“Ünsiyyət” ərəb sözü olub, “üns” sözündən götürülmüş və əlaqə qurma, fikir-məlumat mübadiləsi, obyekt və subyekt arasında rabitə və s. mənalarına gəlir. Hər bir insan fitrətən ünsiyyət qurmağa meyllidir. Bəzi psixoloqlara görə insanlar məhz tələbatları və ehtiyacları ucbatından ünsiyyət qururlar, bu tələbat istər mənəvi olsun, istərsə də maddi.
Müəyyən araşdırmalar aparan mütəxəssislərə görə isə insanın həyat keyfiyyətinin daha yüksək olması cəmiyyətdə ünsiyyət vasitələrinin çoxluğu və ya azlığı ilə ölçülür. Onların fikrincə ünsiyyət nə qədər çox olsa, informasiya və bilik mübadiləsi nə qədər sürətlə artsa, insanlar arasında yaranan əlaqələr nə qədər geniş və çoxölçülü olsa, cəmiyyətlər bir o qədər də çox inkişaf edər.
Hesablamalara əsasən insan gün ərzində ona lazım olan 100% enerjinin 10%-ni qidadan, qalan 90%-ni isə ünsiyyətdən alır. Bəs görəsən hamı ilə ünsiyyət bu 90%-i bərpa edə bilirmi? İnsanın ünsiyyət çevrəsi bir neçə istiqamətə yönəlikdir: ətrafda olan insanlarla ünsiyyət, Yaradanla ünsiyyət və insanın özü ilə ünsiyyət.
Ətrafda olan insanlarla ünsiyyət haqqında müxtəlif fikirlər söylənilmişdir. Bəzi düşüncələrə görə ünsiyyət insanın xarakterindən asılı olaraq mümkün ola bilir. Bu cür düşüncənin nümayəndələrinin fikrincə elə insanlar var ki, qarşıdakı insanla daha tez ünsiyyət qurmağı bacarır, amma elələri də var ki, bu onlar üçün elə də asan iş deyil. Bunu da bir çox yöndən – bəzi komplekslər, bioenerjidəki aura yetərsizliyi və s. ilə izah edirlər.
İnsanın özü ilə ünsiyyəti isə vicdanı ilə, batini aləmi ilə üzləşməsidir. Təsadüfi deyil ki, bir səhvi olanda daxilən mənəvi iztirab çəkir. Amma bəzi hallarda ondan qaçmaq istəyir, sanki vicdanının səsini eşitmək belə istəmir. Bu zaman isə ona yalnız səmimiyyəti kömək edə bilər.
Yaradanla ünsiyyət isə insanın həyatının bütün sahələrinə sirayət edən bir məhfumdur. 90% enerjinin içində dominantlıq təşkil edən hissə məhz Allahla olan ünsiyyətdir. Bu ünsiyyətin də nə qədər yüksək dərəcəli olması insanın Allah qarşısında səmimiyyətindən asılıdır.
Bəzən insanı, xüsusən son dövrlərdə, depressiyalar, stresslər bürüyür. Bu zaman insanı səhrada susuz qalmış bir kəsə bənzətmək olar ki, gözü hər yerdə suyu axtarır. İnsanın bu halını onun həqiqi həmdəmindən uzaq düşməsi kimi izah etmək olar. Qəlbi Allaha təslim nəticəsində iman nuruyla dolarsa, artıq onun üçün çətinliklərə sinə gərmək, insanlarla ünsiyyətə girmək elə də çətin olmayacaq, indi daha çox güzəştə gedəcək, ətrafdakılarla daha çox mehriban olacaq. Necə ki «Fatir» surəsinin 10-cu ayəsində buyrulur: “Hər kəs izzət istəyirsə, (bilməlidir ki) bütün izzətlər Allahın yanındadır. Pak söz (lə iləhə illəllah) Allaha doğru yüksəlir və saleh əməl (isə) onu (daha da) yuxarı aparır”.
Mubarək hədislərimizdə də buyrulmuşdur ki, hər kim Rəbbi ilə öz arasını düzəltsə, Rəbbi də insanlarla onun arasını düzəldər.
Rəbb ilə ünsiyyət mənəviyyatın yüksəlməsi, qəlbin aramlıq tapması, yaradılışın həqiqətini anmaq, insanın bütün varlığı ilə Allaha yönəlməsi, daha nələr, nələr deməkdir. Bu ünsiyyət üçün də Allah Təala vasitələr qərar vermişdir ki, hər gün vacib namazlar, dualar, münacatlar və növbənöv ibadətlər hamısı bu qəbildəndir.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий