четверг, ноября 06, 2008

İnsanin dəyəri onun iradəvi seçiminə görədir

Uşaqlıqda gördüyüm bir tablonu sizinlə bölüşmək istəyirəm. Tabloda 3 uşaq meşənin dərinliklərində üzü güclü küləyə hərəkət edirlər. Uşaqlardan ikisi küləyin sovurduğu tozdan, yarpaq və qurumuş ağac budaqlarından qorunmaq üçün üzlərini öndə gedənin arxasında gizlədib, azmasınlar deyə ətəyindən tutmuşdular. Öndə gedən isə hər iki əlini irəliyə uzadaraq istiqamətini təyin edirdi. Onun kor olduğu başa düşülürdü. Uşaqların bir neçə addimlığında isə sonu görünməyən sıldırım təsfir olunurdu.

Bəli bir az düşünək. Kiminlə və haraya gedirik? Etdiyimiz seçimin nəticələri bizi maraqlandırırmı? Verdiyimiz qərarlara nə qədər diqqətliyik? Çox vaxt verilən ani qərarlar bizim həyatımızın axarını, istiqamətini dəyişəcək səviyyədə önəmli olur.

İnsana təkvini (qeyri-iradəvi) olaraq verilən nemətlər var. Məsələn ata, ana, baci, qardaş və s. Sizcə insan iradəvi olaraq bunları seçsəydi, hansı meyarı əsas tutardı? Məsələn, ata və ananı insan hansı meyarla seçərdi? Maraqlıdir. Amma çox şükür ki, bu bizim öhdəmizdə deyil, çünki nəticəsi bizim digər seçimlərimizin nəticələrindən fərqli olmazdı.

İnsanin dəyəri onun iradəvi seçiminə görədir. Bu seçim bəzən insana ömür boyu səadət və ya zillət paltarı geyindirə bilər. Ən əsası odur ki. insan hər bir seçimini bir meyar əsasında edir. Onun seçimi dünyagörüşündən, əqidəsindən aslıdır. İnsanın məsuliyyəti artdıqca verdiyi qərarlar, etdiyi seçimlər də o qədər əhəmiyyətli olur. Məsələn, bir insanın verdiyi qərar böyük-böyük şəhərləri viran qoya bilər. Xirosima, Naqasaki kimi nəticələrə gətirə bilər. İraq, Əfqənıstan, Fələstin kimi ölkələri xaraba qoya bilər. Ən önəmlisi isə o şəxslərin verdiyi qərarda onu o vəzifədə hələ də görmək istəyənlənin payı da əhəmiyyətli qədərdir. Qurani-Kərim Həzrət Muhəmmədin (s) zəmanəsində yaşayan yəhudiləri onlardan bir neçə əsr öncə yaşayan yəhudilərin cinayətlərinə razı olduqları üçün onlari həmin cinayətləri işləmişlər kimi məzəmmət edir.

İnsan öz məhəbbətinə və nifrətinə məsuldur. Məsumlardan (ə) gələn hədislərdə "İnsan əgər məhəbbətini daşa da salsa, Allah onu o daşla məhşur edər" deyə qeyd olunur. Rəsuli-Əkrəm (ə) buyurub: "İnsan sevdiyi ilə birgə olar". Diqqətli olaq! Əgər kiminsə cinayətlərinə, fasid qərarlarına şərik olmaq istəmiriksə seçimimizdə yanilmayaq! Məhəbbətimizə və nifrətimizə sahib olaq! O böyük gündə İmam Hüseynin (ə) qanlı köynəyini görəndə peşiman olmayaq. Yaddan çixartmayaq ki, İmam Hüseyn (ə)buyurub: "Hüseyn kimilər yezid kimilərə heç vaxt beyət etməzlər".

İlahi, bizi hər an seçimlərimizə diqqət edənlərdən qərar ver! İlahi bizi ziyanimiza olsa belə ədalətli seçim edənlərdən et! İlahi ölənə qədər qəlbimizdən Əhli-beytə məhəbbəti, zalımlara nifrəti əksik etmə!

İlahi MÖVLANIN zühurunu təcili et! Amin!

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: