmişə onu axtarır, amma özünü itirməsinə baxmayaraq onu axtarmır”.

Sağlam insanın özü barədə düşünməsi, öz kamilliyi və bu kamilliyə çatma yollarını araşdırması tam təbiidir. Lakin ətrafını fəsad bürümüş mühitdə yaşayan, əsas dəyər ğina, eyş-işrət, «yemək-içmək» olan,”üç günlük dünya” psixologiyası ilə yaşayan insanlara bu düşüncə tərzi yaddır. ”Nəfsini özünə tanrı edən insanı Allah necə doğru yoldan çıxarıb qulağını və qəlbini möhürlədiyini, gözünə də pərdə çəkdiyini gördünmü? Allahdan başqa kim onu doğru yola qaytara bilər?”(«Casiyə» surəsi, ayə 23).

İnsanın nəfsə bu sayaq kor-koranə itaəti Quranda “qəflət” adlandırılmışdır və qəflətdə olanlar məzəmmət olunur.

Qafil olmamaq üçün özünü tanımaq və özünü tərbiyə etmək lazımdır. Səmavi dinlərin, dini rəhbərlərin və əxlaq alimlərinin bu məsələdə israrı, bu işin mahiyyətini bir daha təsdiq edir. Qəflət səbəbindən insan özünü unudur, diqqət əsl məsələdən yayınır, insan olmaq şərəfini dərk etməkdə aciz qalır. Allahın ona əta etdiyi istedadları, daxili qüvvələrin fərqinə varıb onları realizə edirmi, potensialını üzə çıxarırmı? Axı bunlar ona boşuna verilməyib? İnsanda olan qüdrət ,eşq və pərəstiş, kamilliyə canatma, iradə, agahlıq, əql və s. kimi fitri meyllər var və bu meyllərdən düzgün istiqamətdə istifadə edilməməsi acı nəticələrə gətirib çıxarır. Bu meyllər özü də iki cür əsasa malikdir: insanın varlığının təmininə yönəlmiş meyllər və kamillik meylləri. Məsələn, insan öz varlığını qorumaq üçün qidalanır və ya özünü kamilləşdirmək üçün Quran oxuyur. İnsanın özünü təmininə yönəlmiş meyllər onun iradəsindən asılı olsaydı, qəflət və unutqanlıq səbəbindən bir çox çətinliklər yarana bilərdi. Ancaq kamillik meylləri iradidir, nəzarət etməsən qəflətə düşərsən.

Elm kəsb etmək insanın özünü tanımasına yardımcı olur, ancaq həqiqətdə insanlığa dəlalət etmir. Əslində bəzi filosoflar belə güman edirlər ki, elm bütün kamilliklərin əsasıdır. Digər bir qrup filosoflar isə belə qənaətdədirlər ki, insanın təhsil yolu ilə öyrəndiyi elmin onun kamilliyinə heç bir dəxli yoxdur. Elm və sənət, hətta dünya həyatının özü insan üçün əsl dəyər hesab oluna bilməz.

Elm öyrənməkdə kiminin məqsədi ad-san, var-dövlət və s.ola bilər. Demək nə elmi təhsil, nə sənət, nə fərdi və ictimai işlər mütləq dəyər deyil. Bütün bunlar Allaha yaxınlığa, insanı tanımağa xidmət etdikdə dəyərli ola bilər.

Sokrat əql, elm və hikməti “əsl fəzilət” hesab etmişdir. Ərəstun isə belə qeyd edir ki, elm və hikmətə malik olub, onu işlətməmək səbəbindən əxlaqi fəzilətlərdən məhrum olanlar çoxdur.

İnsanın düz yolda olub insan kimi yaşaması üçün fitri paklığı, seçdiyi dostu əhəmiyyətlidir. ”Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim. And olsun ki, Quran mənə çatdıqdan sonra məni doğru yoldan o sapdırdı” («Furqan» surəsi, ayə 28-29).

Həvarilər İsa peyğəmbərdən soruşdular: ”Kiminlə yoldaşlıq edək?” İsa (ə) buyurdu: ”Görüşü Allahı xatırladan, danışığı elminizi artıran, rəftarı axirəti sevdirən insanları dost seçin”.

Hər addımda diqqətli olmaq lazımdır, xüsusilə də insan özünə qarşı diqqətli olmalıdır. Axı o, əmanətdir. Özümüzü unutsaq bu əmanətin cavabını necə verəcəyik?!

İnsan özünü unutsa əgər, nələr olar, nələr! İnsan özünü unutsa, insanlıq unudular. İnsanlıq unudulsa azadlıqlar tapdanar, qanunlar dəyərsizləşər, bir sözlə hər şey baş -ayaq olar.

Ey insan! Özünü unutma! Unutma ki unudulmayasan…

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: