понедельник, ноября 10, 2008

Qoyunlar insanları yeyir

(və ya əsgərlərimiz kimə ya nəyə qurban gedir?!)

Orta əsrlər kapitalizminin məhşur deyimi: “Qoyunlar insanları yeyir” və ya “Çəpərləmələr”. Orta əsr kəndlisini, eləcə də bütün aşağı təbəqəyə məxsus olanlarını təngə gətirən hərəkat. Əsas... Kapitalizim oyunu meydana gəlirdi. Bəli, elə məhz bu adla feodallar o dövr insanının dediyi kimi, Adəm övladını qoyunlara qurban verməyə başladı. Qoyun tükü insanların evlərin aldı, torpağın aldı, nizamlı həyatını aldı insanların əlindən. Amma həyatları qaldı özlərində. Düzünü desək, gedib-gələn nəfəsləri saxladı onlarda. Lakin bunun qalmasının nə faydası ki! Beləcə bütün bu əsaslarla “inkişaf” etdi kapitalizm. Hansı ki, indi bizim millət də iddialıdır həmin bu kapitalizmə.

Mən danışmaq istəmirəm hazırda dövlətimizin kapitalist durumundan. Sadəcə danışmaq istərdim kapitalizmə iddialı olan dövlətimizin keşikçilərindən, yəni əsgərlərindən. Böyük bir sualım var, əvvəl özümə, sonra isə bu suala cavab verməyə məcbur olan hər kəsə. Görəsən heç düşünmüşük ki, bu gün əsgər deyilən məfhum olmasa dövlətimizdə vəziyyət necə olar? Və ya ümumiyyətlə dövlətimizi və bizi əsgərlərin taleyi nə dərəcədə maraqlandırır?

Bu günlərdə məşhur bir informasiya portalında eyni zamanda iki xəbər gedir. Bunların hər ikisi türk əsgəri barədə gəlmişdi. Təəssüf ki, hər ikisi də əsgərlərin ölümü xəbəri idi. Əslində, yəgin diqqətinizdən yayınmadı ki, “şəhid olma xəbəri” demədim. Niyə, çünki, bu xəbərlərdən ikincisinə şəhid adı vermək mümkün deyil. Xəbəri ixtisarla çatdırım. “Həkkari vilayətində PKK qruplaşmasına qarşı manevr edən Türk Silahlı Qüvvələrinin beş əsgəri əks-hucum nəticəsində şəhid olur. Baş qərərgah xəbəri dərhal alın açıqlığı ilə təsdiq edir və şəhidlərin ailəsinə dərin hüznlə başsağlığı verir. Şəhidlərin torpağa tapşırılmasının hansı təmtaraqla baş tutacağı haqqında isə hələ məlumat yoxdur. Eyni vaxtda Azərbaycanda da analoji hadisə baş verir, yəni əsgər itiririk. Amma necə?! Hər hansı bir “N” saylı hərbi hissədə bir əsgər digər, həmyerlisi olan əsgəri silahdan açdığı atəşlə qətlə yetirir. Əlaqədar nazirliyin mətbuat orqanları isə adəti üzrə susur”.

Düşünürəm ki, bu heç də eşitdiyiniz təsadüf hallardan deyil. Bəlkə də eyni hissədə bir həmvətənlimizin digər yoldaşını öldürməsi təsadüfü haldır. Amma mənəvi öldürmələri kimin ayağına yazaq?! Bu yaxınlarda intiharla mübarizə günü qeyd edilirdi. Bu səciyyənin xarakterik olduğu insanların əksər hissəsini kimlər təşkil edir? Əsgərlərimiz. Döyülmələr, söyülmələr, alcalmalar... Bunlar da özlüyündə bir kitab təşkil edir. Atəşkəs vəziyyətində olan dövlətimizdə hər gün olmasa da, günaşırı əsgərlərimizin şəhid olması hansı zəmindən doğur? Nə üçün əlaqədar qurumlar cavanlarının taleyinə bu qədər laqeyd yanaşırlar? Axı, bu qədər əsgərimizi müharibə olmadan itirdiyimiz halda və itirilənlərə və onların ailələrinə mənfidən azca yuxarı münasibət hansı inkişaflar yoluna işıq saçır?

Mən əminəm ki, biz kapitalizmə və digər bu adla yeridilən iqtisadi inkişafların heç birinə xalqımızı və xüsusən də heç bir əsassız əsgərlərimizi qurban verməklə nail ola bilmərik. Özünüzdən muğayat olun və ya özünüzü qoruyun...

NURAN MİKAYILOĞLU

«Dəyərlər»

Комментариев нет: