четверг, ноября 06, 2008

Müsəlman olmaq çətindir

(və yaxud kinolar gerçək olur)

“Əvvəlcə kasıb olan oğlan öz ata-anasını itirir. Sonra ona baxan əmisi də dünyadan köçür. Beləliklə oğlan düşür küçələrə. İndi onun heç kimi yoxdu. Bir müddət küçədə qalır. Bir çox adamlar ona pislik edir...

Bir gün bir adam avtomobil qəzasına düşür. Həmin oğlan da bu səhnənin şahidi olur. Qəzaya düşmüş adamı xəstəxanaya aparır. Kişi yolda keçinir. Ölməmişdən əvvəl isə bütün var-dövlətini oğlana miras qoyur. Və beləliklə kasıb və yetim oğlan varlı olur. Ona edilən pisliklərin əvəzini çıxır...”

Yəqin ki bu cür standart ssenari sizə kinolardan məlumdur. Ancaq bu absurd ssenarilərin həyata keçməsini görməmişəm. Açığı o cür kinolara baxanda nə qədər dramatik olursa-olsun mənə gülməli gəlirdı.

Ancaq o gün adətən kinolarda gördüyümüz bir hadisənin canlı şahidi oldum. Bu mənim həyatımda ilk dəfə idi.

Deməli, bir cavan amerikanlı qız mənim gözlərimin qabağında islamı qəbul elədi. Düzdü, indi siz deyəcəksiniz ki, “nə olsun bu qəbildən olan hadisələri hər gün qəzetlərdən oxuyuruq daa”. Elə ilk dəfə mən də bu hadisəni eşidəndə belə fikirləşmişdim. Ancaq həmin proses vaxtı orda olmaqla başa düşdüm ki, əslində məsələyə çox sadə baxırmışam.

İnsanın öz əqidəsini dəyişməsi asan olmayan işdir. Uzun illər inandığın bir şeyın əslində səhv olduğunu alayıb, başqa əqidənın düzgünlüyünün yəqinliyinə çatmaq hər adamın əlindən gələ bilməz. Bəziləri də özlərinin səhv olduğunun yəqininə çatsa da, heç vaxt onu dəyişmir. Dedim axı, əqidənin dəyişilməsi hər adamın işi deyil.

İndi bizim bu amerikalı qız bəlkə də özü üçün ən çətin olanını etdi. Çünki onsuz da onun məmləkətində və dünyada islamafobiya baş alıb gedir. Bu bir axındı. Bəzi müsəlmanların özləri belə hətta bu axına düşür zaman-zaman. Ancaq axınla gedən bir adamın birdən-birə axının əksinə tərəf irəliləməsi çox təəccüblüdü. Buna səbəb ancaq və ancaq müqabilində də mənəvi mənfəət güdməsindən başqa heç nə ola bilməz. Mənəvi rahatlıq. Dünya və axirət səadəti və s.

İndi gəlsin maddəçilikdən yekə-yekə danışanlar bunun səbəbini mənə izah etsinlər. Bəs nə oldu hər şey maddə idi və ondan kənar heç nə yox idi?

Çox təəssüflər olsun ki, onun necə bu qənaətə gəldiyini öyrənə bilmədim. Təxminimə görə özü oxuyub, araşdırıb belə nəticəyə gəlib. Heç əksi ola da bilməz zatən...

Mənim fikrimcə, hələ İslamın heç 1 faizi dünyaya çatdirilmayıb. Dünya qoynunda yatan cəvahirdən xəbərsizdi. Bu cəvahiri açıb dünyaya göstərmək onu tanıyanların öhdəsindədı. Yəni sənin, mənim öhdəmdədir. Bu işi heç kim bizim yerimizə edən deyil. Hətta biz eləməsək, bu cəvahiri yox eləmək üçün əllərindən gələni edəcəklər.

Nə isə. Allah kərimdi. Öz dinini qoruyacağına söz verib. Ancaq bu o demək deyil ki, müsəlmanlar əllərini əllərinin üstünə qoyub oturmalıdılar. Əllbəttə ki, bu hərəkət, bərəkət məsələsidi. Hərəkət etməsək, Allah da bərəkət verməz. Bu ədalətin özüdür.

Bu zamanədə müsəlman olmaq heç də asan deyil. Belə ki, dövrün məhrəm-naməhrəm anlamayan metrosu, avtobusunun olması. Bundan başqa televizorlarda, radiolarda və internetdə kimi hər an müsəlmançılığına xələl gətirəcək proqramların, saytların olması, sənin də heç bir maneə olmadan hər an onlardan rahat istifadə edə bilmə imkanının olması, indiki dövrdə müsəlman olmağın çətin olduğuna sübutdu. (Allah axırımızı xeyr eləsin)

İndi qalmışam belə. Bilmirəm nə edim. Əgər kinolarınız gercək olmağa başlasa ... evimiz yıxıldı. Belə ki, o qədər əcaib kinolara baxmışam ki. Deyirəm birdən onlar da gerçək olar eee ...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: