понедельник, ноября 10, 2008

İmam Cəfər Sadiq (ə) şəhadəti

İlk həzin başlıqda əziz imamımız Cəfər Sadiq (ə) haqqında yazarkən nədən, necə başlayacağımı bilmədim. Lakin Mərhum Əllamə Kuleynin «Üsuli-Kafi adlı» kitabının birinci cildində bir rəvayət diqqətimi çəkdi. Kitabda Abdullah bin Sinan rəvayət edir: «İmam Sadiqə (ə) dəstəmaz və namazla əlaqədar olaraq müxtəlif vəsvəsələrə düçar olmuş bir adamdan söz açdım, sonra da bunu söylədim: "O, ağıllı bir adamdır". İmam Sadiq (ə) buyurdu: "Şeytana uyan bir adam necə ağıllı ola bilər?" Dedim: "Necə yəni şeytana uyur?" Buyurdu: "Onun özündən soruş ki, sənin içindəki bu vəsvəsə kimdəndir? Mütləq:" Şeytan işidir" deyə sənə cavab verəcəkdir"».

Digər bir hədisdə Həzrət Cəfər Sadiq (ə) belə buyurur: "İnsanların ağıl baxımından ən kamili, əxlaqı ən gözəl olandır".

Hər bir dövrdə dini qoruyub saxlamaq üçün məsumlarımız olmazın məşəqqətlə də olsa, bunu həyata keçirmişlər. İmam Hüseyn (ə) qiyamı ilə, İmam Həsən (ə) sülhü ilə, İmam Səccad (ə) duaları ilə, İmam Sadiq (ə) məhz öz elmi ilə dini qoruyub, saxlamışlar. İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə belə tövsiyə olunur: "Elm öyrənən, lazımi qaydada hərəkət edən və onu Allah üçün başqalarına öyrədən, göylərdəki mələklər aləmində böyük bir şəxs kimi xatırlanır və deyilir ki: "Bu adam Allah üçün elm öyrəndi. Allah üçün elmin icab etdiyi ilə əməl etdi və Allah üçün onu başqalarına öyrətdi".

Qurai-Kərimdə isə («Fatir» surəsi, 28) buyrulur: "Allahdan, Öz bəndələri içərisində, ancaq alimlər qorxar".

İmam Sadiq (ə) bu ayəyə əsasən belə buyurmuşdur: "Bu ayədə keçən alimlərlə, özünə məxsus əməlləri ilə, sözlərini təsdiqləyən kəslər nəzərdə tutulur. Yoxsa ki, əməlləri sözlərini təsdiqləməyən kəslər, alim ola bilməzlər".

O, Həzrətin (ə) dünyadan köçməsi haqqında rəvayətlərdə belə bildirilir. Hicrətin 148-ci ilində, bəzi rəvayətlərdə rəcəbin 15-də, bəzilərində isə şəvvalın 15-də dünyadan köçməsi bildirilir. Xəlifə lənətlik Mənsur Dəvənaqi zəhərlənmiş üzümü Həzrət İmam Sadiqə (ə) vermişdi, bu da İmamın (ə) şəhadətə çatmasına səbəb olmuşdur.

Həzrət (ə) 34 illik imamətlik dövrü keçirib. Altımış beş il ömür sürüb. İmamın (ə) yeddi oğlu, üç qızı olub. Onların adları: Musa ibn Cəfər (ə), İsmayıl, Abdullah Məhəmməd Dibac, İshaq, Əli, Abbas. Ümmü Fərvə, Əsma, Fatimə.

İmam Sadiq (ə) buyurur: "Qum kiçik Kufədir. Behiştin 8 qapısı var, onlardan 3-ü Qumdadır. O şəhərdə övladlarımdan bir qadın dünyadan köçəcək. Onun adı Fatimədir. O, Musa ibni Cəfərin (ə) qızıdır. Onun şəfaəti ilə bütün tərəfdarlarım behiştə daxil olacaqlar".

Allah Təala qəlblərimizə iman, əməllərimizə paklıq, elmimizi Allah yolunda sərf edənlərdən nəsib etsin. Və bizləri behiştdə Əhli-Beytin şəfaətindən məhrum etməsin. İlahi amin!

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: