вторник, ноября 11, 2008

“Hollywood”dan “Hərbiwood”a keçid

Hərbi hissədən yeni xəbər var. Onsuz da gündə də olmasa, hər iki gündə bir hərbi hissədən gələn xəbərləri mətbuatdan oxuyuruq. Bir yandan atəşkəs pozulur, bir yandan da özləri özlərini çəkib camaata göstərirlər.

Bu yaxınlarda bir videoçarx yenə bütün ölkəni yerindən oynadıb. Yenə köhnə - əsgər təzə əsgər söhbətidir. Mən bu mövzuda danışmaqdan yoruldum, bunlar “dedovşina” oyunun oynamaqdan yorulmadı ki, yorulmadılar. A kişi, heç olmasa bir dəfə də döyüş hazırlığını çək, ya da kişisənsə, keç düşmən tərəfə, Şuşamızı, Laçınımızı çək gətir, yay onu ölkədə. Bəlkə sənə orden-zad verdilər.

Bir tərəfdən də fikirləşirəm ki, bəlkə, əsgərlərimizə hərbi hissədə silah tutmaq əvəzinə bədii incəsənətlə məşğul olmağı öyrədirlər. Məsələn “kalaşnikov”u skripka kimi necə istifadə etməyi, qranatlardan “jonqlyor”luq etməyi öyrədirlər, tanklarla «formula-1» yarışmağın təlimini keçirirlər. Video operatorluq da bədii incəsənətin bir növüdür də. Bu yazıq əsgərlərə (bəlkə də belə deməklə, o ”dedovşina” oynayan əsgərlərə “kompliment” etmiş olaram) deyilir ki, al oxu bu ssenarini, sonra keç kamera qarşısına. Onlar da hərbi qulluqdadılar da. Zabitlərin dediklərin o dəqiqə yerinə yetirirlər. Demək istədiyim odur ki, bu yazıq əsgərlər (bu ikinci kompliment oldu) sadəcə aktiyordu. Əsl rejissorlar kamera arxasındadı. Çünki, doğrudan da kinolarda əsas səbəbkarlar kamera arxasında olurlar. Bizim gördüklərimiz isə sadəcə aktiyorlar olur.

Deyilənə görə əvvəlki videoçarx “qəhramanını” tutublar. İndi bilmirəm, avtoqraf alıb buraxıblar, yoxsa Oskar mükafatı veriblər. O barədə məlumatım yoxdu. Yəni bilmirəm ona nə qədər “qrant” veriblər.

Elə bunu fikirləşirdim ki, birdən yeni bir xəbər gəldi. Hərbi hissədə kameralı telefonların istifadəsi qadağan edilib. Məsələnin azərbaycansayağı həlli. Əhsən, deməli bizimkilər videoçarxların yaranma səbəbini telefonların üzərinə atırlar. Necə də ədalətli hökmdür!

İndi belə çıxır ki, bir əsgər silahla quş vursa, orduda silah istifadəsi qadağan ediləçək?

Yaxşı birdən, Allah eləməsin, orduda kimsə yeməkdən ölsün. Birdə gördün orduda yemək yeməyi də qadağan etdilər.

İndi ortaya bir sual çıxır. Görəsən bu ssenariləri və videoçarxları kim maliyyələşdirir. Ümümiyyətlə bu “Hərbiwood”un yiyəsi kimdi. Ordumuz Şuşanı alma planını hazırlamaq əvəzinə oturub “dedovşına” ssenariləri yazırlar.

Mən də bu yaxınlarda vətənə borcumu verməyə gedəcəm. Yəni gedəcəm ki, bir filim də mən çəkim. İndi bilmirəm özümlə nə aparım. Yüksək “pikselli” telefon, yoxsa…

Video kameralı telefon orada qadağan edilib, gərək düz-əməlli bir kamera aparım. Onu ki, qadağan etməyiblər. Qadağan edilən kameralı telefondur. Kamera ki, deyil. Gedən kimi kameramı çıxarıb bir teleserial çəkəcəm. Bu səfə aktiyor əsgərlər yox, kamera arxasında olanlar olacaq.

Əvvəldə dediyim kimi, hərbi hissədən gələn ikinci tip xəbər atəşkəsin pozulması barəsində olur. Hər dəfə atəşkəs pozulanda bizimkilər cavab atəşi ilə düşməni susdururlar. Hansı cavab atəşı ilə?

Əlindən kamera düşməyən əsgər nə vaxt atəş açmağı öyrəndi ki, düşməni susdursun da?!

Yəqin düşmən atəş açır, biz də cavab videoçarxı çəkib göndəririk onlara. Bununla da cavab vermiş oluruq.

Ortaya bir problem çıxır. İndi analar öz oğlanlarını hərbi hissədən yayındırmaq üçün hər şey edəcəklər. Deyəsən səhv dedim. İndi analar oğlanlarını “Hərbiwood”-a getməkdən yayındıracaqlar. Haqlıdılar da. Oğul böyüdüblər ki, “aktiyor” olsun?!

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: