Artıq Mübarək Ramazan ayını geridə qoymuşuq və inanırıq ki, bu mübarək ayda edilən ibadətlər və dualar Allah dərgahında dərəcəyi-qəbula çatmışdır. Ancaq mübarək Ramazan ayından sonrakı günlərimizdə bu ayda əldə etdiyimiz mənəvi bəhrələrdən faydalanma ən mühüm məsələlərdəndir. Xüsusilə bu ayın insan tərbiyəsinə verdiyi önəm il ərzində tərbiyə mövzusuna diqqətimizi davamlı etməlidir.
Tərbiyə günümüzün ən ciddi məsələlərindən biridir. İnsanları zaman-zaman düşündərən tərbiyə mövzularından biri də övlad tərbiyəsi məsələsidir. Görəsən övladlarımıza düzgün tərbiyə verməyi nə vaxtdan başlamalıyıq? Nə etməliyik ki, övladlarımızın tərbiyəsi fitrətlərinə uyğun Allaha tərəfə hərəkətdə tərbiyələnsinlər.
Tərbiyə dedikdə ilk oncə övladla valideyn münasibətləri yada düşür. Övlad - Allahın insanlara əta etdiyi ən böyük nemət və həsənədir. Hədisdə buyurulur: "Övlad cənnət güllərinə layiq güllərdəndir". Onlarsız həyat soyuq və darıxdırıcı, onlarla isə şirin və məsuliyyətlidir. Belə ki, bu behişt gülləri ancaq düzgün tərbiyə olunarsa, xoş ətirli olar.
İslam buyurur ki, övlad arzusunda olun, çünki o, insan səadətinə səbəb olur. Uşağın tərbiyəsi təməli qoyulan gündən başlanır. Hamilə olan ananın hər günü və hər ayı üçün xüsusi dualar və Quran ayələrini tilavət etmək məsləhət görülür və körpə hələ dünyaya gəlməmişdən qabaq ilahi kəlamlar ilə yoğrulur və Allah sözü ilə inkişaf etməyə başlayır. Təməli «bismillah»la qoyulan bu körpə doqquz ayın doqquzunda da hər bir aya məxsus ayələr eşidir, anasının qıldığı gecə namazlarının, cümə qüsullarının şahidi olur.
Elə ki, dünyaya qədəm qoydu, azan və iqamə ilə həyatdakı yaşayışına addım atır. Yeddi günlüyündə əqiqə qurbanlığı kəsilərək, salamatlığına və xəstəlikərdən uzaq olmasına zəmanət verilir. Saçı kəsilərək onun ağırlığında qızıl və ya gümüş zəkat verilir.
Müsəlman olmayan bir kəs deyə bilər ki, axı bunların tərbiyəyə nə dəxli var? Bəli, əslində çox dəxli var. Belə ki, xəmiri bismillah və Quran kəlamları ilə yoğrulan körpə ömrü boyu Allahı inkar edə bilərmi? Dünyaya qədəm qoyduğu gündən Allahın, Peyğəmbərin (s), İmamların (ə) adını eşidən bir məsum körpə tam harmoınik bir vəziyyətdə tərbiyə almış olur. Bəs bu tərbiyə deyil, bəs nədir?
Dil açmağa başlayan körpəyə Allahu-Əkbər öyrətmək bir daha onun yaradanının Tək Allah olduğunu yada salmaqdır. Həyatının ilk yeddi ilini şah təki münasibət bəslənilən bu körpədə şəxsiyyət və özünü tanıma formalaşır. Sonrakı yeddi ildə ciddi nəzarət altında tərbiyə olunan uşaqda məsuliyyət və cavabdehlik hissi formalaşır. Ondan sonrakı yeddi ildə isə artıq yetkinlik çağına qədəm qoyan bu uşaq məsuliyyətli bir şəxsiyyət kimi ailədə məsləhətçiyə, söz sahibinə çevrilir. Onun bu dövrü dini baxışlarının möhkəmlənməsini tələb edir. Çünki o, axtarışdadır. Hələ dünyaya gəlməmişdən zatının, fitrətinin yoğrulduğu o həqiqətin axtarışındadır. O həqiqətin axtarışındadır ki, hələ ana bətnində doqquz ayın hər günü onun adını və kəlamlarını dinləyirdi. O həqiqətin ki, dünyaya göz açdığı gündən onun adını eşidərək, həyata qədəm qoymuşdur. Bəli bu həqiqət həmin İlahi qüvvə olan Allahdır!
Məşhədi Xanım, «Dəyərlər»
пятница, октября 31, 2008
Tərbiyədə Allah xatırlaması
Ярлыки:
Məşhədi Xanım
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий