понедельник, ноября 10, 2008

Dəvət olunmuş qonaqlar qovuldu

Bir neçə ildir ki, "İntizar" teatr truppası fəaliyyət göstərir. Bu illər ərzində əxlaqi və ibrətamiz tamaşalar hazırlanmış, xüsusən də dini mövzulara daha geniş yer verilmişdir. Komediya janrında teatrlar, həmçinin körpə balalar üçün də kukla teatrı, tamaşalar ərsəyə gətirilmişdir. Bakının bir çox qəsəbə və kəndlərində, o cümlədən ali məktəblərdə mövlud, şəhadətlərdə öz kiçik və böyük səhnələri ilə çıxış etmişlər. Tamaşalardan sonra teatrsevərlər aktyorlara öz müsbət fikirlərini söyləmiş və razılıqlarını bildirmişlər. Amma gələcəkdə qəribə bir hadisə ilə qarşılaşacaqlarını ağıllarına belə gətirmirdilər.

Günlərin bir günü "İntizar" teatr truppası hazırladığı tamaşa ilə çıxış etmək üçün dəvət alır. Bir neçə gün qabaq xəbər olunur ki, mütləq orada olsunlar. Bəs yaxşı necə olur ki, özləri dəvət etdikləri qonağı elə özləri də qovurlar? Bu hadisə kənardan kiməsə gülməli və yaxud başqa birisinə ağlamalı görünə bilər. Görəsən bu hadisə ilə siz qarşılaşsaydınız, hansı hissləri keçirərdiniz?

Hadisə belə baş verib. Əhmədlidə yerləşən böyük kitabxanaların birində televiziya çəkilişləri aparılırdı. Və "İntizar" teatr qrupunda fəaliyyət göstərən aktyorlardan biri həmin kitabxanada üzv imiş. Dəvət onun vasitəçiliyi ilə baş verib. Bu dəvəti səmimi qəbul edən qrup həmin ünvana təşrif buyurub. Məhz həmin gün əziz imamlarımızdan olan İmam Zaman ağanın (ə.f.) mövlud günü ilə üst-üstə düşdüyündən, hazırladıqları kiçik sujetli səhnəcik, məsum İmama həsr olunmuşdur. Mənzil başına çatar-çatmaz kitabxananın direktoru salamsız-kəlamsız «gedə bilərsiniz və biz istəmirik ki, bu qrup burada tamaşa göstərsin» - deyə bildirib. Bu kəlmələri eşidən qrup üzvləri bir-birinin üzünə baxa-baxa oranı tərk etmək məcburiyyətində olublar. Sonradan bir- birlərini danlayaraq «axı, biz niyə ona bir söz demədik?!» - deyə pərtliklərini izhar ediblər. Hərçənd ki, bu hadisədən sonra kitabxanaya getmək və orada direktorun etdiyi hərəkətin Azərbaycan milli ənənələrindən hansına uyğun olduğunu soruşmaq istəyəndə bunun mənasız olduğu anlaşılıb.

Lakin baş verən bu xoşagəlməz hadisənin səbəbi qrup üzvlərinə aydın olmuşdur. Dəvət etdiyi qonaqların, teatr qrupunun mədrəsədə fəaliyyət göstərməsi ona əvvəlcədən məlum idi. Sonradan həmin direktor bu barədə ona sual verildikdə belə cavablandırmışdır: «Məgər biz hansı zəmanədə yaşıyırıq? Mən sizi bu qiyafədə gözləmirdim».

Amma, axı qiyafələrin heç bir nöqsanı yoxdur. Sadəcə baş örtüyü imiş ki, direktoru narahat edirmiş. Biz uşaqlıqdan böyüklərimizdən, nənə və babalarımızdan eşitmişik ki, qonaq Allah qonağıdır. Gərək onun yanında üzüqara olmayasan. Nəinki bizim millət, hətta başqa ölkələrdə də qonağa hörmət, izzət var.

Bu gün cəmiyyətdə artmaqda olan belə düşüncəli insanlara Allah Özü hidayət qismət etsin.

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: