четверг, ноября 20, 2008

Qafil və qatil

Əziz Peyğənbərimizin (s) yaşadığı dövrə nəzər saldıqda, o zaman cahil ərəblər, qız uşaqlarını lazımsız, pis məxluq hesab edirdilər. Və bu vandallar qız uşaqlarını diri-diri basdırıb, tələf edirdilər. Düşünmürdülər ki, öz balalarını, bir ananı məhv edirlər. Özləri də bir anadan, bir qadından dünyaya göz açıblar. Əgər onların da anaları körpə vaxtı, vəhşicəsinə torpağa basdırılsaydı, dünyaya gəlməzdilər. Öz övladını dir-diri basdıranlar, insanlıq məfhumundan uzaq kəslərdir.

O dövrdə qız uşaqlarına zülm, özlərinə isə əzab artıran, bu azğın insanları başa salmaq üçün, Allah Təala əziz Peyğəmbəri Həzrət Muhəmmədə (s) bu ayəni nazil etdi: «Onların birinə qız(ının olması) müjdəsi verilən zaman, qəzəb onu boğduğu halda (acıq və hiddətin çoxluğundan) üzü qaralar. O, verilmiş müjdənin pisliyindən öz qəbiləsindən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar!» («Nəhl» surəsi, 58; 59) Həqiqətən, Uca Yaradan yenilməz qüdrət və hikmət sahibidir.

Həzrət Muhəmməd (s) yaşadığı dövrdə cahil ərəblər qizlarını diri-diri torpağa basdırırdılar. Ən dəhşətlisi isə, bizim yaşadığımız dövrdədir. Quranda yazılanlar hər kəsə məlum olduğu halda, yenə öz nəfslərinə uyğun hərəkət edirlər. O dövrü, indiki dövrlə müqaisə etdikdə, "dırnaqarası" valideynlərin nəinki tək qız uşaqlarını, hətta saxlamağa imkanı, bacarığı olmadığı bəhanəsilə bütün körpələri, dünyaya gəlmədən yox edirlər. Heç harada basdırıldığından da xəbər tutmurlar..

Hər bir insan öz əməlinə görə mələkdən yüksək, heyvandan da aşağı səviyyəyə düşə bilər. Nəfsinə qalib gələn insan mələkdən yüksək, nəfsinin qulu olan isə heyvandan da aşağı səviyyəyə düşür. Meşədə yaşıyan vəhşi heyvan belə öz balasının cəsədini ya basdırır, ya da dartıb gizlədir. Balası ölmüş heyvanlardan birinin necə ağladığının şahidi olmuşam. Öz balasını iyləyib, ağlayan bu heyvanın səviyyəsi belələrindən yüksəkdir. Yuva tikib balalarını başına komalayan heyvanları da az görməmişik. Ruzidən şikayət etməyən bu heyvanlar hər əziyyətə qatlaşıb, öz balasını yedizdirib, yırtıcı heyvanlardan qoruyub, saxlayır. Bəs belə insanlar necə? Görəsən durumlarının heyvandan da aşağı düşməsinə səbəb nədir? Allahdan uzaq düşən və Onun hər şeyə şahid olduğunu unudan belələrinə yalnız bir ad yaraşır: qafil və qatil!

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: