Düzü bəlkə də fikirləşərsiz ki, bu mövzunun day şiti çıxdı. Bəri başdan istərdim sizi inandırım ki, belə deyil. Elə bu mövzunun müəllifinin dediyi kimi vallah bu cəmiyyətimizin yoluxduğu bir belə xəstəlikləri gördükdə insanın qəlbini lap bum götürür. Amma mənim bu mövzuda bir əks yönümlü fikirlərim var. Yəni, zənnimin verdiyi səlahiyyətlərə əsasən belə qənaətdəyəm ki, bu bumların bir yaxşı tərəfi də olur. Bu mənadan danışmaq istədiyim mövzu hər beş ildən bir guruldayan və səsi meydanlarımızdan tutmuş üzü Avropa şurasına qədər qulaqları cingildədən Seçki bumudur.
Nəhayət gözlədiyimiz bu bumun da vaxtı çatdı. Birdən fikirləşərsiz hardan xəbər tutdum. Əlbəttə, kiminsə seçkilər olacağından xəbər tutması möcüzəli məsələdir. Lakin sağlıqlarına, bu yaxınlarda axır ki, bizim də məhəlləmizə o namizədlərin şəkilləri üçün nəzərdə tutulan göy tablolardan vurdular. Bir ay qalmış bunu etdiləsə, yəgin Allah qoysa bir həftə qalmış sevimli namizədlərimizlə də tanış eliyərlər bizi. Amma vallah adamın özündən asılı deyil ee. Demişdim axı bu bumun yaxşı tərəflərindən danışmaq istəyirəm. Neynəyim, adamın heç yaxşı şeylərdən yazmağa əli gəlmir. Yaxşı, keçim əsas məsələyə.
Keçən dəfə elə bu mövzuda olan məqalə dərc edilmiş qəzet əlimdə minmişdim avtobusa. Məqalə o qədər maraqlı idi ki, heç nə baş verdiyini hiss etmirdim. Birdən yekunlaşanda, düzdü yer çətin məsələdi və şişirtmə olar, amma ayıldım ki, daha başım əvvəlki kimi avtobusun yuxarısına dəymir və adəti üzrə insanlar məni o tərəf bu tərəfə itələmirlər. Yəni canım sizə nə desin, avtobuslarımız böyüyüb. Elə sözü gedən avtobus ilə marşurutum üzrə hərəkət edirdim ki, gördüm bir yeni tikilmiş məktəbin qabağına yalan olmasın əlli nəfər toplaşıb. Sizcə niyə? Yox, hələ mitinqlər üçün tezdi. Həm də məktəbin qabağı bir az mitinqlərçin uyğun deyil (Onsuz da mitinq şövqündə olanlara bundan yaxşı yer təklif olunmur). Bu insanlar bələdiyyə işçiləri idi və təcili şəkildə məktəbin qabağına tökülüşüb yaşıl kollar əkirdilər.
Bu da yeni tikilən məktəblər. Hə, necədi? Bir az da irəliləmişdim, gördüm tikintisi yekunlaşdırılan körpünün altında da həmin bu zavallı kollardan əkirlər. Bir anlıq haşiyə çıxıb deyim niyə bunlarçun zavallı deyirəm. Adama deyərlər ay başına dönüm, öz ölkəmdə qalıb gül kimi yetişirəm də! Nədi axı mənə görə bu qədər pul ödəyib, mənçin uyğun olmayan iqlimə gətirirsən sonra da görünüş yaratmaqdan ötrü üç gün su verirsən vəssəlam. Sonra da qalır öz ümüdümə ki, nə qədər dözərəm. Pul xərcləməyə yeriniz yoxdur. Yazıq kollar da düşünür ki, day buradakı əhali ərəb şeyxləri kimi firavanlıqda yaşayır. Yox canım, dərdimiz nə idi axı?!
Nə isə, qayıdım ancaq yaxşılara. Nəhayət, düzdü, düşəcəyim dayanacaq çatmasa da, düşməli oldum. Bu da ona görə idi ki, qabaqda yeni su kəməri çəkirlər və təbiidir ki, bizim durbalar Avropa standardlarına cavab verməlidir. Buna görə də incəliklə işlənməli, yəni aşağısı buna bir-iki il vaxt sərf olunmalıdır. Bu vaxt ərzində də eybi yox, yollar iflic olmur, lap paraliç olsun.
Həm də avtobusun bir az aralı saxlaması mənim üçün xeyirli oldu. Deyim niyə. Xoşbəxtlikdən avtobus bir reklam lövhəsinin qarşısında saxladı. Avtobusdan düşüb bu lövhəyə baxanda qəlbim sevincdən elə bum elədi ki, axşamadək özümə gələ bimədim. Nəhayət türk telekanallarından Ramazan ayı boyunca görməyə adət etdiyimiz toblolardan bizdə də rast gəlindi. Bu tabloda müsəlman xalqımıza müqəddəs ay münasibətilə bir təbrik çatdırılırdı.
Göründüyü kimi bütün hər növ çətinliklərə baxmayaraq hər dəfə bu seçkilər yaxınlaşanda bütün quru unlara çörək bişirmək üçün su tökülür və üstəlik onu bişirmək üçün qaz da verilir. Yoxsa belə bir bum olmasa, yayda qaz olacaq, amma qızdırmağa su yox, qışda su olacaq, qızdırmağa qaz yox. Bir il nə qədər ki, bumdur kef elə ey millətim. Böyük avtobuslarda, yeni təmirdən çıxan metrolarda gəzəcəksən. Amma bir az ehtiyatlı olun. Yoxsa metroların bərpa proqramı bumu çərçivəsində aparılan təmirlər zamanı xalqımız tam da əziyyət çəkməsin deyə metrolar tamam qapadılmayıb. Bundan məmnun olan xalqımızın nümayəndələrindən bir neçəsi bu tikililərin altından keçəndə təmirin bəzi məmulatları başlarında bum elədi.
Eybi yox, tikintilər qurban tələb edir. Təki millətimiz “firavan” yaşasın. İrəli, xalqım mənim...
«Dəyərlər»
Комментариев нет:
Отправить комментарий