вторник, ноября 11, 2008

Bumlar ölkəsində - 8

“Kəmərləri bağlayın, getdik...” cümləsi ilə artıq tanışsız. Elə mən də bu günlərdə məşhur qəzeti əldə etdiyim kimi həmvətənlimin (P.S. hər ikimiz bumlar ölkəsindənik ) yazısını oxuyanda bu cümlə ilə tanış oldum. Amma doğrudan da sual doğura bilər niyə məhz bu cümlənin üstündə dururam? Məqaləni oxuyarkən hər cümlə gözəl vətənimizin (Qeyd – yenə də məşhur vətənimizdən bəhs edirəm, adı başlıqdadı) bir mənzərəsini gətirirdi gözlərimin önünə. Elə bu cümlə də hər anı bumla dolu küçələrimizin sərhəd keşikçilərini, pusquda duranlarını xatırlatdı. Sizə hər an (yəni əgər buna əməl etməmisizsə ) avtomobiliniz “iraq-iraq” bir qəzaya düşərsə qabaq şüşədən 3-4 metr irəliyə bum etməyəsiz deyə şirin-şirin “kəmərlərinizi taxın” deyə məsləhət verən (ilk baxışdan bu şirinliyi hiss etməyə bilərsiz, yəni bir az acı, və ya “şirinlikdən” asılı olaraq bir az zəqqutum kimi də gələ bilər) kimdir?! Hə, yanılmadız, elə məhz bu keşikçilərimizin bir başqa bum dolu sahəsindən danışmaq istəyirəm.

Bu günlərdə Azərbaycanda məişət cihazlarının satışı ilə məşğul olan şirkətlərdən biri kampaniya keçirərək mallarını bir günlük yarı qiymətə, yəni ucuz satdığını elan edir. Doğrudan da əhalimizin daxili impulslarının tez reaksiya verdiyi bir neçə söz varsa, onlardan biri də “ucuz” kəlməsidir. Elə ona görədir ki, axşamlar bizim bazarlar belə bumlayır. Təsəvvür edin biri “axşam bazarı” çığıraraq qarşısına bir ton çəkmə tökür və qiymətini 40 və 50 qəpikdən qoyur. İnanın ki, bir saatdan sonra bircəciyi də qalmayacaq. Kimin nə qədərə gücü çatsa, bir sumka, bir torba alıb aparacaq. Sonra da doyunca bir neçə il istifadə edəcək. Adə, bu camaatı da qınamaq olmur. Zavallı millət nə vaxt bir yaxşı pul gördü ki, bir bahalı malı da alıb geyinsin. Nə isə, qayıdaq mətləbə.

İndi burada da bilmirəm cihazlar mühərriki ilə birgə satılırdı ya eləcə qutusu, onu bilirəm ki, adəti üzrə kimi bir yekə torba götürərək piyada, kimisi də dəmir atını minib tökülüşdü həmin ucuz bolluğa. Hə, məsələ də elə burada idi. Piyadalar bir qırağa, avtomobili olanlar isə sevincək olub maşınlarını bir qıraqda saxlayıb, yollandılar növbə tutmağa.

Onlar öz növbələrində olsun sizə deyim səngərdə pusquda duran keşikçilərdən. Gözünə döndüklərim, arabalarını (evakuatorlar) minərək şığıdılar meydana və başlandı təmizləmə işi. Beləcə vəziyyəti nizama saldıqdan sonra, yığdıqları məmulatları bum dolu mükafatlandırma meydanında yerləşdirmək üçün üz qoydular yola. Burdan oyanasına getməyib, dərhal qayıdıram sevincək insanların yanına. Piyada gələnlərlə yenə işim yox, aldıqlarını bellərinə yükləyib, başladılar münasib avtobus axtarmağa. Avtomobili olanlar isə yüksək bir əhvalla rahatlıq naminə az qalmışdan açar pultunun düyməsini basırlar, amma cavab gəlmir ki, gəlmir. Adama deyərlər ay kişi, sənin axı nəyinə lazım idi, heç olmasa balaca bir maşının var idi də! Piyadaları başa düşürəm ki, “maşının var?”, deyə onlardan soruşanda «yox!» deməsinlər deyə ət və ya paltaryuyan maşın almaq istədilər. Sənə bu lazım idi və ya bu “bolluq” vaxtında sənin axı məişət cihazı nəyinə lazım idi? İndi get mükafatlandırma meydanında bumlan. Özü də bilirsən ki, bu «dar» küçələrdə (küçənin eni yalan olmasın 10-15 metir idi ) dünyada analoqu olmayan sarı xətlər çəkirlər (dünyanın heç bir ölkəsində xüsusi hal olmasa, bu enlilikdə yolun qırağına qadağanedici sarı xətt çəkmirlər), bir bax harda saxlayırsan də! Məsələn, bir məhəlləyə salardın və ya dükanın qapısına sürərdin. Yəgin qorxublar ki, burada da gəlib avtomobilin o yan bu yanından sarı xətt çəkərlər, deyərlər ki, saxlamaq olmazdı. Nə isə, deyilənə görə biz tərəflərdə də yolun qırağında (biz tərəflərdə isə yolun enliliyi yalan olmasın, 20-25 metirdir ) bir kişi ucuz apteklərdən birindən özü üçün ürək dərmanı almaq istəyib. Bir neçə manat qabağa düşdüyündən sevinən kişi avtomobilinə yaxınlaşanda, görüb ki, evakuatora yükləyirlər... Elə buradaca kişinin də ürəyi bum eləyib və keşikçilər də bir bum qırpımında hadisə yerini tərk edərək öz yerlərini tibb keşikçilərinə verib.

Sonda avtomobili olanların nəzərinə: birdən yazı maraqlı gələr də haradasa saxlayıb oxumaq istəyərsiz. Ehtiyatlı olun, bir də gördünüz havadasınız və özünüz qarışıq avtomobiliniz evakuatorun belində bumlanır...

NURAN MİKAYILOĞLU

«Dəyərlər»

Комментариев нет: