четверг, ноября 20, 2008

Dayanacaq qoyma planı

XXI əsrdə Bakı şəhərində qəribə düşüncəli insanlar görünməyə başlayır. Hər tərəfi şüşədən olan dayanacaqlar yəqin ki, hamıya tanışdır. Əvvəllər daşdan hörülmüş dayanacaqların sayı az, camaat isə fərqli olaraq, çox olurdu. İndi isə bu şüşə dayanacaqlarda yer çox, amma insan yox. Hərdən yolumu dayanacaqdan salıb, marşrut gözləyirəm. Baxırsan ki, səndən başqa insan yoxdur. Öz-özünə fikirləşirsən ki, bəlkə səhv gəlmişəm, burda dayanmalı deyiləm. Dayanacaqdan iyirmi metr uzaqlıqda isə, o qədər adam olur ki, heç bir- birilərinə, marşruta minməyə aman vermirlər.

Sən dayanacaqda marşrut gözləyirsən, marşrut isə dayanacağa yaxın düşmür. Bilmirsən sərnişinləri başa salasan, ya sürücüləri. Dayanacaqları nə prinsiplə filan yerə qoyurlar, başa düşmək olmur. Sanki dayanacaq qoyma planı var, filan qədər qoyuldu, raport verildi - vəssalam. Bəs bunun qışı var, küləyi var, onda necə olacaq? Ya da hər addımbaşı bir dayanacaq qoysunlar. Onsuz da getməyi ilə dayanmağı bir olur. Çox demirəm, sürücü azı yolda əlli dəfə saxlamalıdır. Bu da mümkün olan deyil! Çünki dayanacaqların tikilməsi üçün şüşə tapılar, amma orda dayanmağa insan tapılmaz. Odur ki, dayanacağın yerini müəyyənləşdirmək üçün, ilk növbədə camaatla məsləhətləşib, yerini təyin etmək olar. Müəyyən araşdırmalar aparmaq, yerində tədqiqatlar həyata keçirmək lazımdır. Sərnişinlərin rahat yığışdığı yerləri müəyyən etmək lazımdır. Bütün dünyada belə edirlər. Bizdə isə kimsə dayanacağı məhz burada qoymaq qərarına gəlibsə, artıq geriyə yol yoxdur. Mütləq həmin yerdə hörəcəklər, heç kim orada dayanmasa da.

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: