вторник, ноября 11, 2008

Azery Army və şapalaq yarışı

Yəgin ad tanışdır. YouTube-da yayımlanan və əlaqədar qurumlara utanc gətirən videoçarx məhz bu adla qeyd edilib. Bu arada fikrimə informasiya texnologiyası dünyasında yaşayan insanlarla əlaqədar bir fikir gəldi. Təsəvvür edin, xalqımızı gözü götürməyən və ya elə lap gözü götürən bir millətin nümayəndəsi “şöhrəti dağlar yaran” azəri ordusu barəsində maraqlanır. Və elə bu zaman bu adla bir axtarış verilir. Tapılacaq görüntülər də sizə məlumdur.

Fəxr edə bilərsən, xalqım mənim. Gənc əsgərlərin sənin adını elə zirvələrə qaldırır ki, biabırçılıq bayrağın dünya çempionatlarında dalğalanacaq. Sən qalib gəldin. Şapalaq çempionatında. Artıq hazırıq və əmr gözləyirik. Bircə sən əmr ver. Yarışlar bizi gözləyir. Bezdik daha gözləməkdən. Düzdür, elə bu cür də olmalıdır. Torpaqlarımızı daha “urus”, “fransuz” və ya “xod gedən amerikalı” alacaq, gözlə (burada “gözlə” sözünü necə başa düşmək istəyirsiz, elə də başa düşmək olar). Və ya heç almasına gərək yox. Biz gözütoxuq və bölüşərik. Biz vaxtımızı daha məqsədli işlərə, Azərbaycanı siyasəti, iqtisadiyyatı, idmanı və yenicə (əslində yenicə deyil, sadəcə tanış olmayanlar insanlar və boynuna almayan strukturlar üçün yeni məsələ adına “sırınır”) bu sıraya daxil olmuş şapalaq yarışlarında birincilikdə tanıdacayıq. Elə ilk medalı da çarpayıda uzanaraq baş məşqçi və eyni zamanda hakim rolunda çıxış edən şərəfsiz oğul gətirəcək. Belə də ki, sülh şəraiti və atəşkəs axı azəri balalarını analarının əlindən almayacaq. Əsgərlərimiz salamat şəkildə bir il altı ay vətənə borcunu ödəyəcək və salamat şəkildə isti evinə qayıdacaq (bu sıraya bəxti gətirməyən səngərdə düşmən gülləsi və ya elə öz “qeyrətli” silahdaşlarının gülləsini yemiş əsgərlər aid deyil).

Bəs mənən öldürülən kişilərimiz necə olsun? Və ya onların kişilik məktəbi hansı təlimləri tədris edəcək? Bu sual önümdə durarkən bir daha daxili tormozları tutmayan çarpayıda uzanmış boynuyoğun gədə gözümün önündən keçdi. Və ən dəhşətlisi budur ki, həmyaşıdlarım – tələbələr və s.bu kimi şeylərdən sarsılmayaraq, vərdiş olunmuş bir şey kimi, sadəcə azəri millətinə məxsus yeni bir dərin “Eh” deyərək kifayətləndi. “Bu hələ harasıdır ki?” deyənlər də az deyil. Bəlkə də bundan oyanası da var. Və elə bəlkə də bundan oyanasının da yayımlanmasından qorxan əlaqədar qurum bu görüntünü də əvvəlki analoji video kimi teatr adlandırmadı. Və bunun ardınca qeyri-rəsmi olaraq, videosu olan telefonların hərbidə istifadəsi qadağan edildi.

Ey kaş, bir texnologiya kəşf olunaydı ki, insanlar beyin yaddaşındakı videoları həmin bu bölməyə yerləşdirə bilərdi. Təəssüf ki, bu mümkünsüz bir işdir. Real görüntü bir teatır adlanırsa, demək hər kəsin şahid olduğu hadisələr sübutsuz bir cəfəngiyyat.

Saxla içərində xalqım, vaxt gələr, sənin də ürəyindən tikan çıxara biləcək gördüklərin bir görüntüyə alınaraq yayımlanar. İnanın, bəlkə də bu görüntülərdən ən çox sevinən özünü hərbidə asan cavan qardaşlarımız və gözü yaşlı analardır. Nəhayət, dərdini heç bir kəsə söyləyə bilməyən və ya söyləyə bilsə belə sübut edə bilməyəcəyini anlayaraq acığını Allah verdiyi mübarək ömründən çıxardan övladların ruhları azca təskinlik tapacaq. Onların dedikləri azca da olsa sübuta yetdi...


NURAN MİKAYILOĞLU
"DƏYƏRLƏR"

Комментариев нет: