вторник, ноября 11, 2008

Ya çörək, ya kontur

(və yaxud mənə yüz kontur göndər)

Yaxşını-pisi təzə-təzə başa düşürdüm ki, cib telefonları peyda oldu. Yadımdadır, o vaxt "sim-sim" - qapını aç" və ya “cin gəlir-cin gəlir” deyə bir reklam var idi. Ancaq onun nə olduğunu başa düşmürdüm.

Doğrudan da, cib telefonları çox əla tapıntıdır. Əgər qabaqlar kimisə tapmaq üçün onların evinə gedirdinsə və o, evdə olmayanda iş yerinə üz tuturdunsa, orda da olmasa, iş yoldaşlarının səni göndərdiyi ünvanlara yollanırdınsa, indi cəmi yeddi rəqəm yığıb bir "yes "düyməsini basmaqla həmin adamı evdə, işdə və digər yerlərdə olmasından asılı olmayaraq tapa bilərsən.

Amma ordunun 90 illiyi ilə bağlı keçirilən paraddakı tankları görüb "onunla necə düşmən öldürmək olar?!" düşünmək əvəzinə "onunla neçə hektar yer şumlamaq olar?!" fikirləşən azərbaycanlı oturub yorulmadan cib telefonlarında azərbaycansayağı istifadə metodlarını axtardı. Ən böyük tapıntı da "vızıv atmaq" mədəniyyətidir. Yəqin ki, bu tapıntıdan "Nobel" mükafatı verən təşkilatın xəbəri yoxdur. Guya olsa nə olacaq. Onların dayıoğlusu deyilik, əmioğlusu deyilik. Adama bir quru çöp də verməzlər. Nə isə, keçək əsas məsələyə.

Ölkəmizdə olan mobil operatorların danışıq haqlarının baha olması hamıya məlumdur. Məlumatı olmayan digərlərinin nəzərinə çatdırıram ki, Azərbaycandakı mobil operatorların danışıq qiymətləri çox bahadır. Ancaq mənim işim yenə bizim bu qara camaatladır.

Heç uzağa getmirəm. Təkcə Bakıda iyirmiyə yaxın metro stansiyası fəaliyyət göstərir və bu metro stansiyalarının hamısının bir, iki, üç və daha çox çıxışları var. Hər stansiyanın içində və onun hər çıxışının yanında bir və ya iki kontur satılma məntəqəsinin olduğunu nəzərə alsaq təxminən altmış dörd və ya daha çox kontur satış məntəqəsi alınar. Həmçinin də, hər bir mağazada, marketdə, supermarketdə, qəzet köşklərində və bu kimi bir çox yerlərdə kontur satılır, demək olar ki, Bakının hər yanında (Yəqin ki, bu fikrimi inkar edən tapılmaz. Tapılsa da onlar istisna olacaq. İstisnalar isə ümumi qanun pozmur).

Mənim demək istədiyim budur ki, bu qədər satış məntəqəsi olan bir məhsulun baha olması necə mümkündür? İqtisadiyyat fənnindən ömründə bir səhifə oxumayan adam da o dəqiqə başa düşər ki, torbada pişik yox, daha iri bir heyvan var. Belə ki, əgər tələb olmasa, təklif çox ola bilməz. Tələb çox, təklif az ola bilər. Ancaq təklifin çox, tələbin az olması bazar iqtisadiyyatı üçün uğursuz addım sayılır (Əlbəttə ki, ən yaxşı hal tələb və təklifin bir-birinə bərabər olmasıdır).

Hamının başa düşdüyü dildə desək, alıcısı olmayan malı satan olmaz. Alıcının olub, satanın olmaması mümkündür. Əksi isə yox.

Yəni demək istəyirəm ki, millət bu qədər çox kontur alır ki, bu qədər çox kontur satan var. Oturub riyazi hesablama aparsaq görərik ki, təkcə kontur alqı-satqısından çox böyük bir pul dövriyyəsi formalaşır.

Əgər Bakı əhalisinin hər iki nəfərindən biri gündə 2 manatlıq kontur alsa, bu – 4 milyon AZN deməkdir. Ayda 120 milyon, ildə isə 1 milyard 440 milyon AZN edər.

Hər adamın gündə bir çörək yediyini nəzərə alsaq bu, təkcə Bakı əhalisi üçün gündə 1.6 milyon AZN, ayda 48 milyon, ildə isə 576 milyon AZN edər. Bu rəqəm də konturdən alınan rəqəmdən 2.5 dəfə kiçikdir. Dolayısı ilə insanlar gün ərzində təkcə kontura, çörəyə xərclədiklərindən 2.5 dəfə çox pul xərcləyirlər.

Bu pisdir, yoxsa yaxşıdır? Bunu sizin öhdənizə buraxıram. Məsələnin başqa bir tərəfi də var. Millətdə deyir “ay belə bahaçılıqdır, ay belə kasıbçılıqdır“ daha nələr, nələr... Vallah bu millət nə istədiyini bilmir. Düzdür, çörək bahadır, amma qarnının ac olub-olmamasından asılı olmayaraq hamı kontur alır. Ən acından ölənimizin də toyunda dadını unutduğumuz təamlar israf olur. Ən kasıbımızın cibində ən bahalı telefon olur, ən yoxsulumuz evini satıb maşın alır. Yatmağa yatağı belə olmayanların "krosna"sı var...

Sonda dahi Nizaminin iki misrası yadıma düşdü:

Göydə ol, yerdə ol, fərqi yox bunun,

Torpaqsan, yenə də torpaqdır sonun.

Xəqani Səfərov

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: