Ətrafımızda olan insanlar daima qaçhaqaçdadılar. Həmişə harasa tələsirlər və gecikirlər. Hamı vaxt azlığından şikayətlənir. Amma nəyə tələsirlər?
Nəyin ardınca qaçırlar? Gündəlik evə çörək pulu gətirmək, yemək və yatmaq üçünmü? Öz nəfsani arzu və xəyallarını gerçəkləşdirə bilmək üçünmü? Çox təəssüf ki, insanlarının çoxunun həyat qayəsi, məqsədi məhz elə bunlardan ibarətdir. Bəlkə də buna səbəb iqtisadi problemlər və çətin yaşayışdır? Yox! Bu əsla insanın təfəkkürünə, özünü tanıma və Yaradanını tanımağa, ona qulluq etməyinə mane ola bilməz. Bunlar əslində özümüzün özümüzə uydurduğu bəhanələrdir. Bu bəhanələr bizi həqiqətlərdən ayırır və daha bir yalana, faniyə dalıb qəflət burulğanında boğulmağımıza səbəb olur.
İnsanlar bu gün özləri ilə, Rəbbləri ilə söhbət etməyə 10 dəqiqə belə vaxt tapmırlar və ya vaxt ayırmaq istəmirlər və ya qorxurlar… Özləri ilə hesabatdan qorxurlar, məsuliyyətlərdən qaçırlar. Çox acınacaqlıdır ki, insanların əksəriyyəti müsafir olduqları yerdə elə məskən salıblar ki, sanki öz evlərinə bir də qayıtmayacaqlar. Sanki qayıdarkən heç bir şey aparmayacaqlarını bilmirlər! Sanki bütün şeylərini onun rifahı, tətmini üçün etdikləri cisimlərinin bir gün torpağa qarışıb, qurda-quşa yem olacaqlarını bilmirlər. Sanki gözlərinin önündə apaydın sərilən həqiqət səhnələrini görmürlər! Bəs niyə insan bu qədər həqiqətləri bilə-bilə hələ də qəflətdədir və hələ də özü üçün uydurduğu “mühümlər”lə ciddi-ciddiyə məşğuldur?!
İnsanlar daha çox mənfəət əldə etmək üçün bütün fürsətlərdən yararlanırlar, ancaq axirət azuqəsi hazırlamaq üçün hələ də tələsmirlər. Hələ də fikirləşirlər, hələ də yaxın gerçəyin uzaqlığına inanırlar. Yaxşıdan çox pisə, əbədidən çox ötəriyə, həqiqətdən çox illuziyaya, aqibətdən çox dünyaya tələsirlər. O dünya ki, oyun-oyuncaqdan ibarətdir. İnsan isə yaradılışının bir qayəsini unudub, dünyanın ötəri nemətləri ilə, bər-bəzəkləri ilə başını qatmışdır.
“Dünya həyatının zahirini bilirlər, ancaq axirətdən isə qafildirlər” («Rum» surəsi 7)
Dünya - həyatın görünən tərəfidir. Doğulub, boya-başa çatmaq, yemək, içmək, pul qazanmaq, komfortlu həyat sürmək, ev, maşın sahibi olmaq üçün hər yola baş vurub çalışmaq və bir gün də ölüb getmək. Məgər dünya elə bunlardan ibarətdir?! Allah Təala dəfələrlə və israrla öz kitabında “Məgər onlar özləri-özlərində fikirləşmirlər ki, Allah yeri və göyləri, onlar arasında olanları ancaq haqq olaraq və müəyyən müddət üçün yaratdı”. (Rum 8)
Biz dünyanın batinini bilməliyik və bilməliyik ki, həyat təkcə nəfsani arzularımızın tətminedici hədəfi deyil. Dünya həyatının batini axirətdədir və hər bir əməlimizin ardında axirət məfrukəsi olmalıdır. Həyat insanı öz zahiri bər-bəzəyi ilə Allahdan uzaqlaşdıra bilər, iblis insanın gözünə nələrisə ğaş-ayaq göstərə bilər. Amma unutmaq lazım deyil ki, iblis müttəqilərə yaxınlaşmır. Çünki hər dəfə hiyləsinin boşa çıxdığını görəndə həmin insanın Allaha bir mərətəbə daha yaxınlaşdığının şahidi olur.
Əslində isə dünya bizim üçün Allaha çatmaq yoludur, əbədi səadəti, həqiqi eşqi tapmaq yoludur.
Bir gün hamı oyanacaq, hamı qəflət yuxusundan ayılacaq, hamı dünyanın iç üzünü tanıyacaq! Amma artıq gec olacaq. Artıq geriyə dönməyə nə bir yol, nə də bir fürsət olacaq. Yalnız etdiklərimizlə baş-başa qalacağıq və o gün heç bir peşmançılıq da fayda verməyəcək.
Bizim bu qədər gerçəklikləri görməməyə heç bir haqqımız yoxdur. Biz həqiqətə tələsməliyik! Biz Haqqa tələsməliyik!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий